Ən yaxşı hekayə müəyyən edildi. Mirzə Cəlilin çox yaxşı hekayələrin müəllifi olduğunu bilirdik və bir daha bildik. “Kiçik hekayənin böyük proqramı olan “Poçt qutusu” ilk yeri turdu.
Bundan təbii nə ola bilər?
Sorğu bitəndən sonra mən Həmid Herisçinin Mirzə Cəlil yaradıcılığına aid fikirlərini oxudum. Düşündüm və içərisində iki-üç sual olan bu yazını yazmağı özümə borc bildim.
Həmid Herisçinin yazdıqlarından da belə çıxır ki, M. Cəlil bütün əsərlərini kimlərdənsə oğurlayıb, orijinallığı olmayan ədibdir. Ya Qoqoldan, ya gürcü ədəbiyyatından ya da başqa bir mənbədən. Həmid müəllimin mütaliəsinə və araşdırmalarına şübhə etmirəm. Amma bunu da xatırlayıram ki, Həmid müəllim, bir ara veriliş aparırdı. Görəsən bu xalq əmin ola bilərmi ki, Həmid müəllimin o verilişinin formatı sırf onun özünə məxsusdur? Bəlkə elə Həmid müəllim özü də onu ya ruslardan, ya Türkiyə telekanallarından çırpışdırıb. Həmid bəy, inciməyin, amma adam istər-istəməz şübhələnir.
Hansısa ədibin kimdənsə təsirlənib yeni bir əsər yazmasını yaradıcılıqdan uzaq, orijinallıqdan xali bir hal kimi görürsüzsə, deməli, ədəbiyyatımızın olduqca dəyərli bir çox əsərini və onların müəlliflərini də M. Cəlil qədər qiymətləndirirsiz. Çox da qəliz nümunə göstərməyə ehtiyac yoxdur. Klassik ədəbiyyatımızdan bir neçə nümunə: Məhəmməd Füzuli “Leyli və Məcnun” poemasını Nizami Gəncəvinin eyni adlı əsərinin əsasında yazıb və orijinallıq edib. Şah İsmayıl Xətai “Dəhnamə” əsərini Marağalı Əhvədinin eyni adlı əsərinin təsiri ilə yazıb və orijinallığını inkar etmək olmaz. Abbasqulu ağa Bakıxanov “Mişkətül-ənvar” əsərini yazarkən Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən necə lazımdır bəhrələnib, amma yetəri qədər yeniliklər edib. Hüseyn Cavidin “Azər” poemasında Abbasqulu ağa Bakıxanovun “Miratül-cəmal” poemasının təsiri hiss olunsa da, müəllifin digər əsəri kimi bu poeması da orijinallığına görə geri qalmır. Həmid bəy, indi bunları da kənara qoyaq? “Orijinalsızlıqda” günahlandırıb gözdən salaq?
Siz nə deyirsiniz deyin, M.Cəlil yazdıqlarını xalq üçün, ədəbiyyatımız üçün yazıb. Bax elə siz özünüz də onu oxuyub, maşallah hardan hara gəlmisiniz. Allah bir az da artıq eləsin.
Kimsə hansısa yazıçı və ya şairin bir əsərini tənqid edirsə, onun çatışan və ya çatışmayan cəhətlərini açıb göstərirsə ədəbiyyata xidmət edir. Əlbəttə bütün sənətkarların zəif əsərləri var. Həmin əsəri təhlil etmək, zəif və ya uğurlu tərəflərini göstərə bilmək həm də şəxsin elmi fəaliyyəti sayıla bilər. Bax bunu etmir bizim yazımızın baş qəhrəmanı. Deyəsən, bu işin çətin tərəfidir.