İbrahim Tatlısəslə dalaşan yazıçımız

İbrahim Tatlısəslə dalaşan yazıçımız
24 iyul 2018
# 17:30

Kulis.az Orxan Həsəninin “Barbarlığın təntənəsi” yazısını təqdim edir.

Söhbət keçən qışdan gedir. Müşfiq və mən İçərişəhərdə xəngəl yeməyə məkan axtarırdıq...

Hava buz kimi... Soyuq bit-birə kimi canımıza daraşıb. Mənim şərfim boynumda, papağım başımda, yəni rahat, yəni soyuğa qarşı gözü kölgəliyim yox. Yanımdakı sonuncu samuray isə üşüyür. Qollarını möhkəm sıxıb özünü qucaqlayır. Kənardan baxsan elə bilərsən, özündən ötrü ürəyi gedir. Təxminən, Bulvardakı sevgililər biri-birini bu cür qucaqlayır. Hə, demişdim axı hava soyuqdu. Tələsik bir məkan tapıb doluşuruq içəri.

Söhbətimizə burda davam edirik. Müşfiq əllərini çərpələng kimi geniş açıb nəyinsə ölçüsünü göstərir. Bax, gözləri böyüdü. Bu vəziyyətdə onu Kafkaya bənzədirəm. Ancaq üstün vurmuram. Bilirəm ki, Kafkadan zəhləsi gedir. Birdə gördün asta-asta dilinin altında mızıldanır:

“Kafkaya aid olan hər şey məndə ikrah doğurur”.

Olsun belə. Kafkanı Müşfiqin çərpələng kimi açılan qollarına bağışlamaq olar. Belə vəziyyətdə elə bilirsən, gülümsəyib deyir, ey bəşəriyyət, bax, bir yazıçı qucağı boydasan. Ancaq anlayanda ki, bu müqayisə yerinə düşmədi, o zaman içindən keçir, qucağına gözlərindən də pay versin... Və beləcə gözlərini elə açır ki, elə bil bu vəziyyətdə hər şey onun gözləri boydadır.

Həmişə gözlənilməz olan dostum birdən, İbrahim Tatlısesdən danışır. Uşaqlıq sevgilisi Beren Saat haqqında dil-dil ötür. Birdən Kortasarı qəbirdə tərs çevirir, birdən Pamukun qulağına nəsə pıçıldayır, (təbii ki, Pamuk da eynəyinin arxasından Müşfiqə göz vurur), bir də görürsən ki, Selini yoxlayıb. Evdə bir yığın kitabı var, amma birini də qıymaz. Yəqin ona görə vermir ki, öz intellektini daha rahat nümayiş etdirə bilsin. Yəqin ona görə vermir ki, ağzımı ayırıb bu söhbətlərə maraqla qulaq asmağım onun xoşuna gəlir.

“Prust üslubun Allahıdır e, Allahı”.

Yəqin ki, bu cümlə Müşfiqin pasportudur. Bu cümlə mənə deyir ki, sakitləş Orxan, Müşfiq hələ də sağdı, yazıçıdır. Onu tanıyan adamların hamısı Prustla Müşfiq arasındakı sirli yoldaşlığı bilir. Elə mən də Prustu onun sayəsində kəşf elədim və qısa zamanda ən sevdiyim yazıçıya çevrildi. Yeddi cildlik epopeyanı su kimi içib. Mənim Prustla xatirələrimin sayı Müşfiqlə söhbətlərimizin sayına bərabərdir. Hansı kafedə biri-birimizdən xəbərsiz oturmuşuqsa Müşfiqin “Prustun üslubu...” ifadəsi “Orxan, burdayam, gəl görüm nə yazırsan?” mənasına gəlib.

Həmin gün isə hər şey tamam fərqli oldu.

Müşfiq görüşün əvvəlindən sonuna qədər İbrahim Tatlısesin barbarlığından dəm vurdu. Bitmədi, çıxıb taksiyə mindik. Gec idi deyə bizə getdik. Evdə belə əlini İbonun yaxasından çəkmədi, demədiyi söz qalmadı, şagird kimi İbrahimin şəklini qabağına qoyub danladı, itin sözün dedi. Müşfiqin nəfəsi elə-belə nəfəs deyil. Durmaq bilmirdi. Gürcü xəngəlin yanında içdiyimiz əlli qram araq da beləcə zəhər oldu. Nəhayət, mənim az qala ortasından ikiyə ayrılan çarpayımda ayaq-baş yuxuya getdik. Mən giriftarın da ağzına bir damcı araq dəysə yuxum qaçır. Bütün gecə evin ortasında yuxu gəzirəm. Yatmaq üçün ölkənin bütün qoyunlarını sayıb qurtarıram, görsəm ki, bəs eləmədi, Yeni Zellandiyadan qoyun idxal edirəm. Heç olmasa bir saat. Beləcə gecənin bir tövründə oyandım. Müşfiq sayıqlayırdı. Dilindən bircə cümlə tuta bildim:

“Deyirəm, o barbardı da, barbardı”.

Bir siqaret yandırıb Müşfiqin İbrahim haqqında dediklərini düşündüm. İbrahim adı məni “Barbar” ifadəsinə gətirdi. Bu “Barbar” ifadəsinin ətəyindən yapışa-yapışa düz gəlib Müşfiqin adına çıxdım. Kim idi axı bu oğlan? Nə işlə məşğul olurdu? Niyə kimisə asanlıqla barbar eləyə bilirdi? Hələ bu işıqlı dünya bəs eləmirdi, yuxusunda da əlini İbrahimin yaxasından çəkmirdi. İkinci siqareti yandırdım və həmin an mənə elə gəldi ki, bu “barbar” eləcə Müşfiqin özüdür. Sadəcə, insanın özü haqqında düşüncələri birbaşa hansısa hədəfə doğru (tutaq ki, İbo) istiqamətlənib. Mən əminəm ki, bu cavan oğlan bu həqiqətin fərqindədir və mən əminəm ki, onun həssas və qüssəylə dolu qəlbi bu barbarlığı asanlıqla seçib, ortaya qoyub, ancaq həzm edə bilməyib və həzm edə bilmədiyindən indi gecənin bu tövründə əlimi qulaqlarıma tutub özümü “Barbar” sözündən qorumağa çalışıram. Öz içində bu nəhənglikdə həqiqətin fərqində olub, ondan xilas ola bilməmək, bir az da özünə kənardan baxmağa və ya özünü başqa bədənlərə, adlara köçürməyə səbəb olur. Yəni, əziz dostlar, əslində Müşfiq Şükürlü İbrahim Tatlısesin simasında öz içindəki barbarı lənətləməkdən başqa heç nə etmirdi. Yoxsa, bu boyda həngaməyə nə ad vermək olar ? Heç nə.

Müşfiq içindəki barbarla çox xoşbəxtdir. Ancaq yalnız məişət səviyyəsində. Bu şəraitdə heç nə qorxulu deyil. Sənət və ədəbiyyat isə tamam başqa ampuladır. Bu ampulada həmin barbar Müşfiqi sıxma boğmaya salır, onun üstünə məişət qılıncıyla gəlir, yazıdan, ədəbiyyatdan küsdürür, ümidini əlindən alır və bir dəfəlik hamıya çevirib yox etməyə çalışır. Yəni deyirəm ki, bu barbar Müşfiqi bütöv istəyir. Ona özündən bircə metr də qalsın istəmir. Bunun üçün ilk öncə yazı mətbəxinə hücum edir. Barbar sənətə də, ədəbiyyata da düşməndir. Heç bir dəyər tanımır. Onun yeganə missiyası pul qazanmaqdır, xəngəl yeməkdir, ya da həftədə bir dəfə yaxşıca içməkdir.

Mən indi anlayıram ki, əslində həmin gecə Müşfiqin sayıqlamaları öz içindəki barbarla mübarizəsiymiş. Ona üstün gəlmək cəhdləri alt şüurunda bu cürə ifadə olunubmuş. Onu çəkib canından çıxara bilmirmiş və ona uduzduqca Müşfiq də yavaş-yavaş yox olurmuş.

İndi o yazmır. Əvvəlki yazılarını şəxsən mən yüksək qiymətləndirirəm. İndiysə ortada köhnə yazılarından başqa heç nə yoxdur. Bir ilə, iki ilə, lap beş ilə Müşfiq silinib gedəcək.

Ondan özündən heç bir iz qalmayacaq. İşığı sönəcək. Yaxşı ata, əmi, dayı, yeznə, hətta çalışsa, mübarizə aparsa kirvə də olacaq, amma heç vaxt yazıçı olmayacaq. “Axı niyə olsun? Məcburdu?” - deməyinizi hiss edirəm. Amma onu tanıyan biri olaraq demək istəyirəm ki, bu sonuncu samurayın ədəbiyyatsız keçən bir günü özünə xəyanətdir. Barbarlığın təntənəsidir.

İndi nə zaman Müşfiqlə görüşsəm gözləyirəm ki, qollarını çərpələng kimi açıb səsinin ən zil yeriylə desin:

- Orxan, Prust üslubun Allahıdır e, Allahı.

Və mən bilim ki, ədəbiyyatımızın sonuncu samurayı hələ sağdı. Müşfiq hələ yazıçıdı.

# 332 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #