Şeirlərimdən ərizə yazan seyid

Şeirlərimdən ərizə yazan seyid
9 fevral 2015
# 11:13

Deyirəm, adını da yazım. Xalqdan gizli sirrim yoxdu: Adil İbrahimov. Seyid Adil kimi məşhurdu Ağcabədidə. Laçının Oğuldərə kəndindəndi. Rəhmətlik Ağa Laçınlının kəndçisidi... Amma qohumu deyil.

Ağcabədinin Ağ göl ərazisindəki yataqda olur. Hardasa 10-15 evdirlər. Çoxu qohumdu. Yatağın balaca bir məktəbi də var. Seyid Adil bu yatağın yiyəsidi. Bir sözünü iki eləyən yoxdu.

Günlərin bir günü qardaşımı bu yatağa riyaziyyat müəllimi göndərdilər. Seyid Adilin qardaşı məktəb direktoru idi. Əvvəl mehriban dolanırdılar. Sonra məlum oldu ki, Seyid Adil dərs saatına görə indiyədək bu yatağa göndərilən bir neçə müəllimi müxtəlif üsullarla işdən uzaqlaşmağa məcbur edib. Adam varlıdır, üstəlik “tabeliyində olan” yataq sakinlərindən istədiyi vaxt “xarici düşmənləri” dəf etmək üçün istədiyi qədər pul-para toplaya bilir. Yəni, özünə güvənir. Qardaşımla da problem çıxdı. Maaşından, faktiki dediyi dərslərin pulundan hesab istədilər. Vermədi... Tutaşıb-itələşdilər. Seydi Adil qardaşını qabağa verib “çerez” Ağcabədi polisi işi məhkəməyəcən, ordan Şirvandakı Apelyasiya Məhkəməsinəcən aparıb çıxartdı... On dəfə ağsaqqallığa getdik, adam apardıq, dolanın-barışın dedik, alınmadı.

Seyid Adili elə bir xarakterdir ki, bənzərini nə mifologiyada, nə folklorda, nə ədəbiyyatda, nə kinoda, nə də həyatda tapa bilərsiniz. Mən də onu tanıtmaqda acizəm.

Nəsə... Gedib qardaşımı həmin yataqdan köçürtdüm. Seyid Adil yenə əl çəkmədi. Qohumlarının birinin uşağını aparıb saxta sənəd düzəltdirdi ki, guya qardaşım onu vurub. Amma məhkəmədəki dəlillər cəza üçün kifayət etmədi. Kifayət etmədi, amma bəraət də olmadı! Qardaşım Apelyasiya ilə məhkəmə, yəni, Şirvanla-Ağcabədi arasında get-gəldədi hələ də. Bura təmin eləmir, ora ləğv!

Sözüm bunda da yox...

O günü qardaşım əks hücuma keçib. Deməli, Seyid Adilin satıb hüquq-mühafizə orqanlarına xərclədiyi heyvanlar Ağ göl Milli Parkında otlayır. Qardaşım düşünüb-daşınandan sonra, qərara gəlib ki, şəri mənbəyindən vurmaq lazımdır. Milli Park ərazisi qanunda göstərildiyi kimi heyvanlara qadağan olunsa, Seyidin başı öz problemlərinə qarışar, heyvanı arıq düşər, satıya getməz və bununla şər-böhtan kampaniyası xəfifləyər...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi anında şığıyıb hadisə yerinə. Seyid Adilin (özü də Ağ göldə yeger işləyir) mal-qoyununu Milli Parkın ərazisində tutublar.

Gördüm həmişə zəng vurub xahiş elədiyim seyid bu dəfə özü mənə zəng elədi. Quyruğu qapı arasında qalan pişik səsi çıxırdı seyiddən. “Sən bizim fəxrimizsən, ağsaqqallığın, mərifətin dillərdə dastandı, qardaşına denən, ərizəsini geri götürsün, barışaq!” Dedim, yaxşı. Həqiqətən də qardaşımı yığdım, dedim, bəsdi day, hamını bezdirmisiz, gedin, barışın, iş qurtarsın. O, cavabında dedi: “Seyid Adil səni eşitdi ki, mən də eşidəm?! Bu işə qarışma! O, məni şərləyirdi, mən isə haqqına yazmışam. Tələbim-tələbdi, ədalət tərəzisini qurub, baxsınlar!”

Seyid sonuncu zəng edəndə, dedim, cəddinə ceyran kəsərəm, qardaşım məni eşitmir, sən gəl heyvanlarını Mili Parkdan çıxart. İndiyəcən neyləmisən-eləmisən, indən belə qanuni cəriməni ödə, get otur evində. Əgər sən doğrudan haqq yolunun carçısı və əməli saleh bir seyidsənsə, iki-üç dılğır şikayətdən qorxma! Qardaşım qələt eləyir.

Dedi, yox, məsələ elə deyil, ekologiya gəlib tökülüb bura, vəziyyət ağırdı, denən, ərizəsin geri götürsün, mən adamlarla işi yoluna qoyacam. Bilirsən ki, halal-hümmət, sülhsevər, imam kimi adamam. Qurban olum peyğəmbərimizə, o da sülh tərəfdarı olub həmişə. Açığı eqom baş qaldırdı. İki sözü dalbadal deyə bilməyən, ömründə bir kitab üzü açmayan, amma həmişə qalstuklu gəzən bu əyalət “moşennik”inin mənə nömrə gəlməsi qanıma dəydi. Dedim, seyid, məzələnmə də, mənnən. Neçə dəfə gəlib səndən xahiş elədim, hətta Laçının icra başçısı Akif Səlimovun yanına da toplaşdıq, o da səndən xahiş etdi, yenə geri durmadın, şər-şəmata davam elədin, indi qardaşımı hansı haqla saxlaya bilərəm? Deməzmi, hanı sənin qeyrətin, hanı sənin ədalət hissin, hanı sənin əxlaqın? Əvvəl sən get şikayətlərini geri götür, sonra mal-qaranı qoruqdan çıxart, sonra mən qardaşımı geri çəkim. Nətər söhbətdi?

Seyidin xətrinə dəydi sözüm. Dedi, qardaşın şikayətini geri götürməsə, səndən ərizə yazacam! Gülmək tutdu məni. Dedim, seyid, qardaşım geri götürmür şikayətini, get, nə istəyirsən, yaz. Amma maraq üçün denən, nəyimdən yazacaqsan? İnanmayacaqsınız, cavab belə oldu: “Şeirlərindən! Orda hər şeydən gileylənirsən...”

Vay bə!

Bunlar o şeirlərdir ki, Laçın həsrəti ilə qələmə alınıb və məclislərdə aşıqlar oxuyur, cavan uşaqlar əzbər söyləyib ovunurlar.

Ağcabədi polisinin yüksək sənətkarlıqla yaratdığı bu insan tipinin son sözlərini eşidəndə, divara kəllə atdım. Uşaqlar zorla əl-ayağımı tutub həkim çağırdılar. Bu yazını da dəlixanadan yazıram...

# 1842 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #