Adına dəniz olan yeganə azərbaycanlı

Adına dəniz olan yeganə azərbaycanlı
14 noyabr 2013
# 13:24

Bu gün onun ad günüdür.

Onun adına Ayda dəniz var. O, Sovet İttifaqı Qəhrəmanı idi, iki dəfə «Lenin» , «Qırmızı Əmək Bayrağı», «Qırmızı Ulduz» ordenlərinə layiq görülmüşdü. SSRİ-nin bu qədər ali mükafatlarını alan yeganə azərbaycanlıydı. Yadımdadı, Baykonurdan göyə uçacaq kosmik raketlərin kosmonavtları ona məruzə edirdilər, hərbi salam verib göy üzünə qalxırdılar. Onda biz fəxarətlə deyirdik, baxın, azərbaycanlıdır. Hə, bu adam Kərim Kərimov idi... Kərim Abbasəli oğlu Kərimov…

1917-ci il, noyabrın 14-də Bakıda anadan olmuşdu. Atası Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdı. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdı.

Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlayır, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur, özü bir neçə radioqəbuledici düzəldir, bu istiqamətdə olan yeniliklərlə dərindən maraqlanır. 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu alır. Artıq müharibə gedirdi. Radio-mühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat vermişdilər. Bir maraqlı fakt: biliyi yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın V kursuna daxil olmuşdu, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa vurmuşdu.

1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olur. 1946-cı ildən başlayaraq o, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparır. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən "Don" radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunur. Bu nailiyyətinə görə Kərim Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülür. Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmur. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunur.

K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olur. O, bu məsul vəzifədə 25 il çalışır. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılır. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, sonradan isə çoxmodullu "Mir" stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaradır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsmir, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi kimi çalışır.

Tanınmış hərbi xadim, böyük alim və mütəxəssis Kərim Kərimov 2003-cü il martın 29-da ömrünün 86-cı ilində Moskva şəhərində vəfat edib. 10 il əvvəl. Amma… Amma o dəniz durur... Və duracaq. Kərim Kərimov dənizi…

# 5974 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #