Ali təhsilli, ixtisaslı dilənçilər

Ali təhsilli, ixtisaslı dilənçilər
31 oktyabr 2014
# 12:22

Uşaqlığım həm də öz qaraçıları ilə məşhur olan Ağdam şəhərində keçib.

Nənəmin bişirdiyi təndir çörəyinin iyi bu günə qədər burnumdadır. O, hər dəfə təndirin başına 22 kündə ilə gedər, evə 7-8 çörəklə qayıdardı. Yox, onun kündəsi heç vaxt küt getməzdi, amma nənəm çörəyi bişirənə qədər babam min variant düşünüb imkanı olmayan qonşunu biz tərəfə çağırar, sonra çörəyin birini onun arxasınca gələn nəvəsinin qoltuğuna verər, uşağın əli yandığından çörəyi böyük özü götürüb gedərdi.

Nənəmin bir duasını heç vaxt unutmuram. Bir təndirin başına keçəndə, bir də süfrəni açanda əllərini göyə qaldırıb:

- Ay Allah, kimin ürəyindən yemək keçir, kim acdırsa onu necəsə bir yolla gətir çıxart bura! - deyərdi.

Onlar babamın sadə müəllim maaşı ilə vüqarlı yaşayar, qazanmadıqları bir qəpiyə belə əl vurmaz, hətta imkanları çatan qədər ehtiyacı olanlara əl də tutmağa çalışardılar. Bu xeyirxah insanlar bir məqamda çox amansız olurdular. Qapıya dilənçi gələndə!

Ağdamda dilənçilər həmin o qaraçılar idi. Babam körpəsi ilə qapı-qapı gəzən dilənçiyə bir abır verirdi ki, səsi indiyə qədər qulağımdadır:

-Cavan, sağlam qadınsan, niyə gedib işləmirsən? Nə düşmüsən qapı-qapı? O uşağı niyə salmısan çöllərə? Utanmırsan,onun gözünün qabağında dilənirsən? Niyə o uşağı məktəbə qoymursan? Qoy oxuyub bir peşə sahibi olsun...

Kişi elə əsəbləşərdi elə bil dilənməyi özünə peşə bilən qaraçı ilə yox, dərsini oxumayan uşaqla danışır. Axırda onun səhhətindən narahat olan nənəm başlayardı:

- Dilənir, cəhənnəmə dilənsin. Uşaq onundur, özü bilər. Pul vermirsən vermə, daha niyə cavan qadının qəlbinə dəyirsən?

- Qadın olan kəs qələt eləyər qapı-qapı düşməz! İşləsin, uşağını saxlasın!

Dialoqları uzanar, qaraçı deyinə-deyinə baş alıb o biri qapıya gedərdi. O biri qapıda da eyni vəziyyət. Qısası, bir-birinin hər işinə əl atan qonşularımız dilənçi dolandıran deyildilər. Məhəllədə hamı öz əlinin zəhməti ilə dolandığından kimsəyə haqq etmədiyi qəpiyi rəva görməzdi. Buna görə də Ağdam qaraçıları “iş yeri” olaraq qonşu rayonlara üz tuturdular.

Bu keçən əsrdə baş verib. İndi dilənçi adı eşidəndə qaraçılara şükr edirəm. Belə baxanda, qaraçı dilənər də. Adamın adı üstündədir - qaraçı! Daha başqasının adına, peşəsinə xələl gətirmir ki! Ağdam qaraçıları dədə-babadan diləniblər də.

Bu günlərdə iş saatının ən gərgin vaxtında iki xanım qapıdan girdi:

- Biz jurnalistik! Dirçəliş günü ilə bağlı filan şadlıq evində tədbir keçirəcəyik. Mətbuat nümayəndəsi kimi sizin də iştirakınız vacıbdır.

Üstəlik, bu tədbir üçün ödəməli olduğumuz məbləğə iki-üç ən yaxın qohumun toyunu yola vermək olardı. Əməkdaşımız hardan olduqlarını soruşanda qızın biri o birinə:

- Aaaz, nətər idi adı... Dayan, qoy deyim, - deyib, qeyd dəftərçəsini açdı.

Saytlarının adını deyən kimi səhifəni açıb “haqqımızda” bölümünü seçdim. Nə təsisçinin, nə də baş redaktorun adı tanış deyildi. Baş redaktorlarının öncə hansı mətbu orqanda işlədiyini soruşanda xanım müdrik görkəm alıb, sözə başladı:

- O balaca bir artist var ey, həmişə dələduz, fırıldaqçı rollara çəkilir, saytımıza yaxşı baxsanız elə orda görəcəksiniz. Görsəniz, o saat tanıyacaqsınız. Baş redaktorumuz odur!

Təsisçi və baş direktor kimi təqdim olunan ad da tanış deyildi. Onu da soruşdum. Xanım bu dəfə dəhşətli bir sirrin üstünü açacaqmış kimi amiranə səslə davam etdi:

- Vallah, onun keçmişi çox gizlidir, deyə bilmərəm. Amma onu deyim ki, Amerika səfirliyi ilə əlaqəsi olan adamdır...

- Bu, saytınızda bayrağımızın heç bir rənginin düzgün verilmədiyindən hiss olunur...

“Həmkarım” sözümü kəsdi:

- O işlərə mən qarışmıram. Mənim işim bax belə, təşkilatı işləri, görüşləri aparmaqdır. Bir də, onlar xəbəri göndərirlər, mən baxıb deyirəm hə, verin...

Nə isə, həmkarlarım da mənim babam kimi kişilərin nəvələri olduğundan xanımlar əli boş yola düzəlib, qonşu “obyektlərə” üz tutdular...

Hə, bu arada, xanımlar gedər ayaq ali təhsilli, peşəkar və s. olduqlarından da danışdılar.

Və s. demişkən, bu günlərdə Facebookda özünü “yazıçı, jurnalist və sairə” (şairə demək istəsələr də, mən bunu və s. kimi oxuyuram. Belə oxuyanda əhvalım daha yüksəlir) kimi təqdim edən vətən övladlarından biri dövlət qurumlarından birinə, bir dostumuzun yanına üz tutub. Salam-kəlamdan dərhal sonra qoltuğunda gətirdiyi qara cildli, üzərinə qanla “Qarabağ” yazılmış kitabını “bizim bir xalq kimi Qarabağ boyda dərdimiz var” mövzusu ilə bərabər masaya yatırıb.

- Kitabımdır, bir üçdən-beşdən düş görək...

İnsanın kimin nəvəsi olması çox önəmlidir. Dostumun da babası vüqarlı kişi imiş, ona görə də sövdələşmə alınmayıb. Uzun çəkən dialoqdan sonra yazıçı, jurnalist və sairə ayağa durub ki, getsin. Hesab edib ki, dostumun bir neçə müqəddəs peşəni tək vücudunda daşıya bilən bir insanın bu otaqdan belə əliboş çıxmasına ürəyi dözməyəcək. Dostumsa, təbii, gör necə kişinin nəvəsidir, üzünü çevirib işinə davam edib. Bu yerdə yazıçı, jurnalist və sairə lap hikkə ilə geri dönüb:

- Məllim, “vaaapşe” kitabımı bəri ver görüm!

Kitabını da götürüb gedib başqa qapılarda dilənməyə...

Unutmadan onu da deyim ki, yazıçı, jurnalist və sairə də ali təhsilli imiş. Lap lazım olsa ziyalı da demək olar, adamın elmi dərəcəsi var imiş...

Dostlar, sizə and verirəm həyat qaydalarını öyrəndiyiniz babalarınızın vüqarına, nənələrinizin təndirə yapdıqları çörəyə, bu ali təhsilli “dilənçiləri” dolandırmayın! Qoyun, rədd olub getsinlər başqa yerlərə. Axı biz, çörəyi qapılardan yox, yazıdan, sözdən çıxan adamlar “jurnalistik” deməyə, hələ kitab çap eləməyə xəcalət çəkirik...

# 5123 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #