Kosa, satıcı qız və Telli arvad

Kosa, satıcı qız və Telli arvad
20 mart 2015
# 09:00

Ağaclar çiçəkləyib. Hava olub ilmanqı. Quşlara budaq bəyəndirmək olmur. Ürəklər sevincə dar gəlir. Qısa ətəkli mayabud qızlara şeir yazmaq istəyir adam. Elimizə bahar gəlir...

Novruz bayramının gəlişinə amadədi hər şey. Səmənilərin belinə qırmızı lent bağlanıb. İstedadları səhnədə heç zada yaramayan bir qom aktyorun yarısı keçəl olub, yarısı kosa. İztirab çəkirlər ekranda bir neçə gündü. Hər bayram yeni şeirlər əzbərləyib xalqı feyziyab eləyirlər.

Heç harda eşitmədiyim bir beyt çıxdı keçəlin dilindən bayaq:

A kosa-kosa, gəlsənə,

Gəlib salam versənə...

Keçəlin səslənişinə biganə qala bilməyən kosa gəlib məclisin ortasında yıxdı özünü yerə. Əzildi deyəsən. Əsl mərəkə bundan sonra başlandı. Kosa ölülüyə vurmuşdu özünü. Keçəlin qışqırığı göylərə olmuşdu bülənd. Pəncərələrin şüşəsini çatladırdı qəhqəhə tufanı. Ağlı bığından seyrək qonşumuz Bəndalının canına and olsun ki, bir məzhəkədə bu qədər dad və duz olmaz.

Söndürün televizoru!

Yoxsa gülməkdən cırılacaq bağırsaqlarınız...

***

Bir neçə gün qabaq getmişdim qonşuluqdakı marketə. Həmişə üzündə gerçək təbəssümlə hal-əhval tutan bəstəboy satıcı qız bu dəfə görünmədi. Nəzər saldım ətrafa. Yenə görə bilmədim. Qəfildən piştaxtanın dalından dikəldi. Nəzarətçinin gözündən yayınıb qoz ilə doldurmuşdu ovurdunu. Fındığın qiymətini soruşdum. Dilə qabar salan, əli yandıran bir qiymət dedi satıcı xanım. Dedim, bəlkə yaxşı eşitməyib, elə bilib ki, başqa şeyin qiymətini soruşuram. Sualımı təkrarladım. Yenə eyni oldu cavabı. Fikirlə, xəyalla çıxdım marketdən. Öz-özümə dedim astadan: “Bundan sonra insanlar bir-birilə qoz-qoz oynamasınlar deyə ağıllı iş görüb fındığın, qozun qiymətini bu qədər asimani eləyiblər.”

***

Qonşuluqda yetimdar arvad yaşayır Telli adında. İrili-xırdalı altı uşağı var. Ən kiçiyi 5 yaşındadı. Adı Solmazdı. Telli deyir, neçə gündü birtəhər ovudurdum yetimləri. Dünən televizorda müğənnilər oxuyurdu. Operator kameranı müğənninin üzündən çəkib tuşladı bayram xonçasına. O qədər yaxından çəkdi ki... Solmaz barmağını uzatdı televizora. Dedi, mən də bunlardan istəyirəm. Nə illah elədim, kiridə bilmədim. Qənddanda bir az qənd vardı. Üstünə sarıkök səpdim. Aldatdım balamı. Uşağın ağız-burnu sapsarı oldu. Gic gülmək tutdu məni. İçim yana-yana güldüm. Bişirməyə heç nəyimiz olmadığından yatağa ertədən uzandıq. Uşaqlar getmişdi yuxuya. Hardasa çox yaxında dəm alan plovun qoxusu otağı götürmüşdü başına. Gördüm, böyük oğlum yerində qurcalanır. Yaxınlaşıb üzünə baxdım. Gözləri su içindəydi. Məni görən kimi əlləri ilə örtdü üzünü. Hönkürdü...

Bu əziz gündə Telli arvadın içində Novruz tonqalı, balalarının ürəyində bayram şamı yandıran sirli qüdrət bizdən muğayat olsun.

Novruz bayramınız mübarək.

Gedək, şəkərburamızı yeyək.

Gedək...

# 1439 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #