Güldüyün bəs deyilmi, Cokonda?..

Güldüyün bəs deyilmi, Cokonda?..
23 fevral 2015
# 10:25

Ötən il “525-ci qəzet”in yay saylarının birində görkəmli oftalmoloq, gözəl ədibimiz Paşa Qəlbinurun dərin elmi araşdırmalara söykənərək Mona Liza haqqında yazdığı maraqlı essesini sevgiylə oxudum. Bəllidir ki, Cokonda haqqında əsrlədir yazılır, yüz illər bundan sonra da yazılacaq. Odur ki, keçən əsrin 1974-cü ilində yazılmış, bir il sonra “Qobustan” incəsənət dərgisində çap olunmuş Mona Lizaya həsr etdiyim essemi, yüngül redaktədən sonra, yeni nəslin də oxumasını istədim.

Son vaxtlar bir sənətsevər “Cokonda”dan çox danışırdı. Bəzilərinə elə gəlirdi, yenə də onun istiliyi qalxıb, tutması tutub. Elə ki, tərs damarı tutdu, ağa da qara deyir. Heç kimlə razılaşmır. Tay-tuşları deyirdi, həmin sənətsevərin rəssamlıqdan başı çıxmır, sənəti anlamır, ağlına gələni, yuxusunda gördüyünü danışır, sayaqlayır. Kimisi də deyirdi elə danışmasına baxmayın, bir sevdiyi əsər varsa, o da “Mona Liza”dır.

Sorağı uzaq-uzaq məmləkətləri dolaşan Yer üzünün gözüaçıq bütün insanlarının o gülümsəyən xanımı sevdiyini, ondan yana dəli-divanə olduğunu sənətsevər yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, Cokondaya ağız büzəni, sataşanı nəinki danlayarlar, hətta, onu daş-qalaq da edərlər. Bilirdi, Yer üzünün Cokondası artıq əfsanələşərək müqəddəslərin ucalığına yaxınlaşıb. Artıq o, insanların sevgisinə, inamına çevrilmişdi. Sənətsevər onu da bilirdi, insanlar haçansa İsaya, Məhəmməd salavatullaha, başqa-başqa peyğəmbərlərə belə sataşıblar. O, Cokondaya sataşmağı ağlına gətirmirdi. Çünki Mona Liza sənətsevərin də yağlı boyayla çəkilmiş bəyəndiyi əsəriydi. Buna baxmayaraq o gülümsər xanım haqqında söylənən gərəksiz öyümlərə, hay-küyə, bomboş gurultulu sözlərə dözə bilmirdi. Sənətsevər başqa sayaq böyümüşdü. Ananın müqəddəsliyindən söhbət düşəndə, öz kefi, rahatlığı üçün körpəsini atan anaların başqa bir pis cəhətini görəndə birbaşa üzə deməkdən çəkinmirdi. Şöhrətin son qatında yer tutmuş sevilən hər hansı bir şəxsin eybini, çatışmayan cəhətini hamı kimi ört-basdır eləmədən, görməzliyə vurmadan açıq-aşkar deməkdən çəkinmirdi. Gerçəyi, olanı gizlətməklə, ört-basdır etməklə onun arası yox idi. Sənətsevər deyirdi məni təbiət, birdə deterministlər tərbiyə edib.

Sənətsevər bilirdi ki, onun Cokondaya heyranlığı, vurulması adi şeydir, ancaq o gülümsər qadın haqqında bir yersiz tərifə qarşı çıxmaq, onu rədd etmək adilik deyil. Onu da yaxşı başa düşürdü ki, belə iş tutması adamların gözündə onu Don Kixotdan da gülünc vəziyyətdə qoyacaq. Çünki o gülümsər xanımı bütün sözükeçər nüfuzlu adamlar, bütün elita sevirdi.

Son vaxtlar sənətsevər Cokondayla bağlı höcətlərdən gen gəzməyə çalışırdı. Söhbət düşəndə əlini yelləyib deyirdi: Cokonda tamam başqa şeydir, canım! Əgər Cokonda, onun gülümsəməsi birdirsə, niyə onun haqqında saysız anlayışlar, yozumlar, düşüncələr var? Cokonda birdir, ancaq onu yüz yerə yozurlar. Deməli, hər yetənin fikir söyləməsi üçün Mona Liza bir obyekt, bir bəhanə imiş. Hər kəs öz düşündüyünü deyə bilərmiş! Dünyanın yaranışı haqqında bilicilərin, yaxud da hər kəsin söylədiyi fikirlər kimi.

Hərdən sənətsevər inandıra bilməyəndə əlacı kəsilir, Cokonda haqqında Hegelin, Engelsin, Nitşenin, Vazarinin, impressionistlərin söylədiyi fikirləri deməklə müsahibini çaşdırır, çox şeylərdən xəbərdar olduğunu qarşısındakına anlatmaq istəyiridi.

Bir dəfə sənətsevərin kefi kök idi. Necə oldusa, o hamının səviyyəli sandığı, tanınmış sənətşünasla qarşılaşdı. Uzun söhbətdən sonra yenə də gülümsər qadından söz düşdü. Höcət başlandı, nə başlandı. Sənətsevər:

– Bircə sorğum var, ancaq insafla cavab verin. Siz başqa bir planetdən gəlsəydiniz, Yer üzünün rəssamlarını tanımasaydınız, onların haqqında bir kəlmə bilməsəydiniz... Bu vaxt Corconenin “Uyumuş Venerası”nı, “Yudif”- ini, Bottiçellinin “Veneranın doğuluşu”- nu, Titsianın “Müqəddəs Maqdalina”- sını, “Güzgülənən Venera” sını, nə bilim, Manenin “Olimpiya”sını...

– Axı, Siz zaman, dövr məsələsini...

Sənətsevər səbrsizliklə onun sözünü kəsərək – Bilirəm, zamanı, dövrü qarışdırdığıma görə məni qınayacaqsınız, hələ bir az da danışandan sonra deyəcəksiniz Cokonda portretdir, sizsə bütün janrlardan söz açırsınız. Birincisi, unutmayın ki, o gözəl xanımın gözəlliyi, sirri adamların gözündə, düşüncəsində bütün zamanları haqlayıb. İkincisi, Mona Liza bir qadın portreti sərhəddindən çoxdan çıxıb. Çoxları onu, sadəcə, bir əsər kimi qiymətləndirir. Bütün rəssamlıq əsərləri onun kölgəsində qalıb. Cokondanı öymək bir növ dəb düşüb. Hə, sözüm yarımçıq qaldı. Əgər Sizin kimi on, yüz sənətçi başqa planetdən gəlsəydi, Leonardo da Vinçi, onun “Mona Liza”sı haqqında yazılanlardan xəbərsiz olsaydı, onun haqqında bir söz eşitməsəydi, sadaladığım rəsm əsərlərinin adlarını pozub qarşınıza düzsəydilər, onların arasında da Cokonda gülümsəsəydi... Çox maraqlıdır Siz, hamınız yenə də üstünlüyü Cokondayamı verərdiniz?... Yenə siz sənətşünaslar “Mona Liza” nı qadın portretlərinin tacı hesab edərdinizmi? Hamınızmı? Buna əminsinizmi?

Sənətsevərin sorğusu sənətşünası çaşdırdı. O, səsini alçaldıb ehtiyatla soruşdu:

– Yaxşı, deyə bilərsənmi, bu portretin sehri, ondakı gülümsəmənin sirri nədədir?

– Eh, təkcə Siz deyil, çoxları Cokonda haqqında ehtiraslı mühakimə yürüdür. Mən Mona Lizanı pisləmişəm. Məni yerimdən edən bəzilərinin Leonardo da Vinçinin, eləcə də “Cokonda” nın böyüklüyünü, dahiliyini həmin portretin sirli gülümsəməsində görməsidir. Bir baxın, nə deyirlər. “Leonardo işıq kölgədən məharətlə istifadə edərək “Cokonda”nın üzündəki güclə seçilən əzələlərin hərəkətini elə verib ki, azacıq gülümsərlik, ciddilik və böyük təbəssüm bir keçidin arasında qalıb...” Sonra da bu gülümsəmənin saysız çalarlarını sadalayırlar. Güman edirlər, böyük rəssam bütün bacarığını onun qeyri-adi(!) gülümsəməsinə sərf edib... Mona Liza sadəcə gülümsəyir, onun bu gülümsəməsini adilikdən çıxarıb şişirtmək tamaşaçının, şairlərin, sənət bilicilərin, bir sözlə, baxanların işidir. Bu gülümsəmənin saysız sifətləri, ayrı-ayrı çalarları sonradan tapılıb. Hər kəs bir anlayışın ucundan tutub öz ölçüsüylə yozduğu kimi “Cokonda”nın gülümsəməsinin yozma yönləri də başqa-başqadır. Adamları belə ki görürəm, Mona Lizayla onun gülümsəməsini hələ çox öyəcəklər. Hündürlüyə atlanan idmançıların ağlına daha ucaya tullanmaqdan savayı bir şey gəlmədiyi kimi...”Cokonda” nın yaranmasından sonra adamlar Mona Lizanı öyməyə, onun haqqında deyilməmiş sözlər söyləməyə başladılar. Söz, fikir yarışını danmaqmı olar? Bütün bunlar bir yana, görəsən, Leonardo qabaqcadan “Cokonda” əsərinin belə alınacağını bilirdimi? Yəni Leonardo məhz istədiyini çəkibmi? Bir şeyi unutmaq olmaz, yaradıcılıq prosesində hərdən sənətkar işin axınına qoşulur, işin gedişinə tabe olur. Yəni yaradır, ortaya nəsə çıxır, bəzən istədiyi yox, tamam başqa bir şey ortaya çıxır. “Cokonda” nın yaranışı belə olubsa, daha nə söhbət? İnanın mənə, “Mona Liza” sadəcə gülümsəyir, vəssalam.

Sənətşünas artıq höcət eləmirdi. O, ancaq sakitcə suallar verirdi:

– Yaxşı, “Cokonda”dakı möcüzə nədir?

– Məgər bu deyilənlər “Cokonda”nı daha da möcüzələşdirmir? Yaxşı, bütün bunlar bir yana. Görün bir adlı-sanlı akademik “Cokonda” ya heyranlıqla nə deyir? Yazır ki, bu əsər elə möcüzəlidir ki, o, səhər ayrı rəngə çalır, günorta ayrı, axşamüstü isə tamam başqa. Baxın, öncə bu deyim nə qədər maraqlı, həm də möcüzəli səslənir. Bu fikir, məni qınamayın, naşılara maraqlı ola bilər. Ancaq azca fikirləşəndə görürsən, bu hal bütün rəsmlərə xasdır. İşığın ayrı-ayrı yönlərdən, bucaqlardan əks olunma prosesini yada salmaq yetər.

Məgər bütün bu öyümlər “Mona Liza”nı bir daha gözəlləşdirmir? Daha da ucaldıb möcüzələşdirmir? İntibah dövrü araşdırıcılarından biri O.M.Persionova görün nə yazır: “İyirmi yaşlı Leonardo ilk diz çökmüş mələk rəsmini müəllimi Verokkionun “Xaç suyuna çəkilmə” əsəri tərzində yaratmışdır. Deyilənə görə Verokkio tələbəsinin sənətkarlığı qarşısında heyran qalır. Həmişəlik fırçasını atır, sonralar ancaq heykəltaraş kimi çalışır”...

Bir diqqət yetirin, Leonardo elə iyirmi yaşından, birinci rəsmini çəkəndən sonra öyülməyə başlayıb. Gözəl əsər çəkməyini də, müəlliminin ona heyran olmasını da danmaq olmaz. Ancaq onun ilk əsərinə görə müəlliminin fırçasını həmişəlik atmasına mütləq inananlarla höcətləşmək boş yerə vaxt itirməkdir. Tutaq ki Verokkionun özü ağzından belə bir söz qaçırıb. Buna da inanmaq günah deyil, belə bir söz deyilə bilər. Ancaq deyilmiş bu sözün nə dərəcədə düzgün olması şübhəlidir? Unutmaq olmaz ki, hər söylənmiş söz səmimi, ürəyin ifadəsi deyil. Hərdən dil ayrı şeylər deyir, hər söylənmiş söz səmimi, ürəyin ifadəsi deyil. Hərdən dil ayrı şeylər deyir, ürək başqa şeylər arzulayır. Verokkionun həmin vaxt onsuz da rəssamlığa marağı azalar, heykəltaraşlığa yönələ bilərdi. Yaxud, onsuz da rəssamlıqdan uzaqlaşmaq istəyə bilərdi. Məgər sənətindən əl çəkən azmı olub? Yaxud, tamam başqa bir səbəbə görə?... Yenə təkrar edirəm, boynumuza alaq, məgər insanların dedikləri söz hər vaxt səmimi, ürəkdənmi olur?...

Qəzetdə yazmışdılar ki, bir qız “Cokonda”ya baxandan sonra əlindəki boyanı onun üzünə çırpıb. Bu hadisəni belə yozurlar ki, guya bu qızın “Cokonda”nın gözəlliyinə paxıllığı tutduğundan bunu edib. Bəlkə də qız doğurdan da belə söz deyib: “Həsəddən, paxıllıqdan belə elədim”. Bu sözlərə dərhal inanmaq olarmı? Bəlkə Cokondanın qaldırdığı bu hay-küy qıza boş gurultu görünüb, acıqdan hirsindən bunu edib. Lap fərz edək, həmin qızın bu hərəkəti “Mona Lizan”nın gözəlliyinə qısqanclıq, paxıllıqdandır. Bu hadisə, bu xəbər minlərlə insanı şirnikləndirərək “Cokonda”nı sevib qəbul etməsinə yeni bir təkan deyilmi? Bəs bu qızın zövqü, düşüncəsi hansı ölçüdədir?

Bu yaxınlarda qəzetlər yenə də yazırdı ki, Cokondanı Luvrdan Yaponiyaya aparıblar. Onu beş gəmi müşayiət edir, qiyməti 500 milyon (!) frankdır... Dəyişməz havada saxlanılır. Güllə keçməyən şüşə altındadır...

Başqa bir qəzet yazır ki, Cokondanın tamaşaçısı o qədərdir ki, hamının baxması üçün hər kəs onun önündə iyirmi saniyədən artıq dayanmalı olmur...

Cokondanı görməyənlər bu yazıları oxuyanda istər-istəməz onların düşüncəsində qeyri-adi, möcüzəli bir şey yaranır. Daha doğrusu, gülümsər qadının vahiməsi, necə deyərlər xofu, onları basır. Bütün bu deyimlər Cokondanın gözəlliyini, sehrini onu görməyən insanların şüurunda, təsəvvüründə qabaqcadan yeridilmirmi?

Bir çox araşdırıcılar “Cokonda”nın gözəlliyindən daha çox “gözəllik” haqqında saatlar, günlər, illər, əsrlərlə baş çatdadıblar. “Mona Liza”sa zaman-zaman öyülə-öyülə qafalarda, düşüncələrdə daha da gözəlləşdi...

Sənətsevər axşam evə qayıtdı, dərhal ayrı-ayrı vərəqlərdə çap olunmuş “Müqəddəs Aqnessa”nı (Ribera), “Sari Sidsonun portreti”ni (T.Heynsboro), “Xanım Riveranın portreti”ni, Rafaelin “Maddona”sını, Bottiçellinin “Venerası”nı və başqa bir çox gözəl, boyayla çəkilmiş əsərləri masanın üstünə düzdü və yenidən hamısına diqqətlə baxdı. Sonra başını qaldırıb divara vurduğu “Mona Liza”nı diqqətlə gözdən keçirdi. Cokondanın gülüşü ona çox doğma gəldi, sanki birdən ayıldı, elə bildi “Mona Liza” istehzayla ona gülümsünür. Sənətsevər tələsik ayağa qalxdı, “Cokonda”nı divardan endirib masanın üstündəki rəsmlərin yanına qoydu. Gözü yenə “Mona Liza”ya sataşdı. O gülümsünürdü. Sənətsevərə elə gəldi, gülümsər xanımın dodaqları səyriyir. “Bəlkə mənnən inciyib” düşündü...

1975

525.az

# 1914 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #