“Ölülər günü” bayramı olsaydı

“Ölülər günü” bayramı olsaydı
5 mart 2013
# 13:40

Adam da heç ölər? Ayıb deyilmi? Üzünü başqa yerə çevirməyə peşmansan. Elə bunu gözləyirlərmiş kimi ölür sevdiklərimiz qəfildən. Mənim darıxdığım ölülər var. Elə dəxilsiz məkan və zamanda yadıma düşürlər ki, qaça-qaça gedib, özümü Yerdən atmaq istəyirəm.

Birinci qoxularını duyuram. Sizdə də belə olmur? Nənəmdən qoğal iyi gəlirdi həmişə. İndi hər darıxanda birinci o qoğal qoxusu gəlir burnuma. Öldüyünü məndən gizlətmişdilər. 3-4 aydan sonra öldüyünü bilmişdim. Sanki özümüzü yaşlı adamların öləcəyinə daha çox hazırlayırıq. Amma yenə də hər ölüm xəbərini alanda adamın içindən sanki bir şeylər qopur. Gözlənilməz olur. Qəbri boyundan böyük idi. Elə bil bezib, qəzəblənib torpağın altına girmişdi, üstünə də çoxlu torpaq atmışdı ki, onu narahat etməyək.

Sonra xalam öldü - uşaqlığımın daha bir qəhrəmanı. O sadəcə qohum deyildi, çox qeyri-adi qadın idi. Onun da öldüyünü məndən gizlətmişdilər, öləndən 3-4 gün sonra demişdilər. “Ölməyi necə bacardı?” deyə düşünmüşdüm. 5-6 yaşlı nəvəsini çox sevirdi. Nəvəsinin üzünə baxa bilmirdim. Çox ağıllı uşaqdır. Elə bilirdim gəlib məndən nənəsini soruşacaq. Soruşmamışdı. Hərdən özü deyir: - “Nənəmin öldüyünü bilirəm. İndi o, məni görür. Ona görə də mən yaxşıyam. Yaxşı olsam, o da sevinəcək. Amma darıxmışam”.

Tez-tez nənəmin və xalamın qoxusunu duyuram, səsini eşidirəm. Onlar üçün hər darıxanda belə olur. Qəfildən hansınınsa qoxusu gəlir burnuma. Darıxmağım onlar qoxuyur. Sonra səsləri gəlir qulağıma. Sonra jestləri, gülüşləri...

Anası ölən bir qız belə demişdi: “Yaxşı ki, cənnət var. Yoxsa anamın ölümünə dözə bilməzdim, ürəyim partlayardı. İndi rahatam ki, cənnətdədir, onu nə zamansa görəcəm”. Heç nə deyə bilməmişdim. O zaman anlamışdım ki, insanların inancı ilə ehtiyatlı olmaq lazımdır. Bir insanın inancını puç etməklə, həyat eşqinə son vermiş olarıq.

Sevdiyimiz ölülər. Kaş ölülər günü, bayramı da olardı. O gün darıxdığımız ölülər çıxıb gələrdi. Heç olmaya ildə bir gün. Darıxdığımız ölülər gəlsin – anamız, nənəmiz, xalamız, müəllimimiz, dostumuz...

Bir saat da olsa görək onları. Yenə, heç ölməmiş kimi davransınlar, heç ölməyiblərmiş kimi hələ də seviriksə onları, niyə belə olmasın? Elə bilək ki, ölməyiblər. Bir adamın dirilmə və ölmə haqqı olmalıdır.

# 3272 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #