Həmid məni utandırır, amma...

Həmid məni utandırır, amma...
22 aprel 2013
# 11:37

Günel Mövlud

Çex yazıçısı Milan Kunderanın «Varoluşun dözülməz xəfifliyi» romanı azərbaycanlı ədəbiyyatsevərlərə yaxşı tanışdır. Demək olar ki, bu roman bizdə Kunderanın ən çox oxunan əsəridir. Romanda diqqətimi çox çəkən, bir neçə dəfə yazılarımda istifadə elədiyim bir ayrıntını əsəri oxuyanların yadına salmaq, oxumayanların isə diqqətinə çatdırmaq istəyirəm.

Romanın qəhrəmanı Tomaş həkimdir. Sovet tankları Çexoslovakiyaya girəndə Tomaş bir məqalə yazır. Sovetlərin bu addımını pisləyir. Bir çox həmkarları onun səsinə səs verir. Ölkədə rejim dəyişəndən sonra Tomaşı hər tərəfdən sıxmağa başlayırlar. Baş həkim onu yanına çığırıb, məqalədə yazdıqlarından peşman olduğunu deməyə, bunu ictimailəşdirməyə dəvət edir. Tomaşın bütün həmkarları artıq peşman olduqlarını deyib, yazıblar. Aralarında sona qədər dirənən təkcə Tomaşdır. Tomaş bəlkə də yumşalardı, amma dəhlizə çıxanda, artıq məğlub olmuş, üzrxahlıq eləmiş həkimlərin ona baxışlarında bunu oxuyur:

- Sən də, bizim sıramıza qatılacaqsan. Uzatma. Sən də bizdən biri ol, bu iş qurtarsın-getsin.

Bu baxışlar, onlarla həmkarının onun xəyanətini, məğlubiyyətini həvəslə, acgözlüklə gözləməyi Tomaşı inada salır. Tomaş yazdığı məqalədən imtina etmir. Peşman olduğunu demir. Onu işdən çıxarırlar. Öz peşəsinə aid olan heç bir işə yaxın buraxmırlar. Ali təhsilli, peşəkar həkim sonda təmizlik şirkətində şüşəsilən işləməyə başlayır.

Daha sonra cənab Kundera romanda çex xalqının öz ziyalısına münasibətinə geniş yer ayırır. Tomaşın evlərinə şüşə silməyə getdiyi müştərilər ona tamam başqa münasibət göstərirlər. Hörmətlə qarşılayır, şüşə yuduzdurmaq əvəzinə onunla söhbət edir, nəzakətlə rəftar edir, şirkətə zəng edərək, Tomaşın çox yaxşı işçi olduğunu, onun xidmətindən çox razı qaldıqlarını deyirlər. Xüsusilə çex qadınları Tomaşa özəl diqqət göstərir. Yarızarafat-yarıgerçək özlərinin ginekoloji problemlərini onunla bölüşürlər. Onlar bunu tibbi məsləhət almaq üçün etmirlər. Sadəcə istəyirlər ki, Tomaş özünü həkim kimi hiss eləsin. Əksər qadınlar Tomaşı tort və şampan şərabına qonaq edirlər. Hətta qadınlardan ən hündürboyunun minnətdarlıq hissi o qədər çox olur ki, Tomaşı yatağına dartır. Həkimə əsl qadınsayağı minnətdarlıq göstərir.

Romandan bu hissəni paylaşmağımda məqsəd bir xalqın öz ziyalısına münasibətini göstərmək idi. Bəli, ziyalı prinsipial olmalıdır, ziyalının xarakteri olmalıdır, onun bir sifəti olmalıdır, amma xalq da xalq olmalıdır axı.

Son günlər hamı Həmid Herisçini hədəfə alıb. Onu pirlərə inanmaqdan tutmuş hoqqabazlığa, öz intellektinə xəyanət etməyə qədər hər şeydə ittiham edirlər. Əvvəlcə bunu qeyd edim ki, Həmidin öz intellektini, ələdüşməz məlumatlılığını lazımsız şeylərə xərcləməyinin mən də tərəfdarı deyiləm. Bir qələm adamı olaraq, o miqyasda bir fikir adamının pirbəpir gəzməyi məni məyus edir, kədərləndirir, hətta utandırır. Amma bu gün Həmidi qınayanlara, ittiham edənlərə, lağa qoyanlara bir neçə sual vermək istəyirəm.

Siz nə vaxt Həmid Herisçi adlı bənzərsiz şairi tanıdınız? Siz nə vaxt onun hansı miqyasda, hansı enerjiyə, söz gücünə sahib poeziya adamı olduğunun fərqinə vardınız? Siz nə vaxt Həmid Herisçinin nə boyda bilgi bazasına sahib fikir, qələm, söz adamı olduğunu dərk elədiniz? Şairinə dəyər verməyən, ziyalısını tanımayan, fikir adamına hörməti olmayan xalqın şairi, yazıçısı, ziyalısı nə etməlidir?

Biz hardan bilək ki, Həmid nələri danışmağa məcbur olmamaq üçün pirlərdən danışır? Biz hardan bilək ki, o kimlərə sığınmaq məcburiyyətində qalmamaq üçün pirlərə «sığınmalı» olub?

Yəni doğrudanmı siz inanırsınız ki, ölkənin bəlkə də ən intellektual adamı Həmid Herisçi pirlərə inanır?

Bütün proseslər - sındırılma, susdurulma, tərəf dəyişmə - hamısı gözlərinizin qarşısında baş verdiyi halda, siz Həmidi başa düşə bilmirsinzsə, onda necə olur ki, zəmanəsi barədə sadəcə yazılanlardan oxuduğunuz Mirzə Cəlili dəqiq, təhrifsiz başa düşürsünüz? Bəyəm sizin Mirzə Cəlili sevginiz səmimidir? Ölkədə baş verənlərə bircə dəfə də münasibət bildirməyən adamlar indi guya Həmidin “Molla Nəsrəddin”çilər haqqında dediyi sözlərə qəzəbləniblər. Əgər siz Mirzə Cəlili bu qədər dəhşət sevirsinizsə, bəs o zaman Mirzə Cəlilin oyatmaq istədiyi xalqın güzəranını, Mirzə Cəlilin oyatmaq istədiyi xalqın əzilməsini, təhqir və qarət olunmasını niyə görmək istəmirsiniz?

Siz onun şeirlərini, yazılarını, kitablarını, oxumadınız, o da gedib pirlərdən və cinlərdən veriliş hazırlamağa məcbur oldu. Bəyəm bunu istəmirdiniz? Heç bir yazıçı, yazıçı şöhrətini qoyub pirlərdən veriliş hazırlamaz. Həmid Azərbaycanın ən istedadlı və ən intellektual insanlarından biridir. Əgər bu gün Həmid pirlərdən veriliş hazırlayırsa, bunun özü ölkədə fikir insanının nə günə düşdüyünün göstəricisidir. Buna görə tək Həmidi qınamaq düzgün deyil. Hamımız bu və ya digər formada günahkarıq.

Kultura.az

# 5853 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #