Quranda səhv tapan azərbaycanlı

Quranda səhv tapan azərbaycanlı
12 avqust 2015
# 12:51

İki aydan çoxdur ki, kənddəyəm. Əyalət insanı, onun istək və düşüncələri ilə daha yaxından tanış olmaq fürsətim var. Həm rayon mərkəzlərində, həm də kəndlərdə görüşdüyüm, söhbət etdiyim insanların rəngarəng fikirlərini analiz etdikcə görürəm ki, vəziyyət dəhşətli dərəcədə pisdir. Bakıda bunu yalnız təsəvvür edirdimsə, burda hər şeyi dərk elədim. Aylardır kandarına oxucu ayağı dəyməyən kitabxanalar, illərdir bir film nümayiş etdirilməyən kənd klubları, fəaliyyəti hiss olunmayan mədəniyyət evləri, dünyada baş verən yenilikdən bixəbər çayxanalarda vaxt öldürən insanlar...

Kəndə dönəndən sonra dərk elədim ki, illərdir yazılanlar, danışılanlar, qızğın müzakirələr paytaxtdan kənara çıxmır. Özümüz yazıb, özümüz oxumuşuq, özümüz deyib özümüz eşitmişik.

Bizim oxumasını istədiyimiz insanlar, potensial oxucular kənd çayxanalarında nərd, domino, kart oynayıb vaxtını keçirir. Gözlərimlə şahidi olmuşam, kənd camaatı çayxanalara iş yerinə gedən adam kimi tələsir...

...Hardasa bir ay öncənin söhbətidir. Atamla iş üçün rayon mərkəzinə gedirdik, hava yenicə işıqlanmışdı. Yol boyu yeyin addımlarla eyni istiqamətdə hərəkət edən insanların hara tələsdiyini soruşdum atamdan. Atam gülə-gülə cavab verdi:

- İş yerinə gedirlər.

- Nə işi? Kənddə iş yeri varmı?

- Nə işi olacaq? Səhərdən girirlər çayxanaya, nahara qədər nərd, domino. Nahardan sonra bir az dincəlib, yenə qayıdırlar çayxanaya. Bu da onların işidir...

İki ay ərzində kənd çayxanalarında, rayon mərkəzində qəzet-jurnal, kitab oxuyan bir nəfər də olsun görmədim. Hətta ali təhsilli müəllimlər də çayxanada toplaşıb vaxt keçirir, dərslərin başlamasını gözləyir. Ümumi mənzərə odur ki, kənd insanı kitabdan, oxumaqdan, normal, mədəni istirahətdən uzaq düşüb. Hərdən yaxın adamlarla bu barədə söhbət edəndə verdiyim suallara aldığım cavablar ümidsizliyə sürükləyir adamı.

Qəribə paradoks var. Kütləvi şəkildə çayxanalarda vaxt keçirən kənd adamları təhsilə biganə deyil. Ən kasıb kənd adamı da övladını repetitor yanına göndərməyə çalışır.

Təhsilin səviyyəsi normaldır, məktəblərdə savadlı, bacarıqlı müəllimlərin sayı kifayət qədərdir. Ali məktəblərə yüksək balla qəbul olan tələbələrin sayı bunu deməyə əsas verir. Məsələn, bizim 133 yaşlı kənd məktəbi istənilən şəhər məktəbi ilə müqayisə oluna bilər. Övladlarının təhsil almasına can atan insanlar da kifayət qədərdir. Amma gözlə görünən nəticə ürəkaçan deyil...

Bölgədəki kitabsızlığın, mütaliəsizliyin yaratdığı boşluğu din doldurur. Cümə namazına toplaşan kənd dindarları bunu deməyə əsas verir. Dindarlar daha fəal, daha aktivdir. İnsanlar mənəvi boşluğunu dini söhbətlərlə doldurur. Dini müzakirələr və mübahisələr daha aktualdır.

Bu günlərdə eşitdim ki, dindar həmkəndlilərimdən biri Mədinədə çap olunmuş “Quran” kitabında çap xətası tapıb və bunu birbaşa nəşriyyata yazıb, problem onun sayəsində aradan qaldırılıb.

...Vəziyyət ağırdır. İnsanlar kitabdan, mədəniyyətdən ağlasığmaz dərəcədə uzaq düşüb. Əyalətlərdə kitaba, kitabın təbliğinə daha ciddi ehtiyac var. Ardıcıl iş aparmaq, insanlara kitabı sevdirmək, seriallardan və ucuz şoulardan, dini fanatizmdən onları uzaqlaşdırmaq lazımdır. Məhz domino, nərd oynanan çayxanalarda yazarlarımızın, mədəniyyət adamlarımızın görüşlər keçirməsinə, kitabdan qorxan insanlara kitabdan danışmasına ehtiyac var.

Kitablarımızın az tirajla çap olunmasının, xalqın öz yazıçılarını, şairlərini tanımamasının səbəbi, bölgələrin kitabdan uzaq düşməyidir. Bu sahənin inkişafına bölgələrdən başlamaq lazımdı.

Ümid edirəm izah edə bildim...

# 1113 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #