Anasının ölümü ilə rəssam olan qız

Anasının ölümü ilə rəssam olan qız
4 noyabr 2015
# 16:41

Rəssam evin çardağına çıxdı, taxta qapını açıb içəri girdi. Günəşin şüaları dəlmə-deşikdən süzülüb çardağı güclə işıqlandırırdı. Burda ömrünün yarısını həsr edərək yaratdığı əsərlərini saxlayırdı. Cəmi bir ay sonra onun əsərləri Londonun məşhur “Mall Galleries” sərgi salonunda nümayişə çıxarılacaqdı. Bu, adi tədbir olmayacaqdı, sərgiyə yüksək səviyyəli şəxslər, tanınmış insanlar gələcəkdi. Görəsən, çəkdikləri həqiqətən sənət əsəridirmi? - deyə rəssam dərin fikrə getdi. Min dəfə baxdığı tablolara bir də baxdı. Təbiət mənzərəsi, natürmortlar, portretlər...

Yadına Amadeo Modilyaninin sözləri düşdü: “Məni maraqlandıran bir şey varsa, o da insandır. İnsan surəti təbiətin şah əsəridi. Bu, mənim üçün tükənməz bir qaynaqdır.” Bəs, mənim əsərlərimdə bu, varmı? Əlbəttə var! Mən mükəmmələm! Mənim əsərlərimi bəyənəcəklərinə heç şübhəm də yoxdur! Tabloları sığalladı və çıxdı.

...Kəndə aparan cığırla gedirdi. Yorğunluq vardı gündən yanmış üzündə, sızıldayan ayaqlarında. Uzaq bir əyalətə gəlmişdi, baş çəkməli olduğu biri vardı buralarda. 10 gün sonra həyatını dəyişdirəcək o sərgi açılacaqdı. Geri dönürdü. Birdən qulağına hıçqırıq səsləri gəldi. Kolluğa sarı boylandı. Torpağın üstündə 5-6 yaşlarında olan bir qız dizlərini qatlayaraq oturmuşdu. Başını dizlərinə söykəyib ağlayırdı. Pırtlaşıq, buruq saçları üzünü örtmüşdü. Rəssam yaxınlaşıb onun yanında çömbəldi.

- Niyə ağlayırsan?

Səsi eşidən uşaq əvvəlcə hıçqırığını kəsdi, donunun ətəyini yavaşca dartışdırıb burnuna tərəf gətirdi, burnunu sildi. Sonra asta-asta başını qaldırdı. Gözləri qıp-qırmızı olmuşdu ağlamaqdan. Tozlu əlləri üzündə qara izlər çəkmişdi. Uşaq başını yana əyib rəssama baxmağa başladı.

- Gözəl qızım, niyə ağlayırsan?

Rəssamın səsindəki məhrəmlik uşağı yenə də kövrəltdi. Qəhər boğazını göynətdi. Hıçqıra-hıçqıra dedi:

- Anam güldü.

- Nə?! Axı, başa düşmürəm, balaca.

Uşağın üzündə əzab çəkirmiş kimi bir ifadə yarandı. Sanki birdən peyda olan bu kişinin onu başa düşməməsinə təəssüf edirdi.

- Bax, anam gülür. Allah haqqı birinci dəfədir ki, o gülür.

Bunu deyib uşaq bayaqdan donunun ətəyi ilə örtdüyü dizinin üstünü açdı. Onun dizində sadə karandaşın yayılmış izləri var idi. Cızma-qara ilə uzun saçlar, nöqtə gözlər, buruna oxşayan düz xətt çəkilmişdi. Ağız yerində gülən dodağa bənzər nazik, əyri xətt vardı.

Rəssam qaşlarını çatıb diqqətlə uşağın dizinə baxırdı.

- Anan hardadır ki?

Uşaq dodaqlarını büzüb, çiynini çəkdi.

- Göydədir. Mən həmişə onun üçün darıxanda şəklini dizimə çəkirəm.

Anam həmişə ağlayır. Bu gün birinci dəfəydi ki, dodağını çəkəndə güldü.

Anam onu öldürdüyüm üçün daha mənə incik deyil. O daha gülür!!!

Uşaq bunu elə içdən dedi ki, sevincindən qəhqəhə çəkib güldü, sonra elə sevincindən bayaqkı kimi ağlamağa başladı... Rəssam ömründə belə mənzərə görmədiyinə əmin idi. Burda nə isə vardı. Bir saniyədə qərar verdi: dabanı üstə fırlanıb, kəndə qayıtdı. Hər şeyi öyrənmək istəyirdi.

... Balaca Əsli 6 bacıdan sonuncusu idi. Kənddən uzaqda, dağın dibində kasıb bir daxmada yaşayırdılar. Bir gün soyuq mart gecəsi idi. Tualetə getmək istədi. Böyük bacısı onu taxtaları çürüməkdə olan, üstü şifer parçaları ilə örtülü tualetə gətirdi. Sonra dedi ki, burda üşüyür, “işi qurtaranda” xəbər eləsin, gəlib onu yuyundursun. Böyük bacı qaçaraq evə getdi. Əsli çömbəlib oturdu. Bir qədər sonra artıq bacısını çağırmaq vaxtı idi. Sonra nə düşündüsə, özü yuyunmaq qərarına gəldi. Dəmir aftafanı güclə dartıb yaxınlaşdırdı. Lüləyini aşağı əyib, yuyundu. Ayağa duranda donunun ətəyini su içində olduğunu gördü. Fikirləşdi ki, çöldə bir az gəzsin, külək paltarını qurutsun. Yoxsa, içəri girib özü yuyunduğunu fəxrlə deyəndə, paltarının yaş olması işləri korlayardı. Özünü böyümüş kimi hiss edir, qürurdan dolub-daşırdı. Üşüyürdü. Başını qarışdırmaq üçün bir məşğuliyyət lazım idi.

Atası daxmanın həm qapısına, həm də pəncərəsinə dəmirdən çərçivəyə bənzər bir şey düzəltmişdi-hər ehtimala qarşı. Axı, dağın dibində yaşayırdılar. Çərçivənin üstündə bir tərəfi açıq qalan qıfıl vardı. Harasa gedəndə qıfılı o biri deşiyə keçirib sıxmaq kifayət idi. Aha, məşğuliyyət tapdı! Nə etdiyinin fərqinə varmayaraq, hər iki qıfılı sıxaraq bağladı. Sonra həyətin ortasında dayanıb, əllərini belinə qoyub, gülməyə başladı. Birdən evin damından çıxan qatı tüstü onun diqqətini çəkdi. Qaşlarını çatıb, diqqətlə baxdı. Sonra evdən qışqırıq səsləri eşitdi. Heyrətlə bir neçə saniyə yerindən tərpənməyib baxdı. Burnunun suyunu soyuqdan göyərmiş yanaqlarına tərəf sürtərək sildi. Tüstü bir az sonra alova çevrildi. Bu nədir!!! Ev yanırdı!!!??? Pəncərə və qapı bərk-bərk silkələnirdi. Anası pəncərənin şüşəsini sindirib, yalnız əlinin keçə bildiyi çərçivədən qışqıraraq Əslini çağırırdı.

- Qıfılı kilidləmisən??? Aççç, aççç yanırıq. Tezz ol!! Cəld ol!!!

Qapıdakı dəmir çərçivədən atasının əlləri uzanmışdı. Var gücü ilə bağırıb, Əslini səsləyirdi.

- Açarları tap, qıfılı aç. Cəld ol!!!!!!

Palçıq kərpicdən olan ev alova qərq olmaqda idi. Bacılarının, anasının tükürpədici bağırtısı Əslini dəli etmişdi. Bacıları anasının yanında pəncərəyə sarılıb imdad diləyirdi. Uşaq ağlaya-ağlaya həyətdə vurnuxur, anasının dediyi yerdən açarı tapa bilmirdi. Alovun dilləri qaranlığı yarıb, ərşə çəkilirdi. Uşaq anasının getdikcə azalmaqda olan səsini eşidir, yaba ilə tövlənin pəncərəsi önündən açarları yerə atmağa çalışırdı. Yaba ağır idi. Açarları yerə sala bilmirdi. Hər keçən saniyə içəridə diri-diri yanmaqda olan ailəsinin ölümünü bir az da tələsdirirdi.

Əslinin dəhşətdən gözləri bərəlmişdi. Səsi gəldikcə qışqırıb ağlayır, heç kimin olmadığını bilə-bilə kimisə köməyə çağırırdı. Uşaq dəliyə dönmüşdü. Gah yabanı yerə atıb yanğına yaxınlaşır, gah da geri qayıdıb lənətə gəlmiş açarı yerə sala bilmirdi. Bağıra-bağıra ağlayıb hərdənbir geri dönüb baxırdı. Alov evi çoxdan bürümüşdü. Artıq atasının imdad diləyən əli qapıdan görünmürdü. Anasının səsi gəlmirdi qulağına. Bütün evi alov sarmışdı. Birdən uşağın bədəni süstləşdi. Heykəl kimi dayanıb yanan evə baxdı. Yaba əlindən sürüşüb yerə düşdü. Sonra cingilti səsi gəldi. Yalın ayaqlarının üstündə ağır və soyuq nə isə düşdü. Ağır-ağır əyilib götürdü-paslı açarlar! Qorxudan bərələ qalmış gözləri az qaldı hədəqəsindən çıxsın. Qabağa atıldı. İstidən irəli durmaq mümkün deyildi. Əvvəlcə geri çəkildi. Qapıya tərəf boylandı. Alovdan heç nə görünmürdü. Sonra pəncərəyə tərəf qaçdı. Alovun dilləri pəncərədən yarım metrə qədər çölə çıxmışdı.

- Anaaa!! Ay anaaa!! Anaaaaaaaaaaaaaaa!!!

Səs gəlmirdi. Bir qədər əvvəl eşidilən iniltilər də yoxa çıxmışdı. Uşaq hələ də inana bilmirdi. Ola bilməzdi! Onlar ölmüşdülər?? Axı, açarları tapmışam!!

- Annnaaa, ay ana.......

Hönkür-hönkür ağladı, yana-yana ağladı...

Anası onu yetim qoyub getdi? Atası, bacıları öldü? Onları Əsli öldürdü? Açarları ovuclarında sıxıb, dizi üstə çökdü. Sonra qəfil irəli atılıb, yanar oda əlini saldı, qıfılı axtardı. Paltarı od tutub yandı, əllərində, sinəsində göynərti hiss elədi. Bir əl onu alovdan dartıb çıxardı. Alovunu söndürdü. Qulağına qışqırıqlar gəldi. Gözünə adamlar dəydi. Hamı ora-bura qaçırdı. Gecənin bağrını yaran alov isə Əslinin göynəyən əllərindən, dağ çəkilmiş sinəsindən içəri süzlüdü, qovurub yandırdı...

...Bir ay sonra Londonun məşhur “Mall Galleries” sərgi salonunda ən başda, ən böyük çərçivədə “Ana” adlı bir əsər nümayiş olunurdu. Hər kəs bura toplanıb, heyranlıqla baxırdı. Rəsmdə bir qızcığazın qatlanmış dizinə çəkdiyi həmin əyri-üyrü xətlər təsvir olunurdu. Bu, ən böyük sənət əsəri idi. Və rəssam dərk edirdi ki, həmin qızcığaz bu mükəmməl əsər üçün onun kimi ömrünün yarısını həsr etməmişdi...

# 2041 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #