Evində rumka olmayan Murad Köhnəqala

Evində rumka olmayan Murad Köhnəqala
24 iyul 2019
# 13:49

Bir-neçə anın rəsmi

Hamımız, yəni əlüstü yığılan bir neçə dost Murad Köhnəqalanın kirayə qaldığı evə yığışmışıq. Bu ev elə doğma, elə əzizdir ki, heç kirayə evə oxşamır. Hamının üzündə təbəssüm, gözlərində sevgi var. Həyat elə gözəldir ki...

Muradın üç yaşlı oğlu Amur oyuncaqlarından ev qurur, sonra oyuncaq maşını ilə onu dağıdır, öz uşaq dünyasında bundan xüsusi bir həzz alır, qəşş eləyib gülür. O, güldükcə, Muradın və Şəlalənin üzündəki təbəssüm daha da böyüyüb ətrafa yayılır.

Məncə, prezident İlham Əliyev Murad Köhnəqalaya təkcə ev verməyib. O evin içində qucaq-qucaq təbəssüm, sevinc, xoşbəxtlik, diqqət və qayğı da göndərib. Bu, həm də bir yazıçının özünəgüvən hissinin bərpasıdır.

Qonaqların gəlhagəl vaxtıdır, kim təbrik üçün zəng edirsə, Murad deyir, dur gəl. Evdə ayaq basmağa yer yoxdur.

Amur özü üçün ev tikir, sonra da vurub dağıdır və qəşş eləyib gülür.

Mən də təbrik üçün zəng eləmişdim. Bir də baxdım, Muradgildəyəm. Qapıda qarşıladı Murad məni. Oğul evləndirən atalar kimi sevincək idi.

Məclis qızışdıqca qızışırdı. Kəramət Böyükçöl həmişəki kimi heç kimə danışmağa imkan vermirdi. Axırda Murad əsəbiləşib qalxdı ayağa ki, ayə, Kəramət, evi sənə verməyiblər e, mənə veriblər, qoy mən danışım.

Qonaqlar arasında Rəşad adlı bir işıqlı dostumuz da var idi. Dediyinə görə, ədəbiyyata həm uzaq, həm də yaxın adamdır. Evində böyük bir kitabxanası var, təkcə kitab rəfinə 8 min manat xərcləyib, 280 roman oxuyub. Bircə çatışmazlığı var, elə bilir, Kəramət böyük yazıçıdır.

Hələ məclis təzə başlamışdı, hər şey gözəl, stolda naz-nemət, qəfil məlum oldu ki, Muradın evində rumka yoxdur. Bəli, Murad Köhnəqalanın evində rumka yox idi. Hamı bir-birinin üzünə baxıb susurdu. Murad ayağa qalxdı ki, gedib alsın, Kəramət məsələyə qarışdı. Mən elə bildim ki, cibindən səkkiz dənə rumka çıxardıb stola düzəcək. Amma yox, o mağazaya getmək istədi, Murad qoymadı. Rumka gələn kimi bütün üzlərdə təbəssüm bərpa olundu.

Hər kəs bir-bir sevincini bölüşür, ürək sözlərini deyirdi. Söz şairin həyat yoldaşı Şəlaləyə çatanda qayıtdı ki, ev almaq bizim üçün çox önəmli məsələdir, amma mən Muradın sevinməyinə hər şeydən çox sevinirəm.

Hərdən Amura fikir verirdim, bu dəfə evi tikdi, amma vurub dağıtmadı, kənara çəkilib mürgülədi.

# 3146 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #