Nigar Köçərli özünü ifşa etdi

Nigar Köçərli özünü ifşa etdi
16 sentyabr 2013
# 12:59

Şərif Ağayar yazır...

“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli ilə məlum mübahisəmizdən sonra kitab əməlli-başlı gündəmə gəldi. Əlbəttə, buna sevinməmək olmur və gəlin açığını deyək, Nigar xanımın adı hardan keçirsə orda kitab mövzusu da var. Dəxli yoxdur, hansı kitabdan və kimdən söhbət gedir. Dünyada elə bir kitab tapmaq mümkün deyil ki, ordan nəsə öyrənməyəsən. Bu mənada məlum debatımızı kifayət qədər əhəmiyyətli hesab edirəm. Eyni zamanda bir sıra məqamlara aydınlıq gətirmək məcburiyyətindəyəm...

Məlumat üçün bildirim ki, söhbət vaxtı “Azərbaycan yazıçıları yaxşı yaza bilmədikləri üçün kitabları satılmır” ittihamı ilə çıxış edən Nigar Köçərli telefonda, mən isə studiyada idim və onu çox pis eşidirdim. Xanımın bir çox iddialarını sonradan saytda gördüm. Bundan əlavə, mətbuatda və sosial şəbəkələrdə məni qınayanlar oldu ki, bəs haqlı olduğun halda Nigar Köçərliyə layiqli cavab verə bilmədin.

Belə deyil!

Kitaba yalnız bazar prinsipləri ilə dəyər verən və Azərbaycan ədəbiyyatına yaxşı bələd olmayan xanıma aşağıdakı iki cümlə yetərli idi ki, mən də onları söylədim:

  1. Kitab yalnız əmtəə deyil.

  1. Siz Azərbaycan ədəbiyyatını yaxşı bilmirsiniz.

Başqa nə etməli idim. Hər halda kifayət qədər mədəni bir xanıma, eyni zamanda xətrini çox istədiyim bir insana başqa nə deməli idim? Doğrudur o, mənə istehza etdi. Xüsusilə də, Xalid Hüseyni və “Qanun” nəşriyyatı ilə monopoliya məsələsində... Etdi, etdi də, nə demək olar? Mən efirdə Saday Budaqlının və Səfər Alışarlının kim olduğunu Nigar Köçərliyə başa salası deyildim ki!

Bir də unutmayın, dəyərli dostlar!

Onun qarşısında ədəbi mühitdə kifayət qədər tanınmasına baxmayaraq kitabları min tirajdan artıq çap olunmayan bir yazıçı – yəni bəndəniz oturmuşdu və bu məsələdə dilim gödək idi. Yaxşı yazırsan, niyə oxumurlar səni? Bu sual təkcə mənə deyil, bütün ədəbi mühitə verilmişdi və yaxşı olar ki, məni qınamaq əvəzinə özünüz bu suala cavab verəsiniz.

Bəli, Azərbaycanda ciddi müəlliflər oxunmur. Nigar xanım bu məsələdə haqlıdır. Ancaq problemin səbəblərinə gələndə o, kökündən səhv edir. Hətta özünü ifşa edir. Axı o, kifayət qədər ağıllı xanımdır. Yaxşı bilmədiyi bir ədəbi dünyanı Çingiz Abdullayev - Elxan Elatlı – Qaraqan məntiqi ilə yarğılamaq nə dərəcədə doğrudur? Şəhərin ən böyük kitab mağazası şəbəkəsinin rəhbəri bəlkə ciddi müəlliflərlə daha yumşaq rəftar etməlidir. Onsuz da 500-1000 tirajla kitab çap edən yazar oxunmadığını, geniş kütlə içində maraq doğurmadığını bilir. Yaxşı, olsun ki, yaza bilmir, amma Nigar Köçərlinin “yaza bilənlər” kimi misal gətirdiyi müəlliflər onun iddialarının gülünc olduğunu göstərir.

Hər halda mən o qədər məntiqsiz deyiləm ki, hansısa bir rejimin əleyhinə getməyi ədəbiyyatın başlıca şərti hesab edəm. Azərbaycanda kifayət qədər radikal mövqe göstərən, hətta mühacir həyatı yaşayan yazıçılar var. Ancaq bu, sənətkar olmaq üçün yetərli deyil. Yazmağa ilk növbədə istedad lazımdır. Necə ki, Xalid Hüseynidə var. Sadəcə mənim deməyim odur ki, yazıçının düşdüyü mühitdən çox şey asılıdır. Xalid Hüseyni Amerikada yaşamasaydı, Əfqanıstanda qalsaydı təbii ki, indiki qədər populyar olmayacaqdı. Bəlkə də heç yazmağa cəsarəti çatmayacaqdı. Və ya onu rahatlıqla məhv edəcəkdilər.

Avropa və Amerikanın ədəbiyyat məkanına çıxmaq imkanı olan qələm adamları ilə yaşamağa evi belə olmayan azərbaycanlı yazıçını müqayisə etmək yalnız problemlərdən xəbərsiz biznesmenlərin ağlına gələ bilər. Ədəbiyyat cəmiyyətdən qopmuş, əlahiddə bir sahə deyil. Ədəbiyyat cəmiyyətin aynasıdır. Yaşadığın cəmiyyət hansı səviyyədədirsə, yaratdığın ədəbiyyat da o səviyyədə olacaq.

Paolo Koelyonun milyonlarına həsəd apararaq ədəbiyyat yaratmaq olmaz. Ədəbiyyatda Borxesin kor gözləri o milyonlardan daha qiymətlidir.

Ədəbiyyat birinci könül işidir, ikinci ağıl və zəka!

Yaxşı olar ki, bu ilahi nemətlərin gücündən ərsəyə gələn əsəri elə yazasan ki, geniş oxucu kütləsinin marağına səbəb olsun.

Ancaq, kitabı pul qazanmaq üçün yazırsansa, artıq bu, mən başa düşdüyüm ədəbiyyat deyildir.

Olsun ki, səhv edirəm.

O ki, qaldı, kitabın hansı rəfdə yerləşdirilməsi məsələsinə... Bu, “Əli və Nino” ilə “Qanun” nəşriyyatının yaratdığı monopoliyaya bir işarə idi. Guya mən bilmirəm ki, maraqsız kitabı satıcının yaxasından assan da satılmayacaq...

Məzəniz olsun!

# 3814 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #