Seks bazarında fəlsəfə satmaq

Seks bazarında fəlsəfə satmaq
10 iyun 2013
# 10:59

Səhər Əhməd

Əslində, bu yazı elə adından ibarətdi. Yəni nə yazsam, sizə bu başlıqdan çox söz deyə bilməyəcəyəm.

Orta məktəbdə bizə ad qoymağı belə öyrədirdilər, dərslikdə verilmiş mətnə hər kəs bir neçə ad qoyardı, sonra onların arasından ən uyğun başlıq seçən qalib sayılardı.

İndi dövr də, tələb də başqadı, yazılara ən uyğunsuz ad qoyanlar “qalib sayılır”. Əgər sənin hekayəndə məsələn, “ Mələknisə nazik geyindiyi üçün üşüyürdü” cümləsi keçirsə və mətndə dişədəyər başqa əndrabadi cümlə yoxdusa, o hekayənin adını asanlıqla “Çılpaq qadın” qoya bilərsən. Həmin çılpaq qadının qəziyyəsini öyrənmək istəyənlər yazıya açıb baxmadan dura bilməyəcək.

Axı indi məhsulların keyfiyyətindən çox onun daha məharətlə təqdim olunması dəbdədi. Yazarlar da öz fikirlərini daha cazibədar başlıqlara büküb nümayiş etdirirlər. Sanki sən öz ləl-cəvahiratını qat-qat ucuz, amma parıltılı bir qabda satışa çıxarırsan. Qaba baxanlar çox olur, amma içindəkini almağa gücü çatan adamların sayı dəyişməzdir.

Ona görə də məzmunu ilə uzaqdan yaxından əlaqəsi olmayan başlıq seçilmiş, “ay müştəri, gəl bəri” çağıran yazılar başqalarına nisbətən dəfələrlə çox oxunur. Amma mən buna “oxunur” deməzdim, onlar sadəcə tıklanırlar. Oxunma sayı arasında yerlə göy qədər fərqi olan yazıların hansının daha çox oxunmasını, mənimsənməsini isə bircə Allah bilir.

İkinci tərəfdən, tarixən qalmaqalın, kriminalın, erotikanın “alıcı”ları fəlsəfənin “alıcı”larından çox olub. Bunun əksi daha təəccüblü olardı. Yadıma bir lətifə düşür.

Bir nəfər qonşusuna gileylənir:

- Qəribədi, sizin toyuqlar keçib bizim həyətdəki bütün tərəvəzləri yeyiblər.

Qonşu tövrünü pozmadan cavab verir:

- Bunun nəyi qəribədi? Qəribə o olardı ki, sizin tərəvəzlər keçib bizim həyətdəki bütün toyuqları yeyərdi.

Deməli, bizim məsələdə də qeyri-adi, qəribə heç nə yoxdu. Qəribə o olardı ki, hər kəs özünü filosof kimi hiss edər, məmləkətin dərdini, insanlığın qayğısını çəkərdi. Orta statistik oxucu bir tikə asudə vaxtını niyə fəlsəfi yazılar oxuyub başını ağrıtmağa, hansısa müəllifin qaramat ovqatına köklənməyə sərf eləsin ki?! Bu qədər stress atan mövzular varkən.

Təxminən belə. O ki qaldı mənim seçdiyim” Seks bazarında fəlsəfə satmaq” başlığına, o nəinki mənim yazımın, ümumən, bizim bugünkü işimizin əsl adıdır.

# 3666 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #