Leninin Zeynəb Xanlarovanı öpməsi

Leninin Zeynəb Xanlarovanı öpməsi
28 yanvar 2014
# 12:45

Ağır bir ay keçirdik.

İntiharlar, qəzalar, müharibə bölgəsindəki gərginlik, yeni şəhidlər, yanğınlar, siyasi çəkişmələr və s.

Üstəlik, Məhəbbət Kazımov da rəhmətə getdi. Laçınlılar, qarabağlılar çox sevirdi onu. Mənimlə də tanış idi. Hətta bir dəfə Türkiyəyə dəvət almışdım, pul-para dərdindən gedə bilmirdim. O arada Məhəbbətlə görüşdüm, hal-əhvaldan sonra işimlə-gücümlə maraqlandı. Mən də, eləmə tənbəllik, olanı dedim. Mənə xeyli maddi yardım göstərdi, səfərdən qalma dedi...

Maraqlı adam idi.

Allah rəhmət eləsin.

Sınamısınızsa, həmişə gərginliklər olanda insan gülüşə meyllənir. Əslində bu, təbii özünümüdafiə instinktidir. Şəxsən mən ilin-günün bu vaxtı kriminal verilişlər baxan, Elgizin, Xoşqədəmin talesiz qəhrəmanlarına qoşulub ağlaşan adamları başa düşmürəm. Dərd-sərləri yoxdu bunların? Üstəlik bir də efirdən yükləyirlər özlərini? Maqazin və əyləncəli verilişləri başa düşdük, bəs bu nədir? Rəfail və Coşqun qazandığı bütün uğurlara görə insanların ağır həyatına minnətdar olsun!

Mən də, çoxu kimi bax bu bədbin əhvalla yaşadım yanvar ayını. Elə buna görə, imkan tapan kimi özümü verdim əyləncələrə.

Məsələn, bu yaxınlarda on il əvvəlin uşaqlarının “Ovçu Pirim – Gopçu Pirim” kimi tanıdığı aktyor Allahverdi Yolçuyevlə bir məclisdə oldum. Ora təsadüfən tkinti sahəsində yüksək vəzifələrdə işləmiş bir nəfər də dəvətli idi. Yeyib-içməyin ən şirin yerində məlum oldu ki, bu adam maddi cəhətdən həmişə babat olduğuna görə tanınmış sənət adamları ilə dostluq-yoldaşlıq edib. Və çoxlu xatirələri var. Di gəl əksəriyyəti yazılıb adam içinə çıxarılası deyil.

Adam necə tanıyır sənət cameəsini?! Heyrətlənməmək mümkün deyil.

Bu xatirələrin içində ən kreativi Qorxmaz Əlili ilə bağlıdır. Yadınızdadır, Qorxmaz Əlili həmişə daş atıb başını tuturdu ki, Azərbaycanın ilk şomeni mənəm. Lakin heç kim ciddiyə almırdı onu. Demə, yazıq, doğru deyirmiş. Görün 1990-cı ildə cəbri-cəfası bir əsrə bab gələn vaxtda Teleteatrda necə bir layihə həyata keçirib: “Oxşarlar şousu”!

Adından göründüyü kimi, bura məşhur şəsxsiyyətlərə oxşayan sadə adamlar dəvət olunubmuş. Özü də təkcə Azərbaycandan deyil, bütün ittifaqdan. Şouda yevlaxlı Stalin, leninqradlı Lenin, naxçıvanlı Fidel Kastro, moskvalı Hitler və başqaları iştirak edib. Azərbaycandan Zeynəb Xanlarova da varmış içlərində. Bizim qəhrəman isə İbrahim Tatlısəs imiş. Hətta bunun üçün məxsusi bığ da saxlayıb. Adamlar oxşarları kimi geyinir, qrimlənir, onlar kimi rəftar edirmişlər. Hətta içib sərxoş olanda da obrazdan çıxa bilmirmişlər. Qəribəsi budur ki, Hitlerlə Stalin biri-birini dindirmirmiş! Ağzı qəlyanlı Stalin arada məzələnmək istəsə də Hitlər incik-incik başını yana çevirirmiş.

Məclislərin birində Lenin içib dəmlənir və ərklə ayağa qalxaraq Zeynəb Xanlarovanı öpmək istədiyini bildirir. Ona mane olmaq istəsələr də alınmır. Zeynəb Xanlarova qəti şəkildə etiraz edərək, onu azalmaqda olan şöhrətindən sui-istifadə etməməyə çağırır. Alınmır. Axırda Hitler hövsələdən çıxıb Leninin üstünə atılır, onu əxlaqsız hərəkət etməkdə suçlayır. Lenin uzun dırnaqları ilə Hitlerin sifətini cırmaqlayır... Hitleri qan götürür...

Səhnəyə çıxanda şahanə yerişinə rəğmən sifətindəki qanı qurumuş miskin çapıq oxşarların gülüşünə səbəb olur və Hitler bütün həmkarlarından küsür...

Belə...

Postmodernist nəzəriyyədə təqlidin orijinaldan maraqlılığı deyə qəribə bir qayda var.

Əminəm ki, Qorxma Əlili də, bizim İbrahim Tatlısəs də bu barədə heç nə oxumayıblar.

Di gəl, qəhrəmanımız İbrahim olduğuna görə xeyli gözəl xanımla tanış olduğunu da söylədi.

Hətta bir xeyli də onlardan danışıb ləzzətlə şaqqanaq çəkdi.

# 7908 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #