Küçədə qışqıraraq doğan qadın və...

Küçədə qışqıraraq doğan qadın və...
14 noyabr 2013
# 10:53

Son vaxtlar Rusiyada miqrantlarla bağlı baş verənlər hamınıza məlumdur. Bu silsilə xəbərlər içərisində, sizi inandırım, məni ölüm və amansız qətllərdən də çox təsirləndirən aşağıdakı hadisə oldu. Deməli, az qala xəritənin sağ küncündən və yaddaşımızdan çıxmaq üzrə olan up-uzaq Vladivastokda, səhər saatlarında, 1 nömrəli doğum evinin qarşısındakı küçədə hamilə bir qadın qışqıra-qışqıra sürünürmüş. O, miqrant olduğuna görə xəstəxanaya qəbul etmirlərmiş. Hadisənin şahidi olanların qadına yazığı gəlib və təcili yardıma zəng ediblər. Tibbi yardımla bahəm polis də hadisəyə müdaxilə edib və qadını xəstəxanaya qəbul edib doğumunu təşkil etmək məcburiyyətində qalıblar.

Doğum evinin baş həkimi hadisə ilə bağlı utanmaz-utanmaz qadının heç bir sənədinin və pul-parasının olmamağını bəhanə gətirib. Ardınca isə deyib: “Qanunlara görə, pulsuz xidmət yalnız xəstənin həyati təhlükəsi olanda göstərilir. Planlaşdırılmış doğuşlar bura aid deyil!".

Planlaşdırılmış doğuş eee…

Həmişə bu cür hadisələrlə qarşılaşanda düşünürəm ki, əcəba doğrudanmı insanlıq ölüb? Doğrudanmı mən özüm də həkim olsam, “qanunlar yol vermir” – deyə bu vəziyyətdə olan əlacsız bir qadına kömək etmərəm? Bəs bu Hippokrat andı deyilən şey nəmənəymiş o zaman?

Qanunlar bəzən çox şeyə yol vermir…

Ümumiyyətlə, insanlıq halı heç vaxt qanunlarda tam təsbit oluna bilməz. Çünki türlü-türlü, rəngli-rəngli, fərqli-fərqlidir…

Elə uzun-uzun oxuduğumuz dünya şedevrləri məhz qanunun tənzimləmədiyi, yaxud qanun keşikçilərinin laqeyd qaldığı belə tale yüklü hadisələrdə insanca davranmaq üçün deyilmi?

Bir dəfə yüksək dövlət instansiyalarının birində böyük bir tədbir üçün ezam olunmuşdum. Xaricdən çoxlu qonaqlar vardı. Və qonaqları xüsusi maşınlar gəzdirirdilər. İçərişəhərdə keçirilən banketdə necə oldusa yaşlı və ağayana bir sürücü də öz qonağı ilə birlikdə yemək stoluna keçdi. O, nəsə səhv anlamışdı… Sürücülərin də dəvət olunduğunu düşünmüşdü. Banketdə qonaqların yerləşdirilməsinə nəzarət edən məmur həmkarım qəflətən mənimlə üzbəüz oturmuş həmin kişiyə yaxınlaşdı və ağzına yemək aparmaqda olan biləyindən yapışıb qaş-qabaqla dedi:

- Xahiş edirəm, qalxın, buranı tərk edin, bura sürücülər üçün nəzərdə tutulmayıb!

Sürücü naəlac sifətimə baxdı… İnanın, məhv oldu! Mən utandığımdan gözlərimi ondan yayındırmağa çalışdım, hətta istədim stolun altına sivişəm.

Adam qürurlu birisi idi.

Dedi, oğlum, səhvən oturmuşam, adamlar baxır, məni biabır eləmə, mən bir qarın yeməyin zəlili deyiləm, istəsəz, yediklərimin pulunu da ödəyə bilərəm.

Məmur dirəşmişdi: “Xeyr, qalxmalısan!”

Bir sözlə, biabırçılıq!

Kənardan baxanlar elə bil heç nə görmürdülər. Yeməklərini daha iştahla yeyirdilər. Mən ayağa qalxdım, həmkarıma dedim ki, ac deyiləm, əgər bir nəfərin yeri çatmırsa mənim yerimdə əyləşə bilər…

Xülasə…

Kişini restorandan çıxarası oldular. Mən də çıxdım. Dayana bilmədim. Çöldə bütün imkanlardan istifadə edib ona təsəlli verməyə çalışsam da alınmadı.

Adam ən yaxınını itirsə belə, bu cür sarsılmazdı!

Bəli məmur haqlı idi.

Sürücülər ora buraxılmırdı.

Ancaq bu iradı kimsənin duymayacağı şəkildə o ağsaqqal sürücünün qulağına deyib, asanlıqla yerindən qaldırmaq olardı.

Məmur həmkarım düşünüb, bu variantı tapmağa borclu idi!

İnsanlıq üçün…

Tanrı üçün…

# 5787 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #