Yazmaq üçün bədbəxt olmaq lazımdır

 Yazmaq üçün bədbəxt olmaq lazımdır
2 aprel 2019
# 13:03

Bu fikir mənim beynimə qəfildən, heç əlaqəsi omadan, lap vəhy sayağı, ani qərar kimi gəldi; xoşbəxtlik yazmağa, ən azından yaxşı yazmağa mane olur. Başa düşürəm, mübahisəlidi, sakit olun, imkan verin, cavab haqqı tanıyın, izah eləyirəm.

Bax bütün dünya və bütün dövrlər ədəbiyyatında barmaqla sayılacaq qədər bəxti gətirən, həyatı dörd-dördlük olan yazıçı var, əksəriyyətinin həyatı ağır, güzəranı pis, səhhəti bərbad, ömrü zülm olub, eləmi? Zindanda çürüyən, adada güllənənən, daş-qalaq edilən, qəbri dağıdılan...saydıqca bitməz. Belə olan surətdə heç düşündünüzmü, əcəba, tanrı bu boyda istedad verdiyi adamlardan bir tikə xoşbəxtliyi, bir parça çörəyi, bir çimdik azadlığı, bir qırıq sağlamlığı niyə əsirgəyib?

Heç kəs öz süzgəcindən keçirmədiyi həqiqəti yaşadıqları qədər dolğun ifadə edə bilməz. Tolstoy bütün varidatına rəğmən tənha və mənəvi ehtiyac hiss edən biri olmasaydı, Tolstoy olmazdı. O ruh hallarını özü yaşamasaydı, Dosteyevski “Cinayət və Cəza”nı yaza bilməzdi.

Elə bu üzdən də yazılan ən gözəl sevgi romanları avtobioqrafik, yaradılan ən mükəmməl obrazlar prototiplərdi.

Uzağa getməyək, öz ədəbiyyatımızın ən nikbin şairini - Molla Pənah Vaqifi götürək, Vidadi ilə deyişməsində “toy-bayramdır bu dünyanın əzabı” deyib ustadını bədbinlikdə suçlayan şair zindanda ikən həm öz yaradıcılığının, həm də bütövlükdə ictimai lirikamızın şah əsərlərini-“Görmədim” müxəmməsi ilə “Bax” qəzəlini yazdı.

Təsəvvür edin, Füzulinin o doqquz axçaya o boyda ehtiyacı olmasaydı, ədəbiyyatımız “Şikayətnamə” kimi şedevrdən məhrum qalacaqdı. Bəlkə o doqquz axça o an şairə “Şikayətnamə”nin sonralar gətirəcəyi şöhrətdən daha vacib idi, təəssüf ki, bu, tarixin, necə deyərlər, heç vecinə də deyil. Ədəbi hadisələr, əslində elə bütün hadisələr daha çox gələcəyə hesablanır, odur ki, hanısısa əbədi ədəbiyyatın sahibinin öz dövründə qəhr olması hardasa başadüşüləndi. Bır az insafsız həqiqətdi, amma neyləmək olar, insafsızlıq həqiqətin qanındadı və bu artıq “alayı söhbətin” mövzusudu.

Axı oxucuların əksəriyyəti də məhz həyatında nəsə çatmayan və o “nəsə”ni ədəbiyyatda axtaran adamlardı, bu baxımdan, yazanlarla oxuyanlar arasındakı balans pozula bilməz. Acın toxdan xəbəri olmadığı kimi xoşbəxt bir müəllif bədbəxt bir oxucunu ovundura bilməz.

Misallar yüzlərlədi, əlimizi atıb, istənilən birini götürsək, söhbəti qapatmış sayılarıq, məsələn, elə Nitşenin bu aforizmi: “Yaxşı olduğun üçün insanlardan özünə qarşı ədalət gözləmək vegetirian oduğun üçün öküzün sənə hücum etməməsini gözləmək kimi bir şeydi”. Bu bir cümlənin fonunda hansı acı həyatın, hansı mübarizənin, xəyal qırıqlığının dayandığını, yəqin, görürsünüz. Odur ki, yazının əvvəlində qəribçiliyə saldığınız o fikri təzədən və daha inadla təkrarlayıram: Əsl yazıçıdan yaxşı yazmaqdan öncə yaxşıca bədbəxt olmaq tələb olunur...

# 3026 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #