Niyə riyaziyyata Nobel verilmir?

Niyə riyaziyyata Nobel verilmir?
6 noyabr 2013
# 11:51

Nobel həftəsi hələ başlamamışdı. Netdə gözüm təsadüfən türkcə bir kitaba sataşdı – “Nobeller, Nobel ödülü ve Bakü Petrolleri”. Satışa çıxmamışdı hələ. Bakının, Nobelin adını görüncə bir an əvvəl əldə etmək istədim. Dəyərli bir dostum kitabı gedib mətbəədən taparaq mənə hədiyyə etdi. Kitabın müəllifi həmyerlimiz, İzmirdəki 9 Eylül universitetinin müəllimi Vəfa Qurbandır. Vəfa xanım türk oxucuların bilmədikləri mövzuları-Nobel qardaşlarının Bakıdakı fəaliyyətlərindən, xüsusilə Bakı neftinin çıxarılması, Alfred Nobelin vəsiyyətindən və Nobel mükafatı kimi maraqlı məsələləri araşdırır.

Kitabı əldə etdikdən bir-neçə gün sonra Bakıya uçdum. Bakı Slavyan universitinin (BSU) beynəlxalq jurnalistika fakultəsinin tələbələri üçün ayda bir dəfə İstanbuldan gəlib dərs verəcəm indən belə. Nobel həftəsi başlamışdı və İsveç Kral Akademiyası hər gün bir sahədə yeni Nobel laureatının adını elan edirdi. Tələbələrlə ilk görüşdə nədən danışım deyə düşünürdüm ki, fizikadan Nobel mükafatının Higgs Bozonunu nəzəri olaraq isbatlayan ingilis alim Peter Higgsə verildiyini eşitdim.

Sevindim, sanki, Nobeli mənə vermişdilər. Çünki Nobel komitəsinin qərarından 6 ay əvvəl Higgs Bozonları haqda məqalə yazmışdım “Ayna”ya. BSU-ya getmədən “Facebook”dakı profilimə belə bir status yazdım ki, bəs, bizim qəzeti və mənim məqalələrimi oxuduqları üçün İsveç Kral Akademiyasının üzvlərinə təşəkkür edirəm. Və təbriklər başladı, nə başladı, mesajla, zənglə. Bir çoxları inandı ki, Higgsə Nobel mükafatını mənim məqaləmə görə veriblər. Təəssüf ki, onların içində qələm əhli olanlar da var idi.

Tələbələrə nə danışacağımı bilirdim artıq. Onlara mütaliənin nə qədər önəmli olduğundan, gündə ən az bir qəzet oxumağın vacibliyindən danışacaq, jurnalistlərin və jurnalist xətalarının Nobellərin, xüsusilə də Nobel mükafatının həyatında necə rol oynadıqlarından bəhs edəcəkdim.

Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-96) böyük qardaşı Lüdviq Nobel (1831-1888) qardaşların içində ən çalışqanı və daha çox uğur qazananı idi, mühəndis zəkası və təşəbbüskarlığı ilə seçilirdi. Artilleriya topları və mərmilər, sualtı mina və torpedolar, habelə yüzlərlə (!) hərbi və mülki məhsullar, mexanizm və sənaye aparatları istehsal edən Lüdviq qardaşları Alfred və Robertlə birgə qısa bir zamanda Rusiya və Avropanın neft (Bakı nefti) çıxarılması, emalı və nəqli üzrə ən böyük şirkətinə çevrilən “Nobel Qardaşları” (“Branobel”) qururlar. Rusiyaya metrik sistemi də Lüdviq Nobel gətirir. O, 1888-də Peterburqda vəfat edir.

Lüdviq öldüyündə ömür boyu səhhətindən şikayətçi olan Alfred San-Remoda sanatoriyada müalicə olunurdu. Ona “Qəddar ölüm taciri Alfred Nobel Peterburqda öldü” manşetli bir rus qəzeti gətirirlər – jurnalist Lüdviqlə Alfredin adını qarışdırır. Jurnalistin bu səhvi Nobel mükafatının təsis olunması üçün təkan olur. Alfred tarixdə və insanların hafizəsində “savaş və ölüm taciri” kimi qalmamaq, hörmətlə yad edilmək və gələcək nəsillərə xidmət etmək məqsədilə Nobel mükafatı haqda məhşur vəsiyyətnaməsini hazırlamağa, o anda qərar verir.

Mükafatın təsisindən sonra da bəzi jurnalistlər, qəzetlər Nobel mükafatı ilə bağlı müxtəlif xəta və təhriflərə yol vermişlər. 1895-də imzaladığı sənədə görə Alfred Nobel 5 mükafat təsis edir – fizika, kimya, tibb, ədəbiyyat və sülh mükafatları. 1968-də bu siyahıya iqtisadiyyat üzrə Nobel mükafatı əlavə edilir. “Elmlərin kraliçası” sayılan riyaziyyat isə Nobel mükafatı nominasiyasında yoxdur. Riyaziyyat sahəsində Nobel mükafatının verilməməsi haqda o vaxtdan indiyə qədər müxtəlif söz-söhbətlər dolaşır.

Riyaziyyatı Nobel kimi bir mükafatdan məhrum olmaqda da jurnalistləri günahkar bilirlər. İlk dəfə bir qəzet tərəfindən ortaya atılan iddiaya görə, guya, Alfred Nobelin özündən yaşca çox gənc olan arvadının bir sevgilisi var imiş və o da ixtisasca riyaziyyatçı imiş. Və guya ixtiyar adam bunu öyrənincə Nobel mükafatının riyaziyyat sahəsinə verilməsini istəməyib. Bu iddia tamamilə cəfəngiyyatdır, çünki Alfred Nobel heç vaxt evli olmamışdı. Zatən onun qadınlarla münasibəti həyatının ən problemli, ən ağrılı yeridir.

İkinci versiya da məntiqli deyil – guya A.Nobel riyaziyyatı elm olaraq ciddiyə almırmış. Onun kimi hərtərəfli, savadlı bir insanın, dinamiti kəşf edən birinin belə düşünə bilməsi mümkün olan şey deyil.

Nisbətən ağlabatan variant, İsveç riyaziyyatçısı M. Mittaq-Leflerlə (1846-1927) bağlı olanıdır. A.Nobelin bu məhşur riyaziyyatçıya qarşı səbəbi bilinməyən bir antipatiyası var imiş və əgər Nobel mükafatı riyaziyyat sahəsində verilmiş olsaydı, ilk mükafata da elə Mittaq-Lefler layiq görüləcəkmiş. Onun qarşısını kəsmək üçün də A.Nobel riyaziyyatla bağlı belə ədalətsiz qərar verir…

İlk dərsdə BSU-nun tələbələrinə bunlardan bəhs etdim. Onların gözlərində gördüyüm parıltı, maraq məni bir xeyli ümidləndirdi. Tələbələrimi sevdim…(ayna.az)

# 16630 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #