Müharibə qadınının ədəbiyyatı

Müharibə qadınının ədəbiyyatı
31 may 2016
# 12:54

Kulis.az İradə Musayevanın Svetlana Aleksieviçin “Müharibənin qadın üzü yoxdur” əsəri haqqında yazdığı “Müharibə qadınının ədəbiyyatı...” yazısını təqdim edir.

Kişilərsə öz hərb rəfiqələrini unutdular, onlara xəyanət etdilər.

Onlardan Qələbəni oğurladılar. Bölüşmədilər...

“...bizim kəndlərdə Qələbə Günündə sevinmirdilər, ağlayırdılar. Çox ağlayırdılar...

... Uzun illər susmuşuq, hətta evdə də danışmamışıq! On illərdi. Müharibədən qayıdandan sonra birinci il mən elə hey danışırdım, danışırdım. Heç kim qulaq asmırdı. Bundan sonra susdum... Yaxşı ki, sən gəldin. Mən həmişə kimisə gözləmişəm, bilirdim ki, kimsə gələcək. Gəlməlidir...”

Belarusiya yazıçısı, nobelçi Svetlana Aleksieviç “Müharibənin qadın üzü yoxdur” əsərinə sadə bir cümlə ilə başlayır: “Müharibə haqqında kitab yazıram... Hərb haqqında kitab oxumağı sevməyən bir adam kitab yazır ”. Svetlana Aleksieviç bu romanını kabinetdə yazmayıb. Yüzlərlə evin ünvanını araşdırıb, o evlərdə qonaq olub, yüzlərlə sənəd, tarixçə, məktub, xatirə dəftərləri, əsgər albomları vərəqləyib. Onlarla qadının xatirəsini dinləyəndə onlarla birgə ölüb-dirilib, başını onların çiyninə qoyub ağlayıb, göz-gözə oturub o illərin hekayəsini yaşayıb, sarsılıb, sıxılıb sonra qələmini götürüb və bu hekayələrin –müharibə qızlarının ağrılı hekayələrinin romanını yazıb.

Romanın yazılma ili maraq oyadır. 40 ildən sonra müharibəyə qayıtmaq, bu mövzuya yeni, fərqli baxışın peyda olması demək idi. Deməli, müharibə haqqında yazılanlar müəllifi qane etməyib. Hərb haqqında oxumağı və yazmağı sevməyən yazıçı bu ağrılı mövzunun həqiqi sifətini, üzünü göstərmək üçün istəyini məcburiləşdirib. Lakin əlyazması uzun müddət mizin üstündə qalıb, nəşriyyatlar yazıçıya rədd cavabı veriblər, jurnallar susub. Səbəb də o olub ki, müharibə çox dəhşətli təsvir edilib. Qorxunc yerlər, naturalizm çoxdur. Kommunist Partiyasının aparıcı və istiqamətverici rolu yoxdur və s.

“Bir sözlə, bizim müharibə deyil... Bəs o müharibə necə olub ki? Hansı müharibəni deyirsiz? Generallarla və müdrik generalissimusla olan müharibəni? Qansız və bitsiz müharibəni deyirsiz? Qəhrəmanlar və qəhrəmanlıqlarla olan müharibəni?”

Romanı oxudum və anladım ki, bu müharibə haqqında yazılan əsərlərdəki müharibə deyilmiş “41”in müharibəsi. Bu xanım müharibənin başqa üzündən yazdı, “41-in qızları”nın qələbəsindən yox, itirilmiş xoşbəxtliyindən, qadınlığından və arzularından... Və anladım ki, qələbə paradı, əsgər dəbilqələrinə, Sovet tanklarına taxılan may çiçəkləri, pionerlərin sevinclə, fərəhlə veteranların üstünə qaçdığı kadrlar, “9 may Qələbə günüdür” mövzusundakı inşaların alovlu cümlələri (bizim uşaqlıqda tanış olduğumuz bu müharibənin şişirdilmiş obrazı) – hamısı göründüyü qədər də sevincli deyilmiş... Müharibə bitmişdi, hamı sevinməliydi, hamı qələbə ovqatında olmalı idi, hamı şüarlar, şeirlər, nəğmələr yazmalı, oxumalı idi, amma uşaqların çoxunun sualları vardı, onların uşaq məntiqinə görə hələ bitməmiş, aydınlaşmamış məsələlər, cavabsız suallar vardı. “Bir dəfə qonşumuzun oğlu məndən soruşdu: - Bəs o adamlar yerin altında nə edirlər? Müharibədən sonra yerin altında qalan adamlar yerin üstündəki adamlardan çoxdu... Biz də müharibənin sirrini tapmaq istəyirdik... Kənd uşaqları uzun müddət “alman” və “rus” oyunları oynayırdılar, alman sözləri qışqırırdılar: “Həndi xox!”, “Çuryuk!”, “Hitler kaput!”... “Məktəbdə bizə ölümü sevməyi öyrədirdilər. Biz inşa yazardıq; yazardıq ki, kiminsə yolunda, nəyinsə uğrunda...ölmək istərdik... Arzulayardıq, xəyallar qurardıq...”

Svetlana Aleksieviçə qədər müharibənin yalnız kişi üzü, kişi sifəti, “kişi qəhrəmanlığı” təsvir edilirdi. Qələbə də onların adına yazılırdı. Qadınlar arxada qalmışdı. Ən yaxşı halda “arxa cəbhə” obrazları, subyektləri kimi, “yardımçı heyət” qismində... “Kişilər yazıb və kişilər barədə yazıblar”... Biz müharibə haqqında nə biliriksə yalnız "kişilərin səsi"ylə bilmişik, eşitmişik. Bizim müharibə haqqındakı təsəvvürlərimiz "kişilərin təsəvvürləri"nin, "kişi" yaşantılarının əsiridir. Biz "kişi" sözlərinin əsarəti altındayıq. Qadınlar isə susurlar. Axı məndən başqa heç kim nənəmdən bir kəlmə belə soruşmayıb, onu sorğu-suala tutmayıb! Mənim anamı heç kim dindirməyib. Hətta cəbhədə olan qadınlar da susurlar. Danışmağa başlayanda belə öz müharibələrindən yox, özgə müharibəsindən söhbət açırlar. ”

Svetlana Aleksieviç bu əsəri ilə müharibə qadınını kişi kölgəsinin, kişi bayrağının altından çıxarır. Bu məqamda yadıma türk yazarı Əlif Şəfəqin “kişilər yazır, qadınlar isə oxuyur” fikri düşdü. “...ümumilikdə də yazı sənəti aləmində redaktorların, tənqidçilərin, yazarların, kitab nəşri işində aparıcı mövqelərdə duran insanların böyük hissəsi kişilərdir. Bu, onu sübuta yetirir ki, kişilər yazır, qadınlar isə oxuyur, çünki oxucuların böyük hissəsi qadınlardır. Bu, xüsusilə də bədii ədəbiyyatda belədir. Mən deyərdim ki, oxucuların 85 faizini qadınlar təşkil edir. Bu da ona dəlalət edir ki, qadınlar oxuyur, kişilər isə yazır. Mən bunun dəyişdiyini görmək istəyirəm”.

Svetlana Aleksieviç romanını yazmağa başlayanda bircə istəyi olub: “Mən məhz bu müharibənin tarixini yazmaq istəyirəm. Qadın müharibəsinin tarixini”.

Bu fikirlər feminist, “kişi düşməni” hesab edilən bir yazara aid deyil. Bu yaşanan, həqiqətdə mövcud olan real səhnələrin səmimi ifadəsidir. Svetlana Aleksieviç bu əsəri ilə müharibənin daha çox əzdiyi və müharibədən sonrakı təntənələrdə artıq unudulan qadının epizodlaşmış obrazını baş qəhrəmana çevirir. Müəllif bir cins olaraq təhqir edilmiş, fədakarlığına və qəhrəmanlığına görə cəbhə həyatı müddətində həvəsləndirilmiş, müharibədən sonra isə riyakarcasına unudulmuş qadınların vəkili kimi çıxış edir əsərində - mənəvi vəkili... Və sonda vəkil-müəllifin “məhkəmə”ni udduğunun şahidi oluruq. Bu qadınların mənəvi “konpensasiyası” ödənilir... Oxucular, tarixçilər, ədəbiyyat, ruhi-mənəvi kateqoriyaya aid bütün sahələrin nümayəndələri bu müharibə qadınlarının əzilmiş ruhu, məhv edilmiş həyatı, itirilmiş sevgiləri və ən əsası tapdanmış haqqı qarşısında baş əyməli olur. Yəqin ki o qadınlar indi yoxdur, öz müharibə və sülh dövrü həyatlarını başa vurublar. Onlarla hesablaşmaq, onlardan üzr istəmək də mümkün olmayacaq artıq. Amma müharibələr davam edir, müharibənin siması dəyişməyəcək və bu müharibələrdə qadınlar yenə əziləcək, təhqir ediləcək, ən çox ağlayan, sızlayan, ağrı çəkən fərd kimi tənhalaşacaq...

Biz müharibə ölkəsinin insanları kimi bu duyğularla artıq doğmalaşmışıq. 25 ildir, müharibənin siyasi, ictimai, hərbi, hətta estetik yozumlardakı sifətini izləməkdə, tanımaqda davam edirik. Bizim susmuş müharibəmizin də bir ayrı obrazı var ki, bu artıq başqa yazının mövzusudur...

Müharibə hər sahədə əngəldir, sıxıntı, dərd, zülmət, vəhşət və dəhşətdir. Müharibə yaxşı olan hər işə, hər şeyə antidir, əksdir… Müharibədə təkcə insanlar əziyyət çəkmir, quşların da yuvası dağılır, digər canlıların da növrağı pozulur. Otlar, çiçəklər əzilir, torpaq qana bulaşır, hava zəhərlənir, evlər yanır, hasarlar uçurdulur, damlar yatır, gəlinlər dul, uşaqlar yetim qalır, analar “şəhid anası” statusu alır, atalar boynubükük gəzməyə başlayır, tarix yandırılır, rəsm əsərləri, abidələr təhqiramiz şəkildə məhv edilir… Ən pisi isə insanın içindəki “müharibədən sonrakı müharibə”nin sindromları, fəsadları və sızıltılarıdır…

Bu günlər sosial şəbəkələrdə Qarabağla bağlı “Aprel savaşı”nda olayların, döyüşlərin görüntülərindən fraqmentlər paylaşılırdı. Bayraqlar, sevinc, şəhidlərlə bağlı kədərli şəkillər, statuslar –qanunauyğun və absurd görünən hər şey müharibəmizin siması, sifəti kimi qəbul olunmalıdır. Lakin bu görüntülərin içərisində gözüm bir yazıya və şəklə sataşdı: Şəhid oğlunun tabutu altına girmiş, qarapaltarlı ana tabutun önündə oğlunun nəşini çiyində daşıyacaq qədər cəsarətli bir addım atmışdı. İslam ənənəsində bəlkə də ilk “pozuntu” hesab edilə biləcək bu addım əslində müharibə qadınının yeni, inqilabi ruhlu ana obrazını yaratdı. Görünür, ciyəri yanan, ürəyi parçalanan ananı heç kəs, heç nə durdura bilməyib. İzdiham önündə oğlunun tabutunu qalib əsgər əlində bayraq daşıyırmış kimi başı üzərində fəxrlə aparırdı. Ənənəyə uyğun olaraq həmin ana mağarda qadın mollanın yanında oturub sızıldamalı idi, amma ana ön plana çıxır və artıq müharibə, faciə qadınına çevrilir. Bu addımda üsyan var, etiraz var, mübarizə və iradə əzminin elementləri var. Çünki o adi bir oğulun yox, müharibədə, vətən yolunda ölmüş bir oğulun anası idi. Kişilər ona “şəhid anası” statusunu vermişdilər həmin gün, güzəştə getmişdilər, çiynini tabut altına verib oğlunun nəşi ilə addımlayacaq qədər irəli buraxmışdılar…

Bu bizim müharibəmizin qadınlarından birinin hadisəsi, obrazı idi... Hələ ki, ədəbiyyatlaşmamış obrazı...

“Müharibənin qadın üzü yoxdur” əsərindəki qadınların hərbi ixtisasları - sanitar təlimatçı, snayper, pulemyotçu, zenit toplarının komandiri, minaaxtaran olub, müharibədən sonra isə, laborant, ekskursiya rəhbəri, mühasib, müəllim... işləyirlər... Bu qadınlar müharibədəki talelərindən danışanda sanki özləri olmurlar, başqasının nağılını danışırmış kimi romantikaya dalırlar. Şəxsiyyətlərindəki ikiləşmə (mələk və qatil) onların əsil xislətini çox zaman kölgədə qoyur. “Biz alman əsirlərini götürüb dəstəmizə gətirdik...Onları güllələmədik, çox asan ölüm olardı onlar üçün...Biz onları donuz kimi tikə-tikə doğradıq. Sünbəylə. Mən onlara baxmağa getdim... Gözləyirdim! Gözləyirdim ki, görüm onların gözləri ağrıdan ha vaxt bərələcək...Göz bəbəkləri...

Siz axı nə bilirsiz bu barədə?! Onlar mənim anamı balaca bacılarımla birlikdə tonqalda diri-diri yandırmışdılar, düz kəndin ortasında...”

“İnsan müharibədən ağırdı...” qənaətində olan yazar öz mətni ilə sübut edir ki, müharibənin xarakteri, gedişi, əvvəli, sonu, siyasəti, strategiyası bəllidir, insanınkı isə yox... İnsan daha ağırdır, ondan danışmaq, ondan yazmaq, onu yazmaq ağırdır. Müəllif müharibədə gənc qız olan (hətta onlardan bəziləri eləcə müharibə meydanında böyümüşdülər), indisə yaşlı, xatirələrini belə unutmağa çalışan qadınları acgözlüklə dinləyir. “Dinləyirəm... Getdikcə iri bir qulağa dönürəm - bütün günü başqa bir adama dönüb dinləyən qulağa. Mən səs "oxuyuram"... Svetlana Aleksieviçin sonralar yazacağı “Səslərin romanı” da bəlkə bu “səs” xridarlığının uğurlu tapıntısı oldu...

Romançı “Od”, “alov”, “atəş”, “haray”, “qələbə”, “məğlubiyyət”, “tank”, “top”, “tüfəng” , “hücum” və s. bu kimi qışqırıqlı, pafoslu, atəşli kəlmələrin intonasiyasından kənarda baxır müharibəyə və elə ona görə də müharibəni “intim bir yaşantı” hesab edir. Çünki o həmin yaşantıda insanın əzablarını və dəyişdirilmiş, zorlanmış taleyini görür.

O, romanı üçün yeni forma, üslub, ifadə tərzi və süjet tapıb. Sənədli materialları, tarix parçaları, bədii mətn süjetləri, müəllif obrazı, yanaşması və hətta tənqidçi təhlilləri bir romanın içərisinə ustalıqla yerləşdirilib. Müəllif hər ideyasına, hadisə və təsvirinə mətnin ümumi ahəngindən, intonasiyasından ayrılmadan izah verir. Düşünürsən: niyə imkan vermir ki, bunu əsərin tənqidçisi desin? Amma bu ədəbi-bədii şərh və təhlillər süjetin ayrılmaz ünsürləri kimi möhkəm və məntiqidir.

“Bir qadın (təyyarəçi) mənimlə görüşməkdən imtina etdi. Telefonda izah elədi: "Görüşə bilmərəm...Xatırlamaq istəmirəm. Mən üç il müharibədə olmuşam... Mən üç il özümü qadın kimi hiss eləməmişəm. Mənim orqanizmim ölüdür. Mən heç vaxt aybaşı olmamışam, demək olar ki, heç vaxt qadın istəyim olmayıb. Amma mən çox gözəl idim... Mənim gələcək ərim mənə evlənmək təklif edəndə... Bu Berlində, Reyxstaqın yanında baş verdi... O dedi: -Müharibə qurtardı. Biz sağ qaldıq. Bəxtimiz gətirdi. Gəl mənim arvadım ol. Mən ağlamaq istədim. Qışqırmaq istədim. Onu vurmaq istədim! Necə yəni, mənim arvadım ol?! Ərə getmək?

- İndi? Bütün bu dağıntılar arasında-ərə getmək? Bu qara hislər və kərpiclər arasında?... Sən bir mənə bax... Bax, bax, gör mən necə gündəyəm! Sən əvvəl məni qadın elə, qoy mən qadın olduğumu hiss edim: mənə gül bağışla, mənə qulluq elə, şirin sözlər de mənə. Mən bunları elə çox istəyirəm ki! Bunları elə gözləyirəm ki!

...Mən az qala onu vuracaqdım!... İstəyirdim onu vurum!.. Lakin onun bir yanağı yanmışdı, qıpqırmızı olmuşdu, gördüm ki, məni anladı və onun yanmış yanaqlarından yaş süzüldü. Göz yaşları təzə yaralarının üstündən süzülürdü... Və sonra özüm də inanmadım öz sözlərimə, dedim:

- Hə, mən sənə ərə gələrəm.

Amma danışmaq istəmirəm. Gücüm yoxdu... Gərək bütün hər şeyi bir daha yaşayasan ki...”

Bu qadınlar keçmişlərini, xatirələrini heç kimlə, hətta öz romançıları –Svetlana Aleksieviçlə bölüşmək istəmir, müəllif isə israrlıdır. “Mən o qadını başa düşdüm. Lakin elə bu da mənim yazdığım kitabın bir, yaxud yarım səhifəsidir” –deyə düşünsə də, əslində bu fəaliyyəti ilə o öz romanı üçün material toplamaq həvəsindən daha çox o qadınların haqqını bərpa etmək, onların məhv edilmiş, ölmüş hissləri, yaşantıları, arzularının məzarı üzərində abidə qoymaq niyyətində, həvəsində idi.

Svetlana Aleksieviç Dostoyevskinin sualını vermək istəyir özünə: “insanın içində neçə insan var və o insanı orda-qəlbində neçə qorumaq olar? Şübhəsiz, şər cazibəlidir. O, xeyirdən daha çoxüzlü olur. Şər daha cəlbedici olur”.

Müəllif müharibə meydanında, qanlı səngərlərdə qələbəni tezləşdirmək üçün yardıma gedən qadınların xatirələrini dinləyir və o illərə qayıdır. O illərin səsini, qışqırıqlarını, sarsıntılarını o qadınlarla birgə yaşayır. Onların tənhalaşmış dünyasının qapısını döyür və “hər şeyi mənə danışın, mən sizi anlayıram” – nəvazişini onlara təmənnasız təklif edir. Yazıçı ilə görüşən müharibə qadınları onlarla bu qədər dərindən maraqlanan cavan müəllifin təkidlərindən bəzən narahat da olurlar. Sanki “Axı bu maraq nəyə lazımdır, əsas qələbədir, onu da əldə etdik!” –istehzası ilə söhbətdən və müsahibdən qaçırlar çox zaman...

Lakin heç kəs, nəinki gələcək obrazları, hətta yazıçı dostları və senzorlar da onu tam başa düşə bilmirdilər, eləcə həmin qadınlar sayaq ona yazırdılar: “Xırdalıqlara getmə... Bizim böyük qələbəmizdən yaz”. Lakin Svetlana Aleksieviç məhz xırdalıqlara gedir, hörükləri kəsilən, ilk dəfə qan və ölüm görəndə huşunu itirən, çuvallardan özlərinə paltar tikən bu insanların bütün itkilərini hesablayır. Bir insan ömrünə zorla sığışdırılan ağrıların səsini, rəngini müəyyənləşdirir. “Mənim üçün məhz "xırdalıqlar" əsasdır-burda həyatın istiliyi və aydınlığı var: hörüklər əvəzinə kəkil var, isti sup və kaşa qazanları var; o qazanlar ki, döyüşə gedən yüz nəfərdən cəmi yeddi nəfəri qayıdıb yeyəcək; ya da müharibədən sonra bazara gedib qırmızı ət parçalarına doyunca baxa bilməyənlər var... Hətta qırmızı çit parçaları da görə bilməyənlər var...”

Svetlananın qəhrəmanlarından biri ona deyir: “Ah, mənim gözəlim, qırx il ötüb artıq, mənim evimdə indi qırmızı heç nə tapmazsan. Mən müharibədən sonra qırmızı rəngə nifrət edirəm!” Bu adi bir rəng zövqü, yanaşması deyil, Bu qadınlar həyatlarının ən gözəl günləri kimi ən gözəl rənglərini – qana bənzər qırmızı rəng sevgisini də itiriblər... Qəribədir ki, onlar ondan müsahibə alan, onları danışdırmağa başlayan xanım yazıçını sonradan özləri arzulamalı oldu. “Bəli, onlar çox ağlayırlar. Qışqırırlar. Mən çıxıb gedəndən sonra ürək dərmanı içirlər. Təcili yardım çağırırlar. Lakin bütün hallarda xahiş edirlər:”Gəl. Hökmən gəl. Biz çoxdan idi susurduq. Düz qırx il susmuşuq...” Yazıçı isə yazırdı ki, onlar danışanda qulaq asıram... Onlar susanda da qulaq asıram... Onların hər şeyi-sözləri də, susqunluqları da mənim üçün mətndir...

“Mən ordumuzla düz Berlinə qədər gedib çıxdım...Kəndimizə qayıdanda döşümdə ordenlər vardı- iki Şöhrət Ordeni və medallar. Üç gün evdə qaldım, dördüncü gün anam məni yuxudan durğuzub dedi:

- Qızım, sənin boğçanı hazırlamışam, çıx get burdan... Get, get... Sənin kiçik bacıların var axı burda. Onları kim alacaq, hə? Hamı bilir ki, sən dörd il cəbhədə olmusan, orda kişilərlə...

Mənim qəlbimə toxunmayın. Siz də o birilər kimi mənim təltiflərimdən, mükafatlarımdan yazın...”

Bundan da böyük haqsızlıqla rastlaşmışıqmı həyatda? Bu epizodun şərhi insanın ruhunu sarsıdır. Deməli, dövlət, cəmiyyət, siyasət qalsın bir yana, əgər sənin həqiqətini və haqqını anan, atan, sevdiyin birisi də danırsa və beləcə “nəvazişlə” səni başqa ünvanlara ötürürsə, “müharibə bitdi, sənin də qəhrəmanlığının, fədakarlığının müddəti bitdi” – anlamında səninlə vidalaşmağa utanmırsa, onda fiziki ölümlər, ölmək və öldürmək sadizmi qəddarlıq kimi qəbul edilməməlidir… Müharibə zamanı komandirlərdən biri deyir:” - Ehhh, qızlar! Sizi hamı sevir! Amma müharibədən sonra sizinlə evlənməyə qorxacaqlar. Düz hədəfə vurursunuz, boşqabı da tolazlayarsız ərin alnına və öldürərsiz onu!”

Həqiqəti gözləri ilə görən əsgər yoldaşları, o adamlar ki bu qızlar onların yarasını sarımışdı, güllə yağışı altda qoluna girib silahı ilə birlikdə sürüyüb təhlükəsiz yerdə onlara yardım etmişdi, o adamlar da onların haqqını yedi, onların müdafiəsinə, mücadiləsinə qalxmadı müharibədən sonra… Yalnız xatirələrdə: “ Müharibə qurtarandan sonra o qızlar müdafiəsiz qaldılar. Dəhşətli dərəcədə. Elə götürək mənim arvadımı. Çox ağıllı qadındır, o da müharibədə olmuş qızlara qarşı pisdir. Hesab edir ki, o qızlar müharibəyə nişanlı tapmaq üçün gediblər, orda eyş-işrətlə məşğul olublar. Lakin həqiqətdə isə belə deyildi- biz axı sizinlə səmimi söhbət edirik! O qızların əksəriyyəti namuslu qızlar idi. Təmiz qızlar idilər. Lakin müharibədən sonra...

O çirkabdan, ölümdən, bit-birədən sonra... Nəsə gözəl, səliqəli, güləş bir qadın istəyirdin...Mənim bir dostum vardı, onu yadımdadı ki, cəbhədə gözəl bir qız sevirdi. Tibb bacısıydı. Lakin oğlan o qızla evlənmədi, tərxis olunandan sonra ayrı birisini, qılıqlısını tapdı. Və indiyə kimi də o qadınla xoşbəxt deyil. İndi o, müharibədəki sevgisini xatırlayır, o qız ona dost ola bilərdi. Lakin cəbhədən sonra dostum onunla evlənmək istəmədi, çünki o qızı düz dörd il nimdaş çəkmələrdə və kişi gödəkcələrində görmüşdü. Biz çalışırdıq ki, müharibəni unudaq. Və öz qızlarımızı da unutmuşuq...”

Bəli, kişilər artıq müharibəni unutmaq üçün 4 il boyunca nimdaş çəkmələrdə və kişi gödəkcələrində gəzən bu qadınları da unutmalıydı, onlar səliqəli, güləş bir qadın arzulayırdılar. Bu qadınlar isə gülməyi unutduqları kimi göz yaşlarını da unutmuşdular. Göz yaşları da qadın gözəlliyinin qadın sirriliyinin bir ünsürü idi… “ Əlbəttə... mən yanmış kombinezonları, yanmış əlləri, yanmış üzləri görəndə... mən... Təəccüblüdür! Mən göz yaşlarımı itirmişdim...Qadının ən böyük vergisi onun göz yaşlarıdır... Mən onu itirmişdim...”

“Mənim qəlbimə toxunmayın. Siz də o birilər kimi mənim təltiflərimdən, mükafatlarımdan yazın...” –deyir müharibə qadını, amma yazıçı məhz onun qəlbini, hisslərini hədəfə alıb.

Müharibədən sonra bu qızlara münasibət kəskin şəkildə dəyişdi, indi artıq onlar “41-in” müharibə, əsgər görmüş, yəni pozulmuş qızları kimi səciyyələnməyə başlamışdı. Bu qızlardan dost-tanışları, sevgililəri deyil, həm də anaları imtina edirmiş… Ağrılı deyilmi? 17-18 yaşında incə, zərif, gözəl vücudları və ən səmimi duyğuları ilə qanlı-qadalı, gurultulu, bitli-birəli bir döyüş meydanına könüllü atılasan, hər şeyini orada itirib qəhrəman kimi qayıdasan və uğurunda vuruşduğun insanların üzündə istehza, imtina, laqeyidlik jestlərinin sarsıdıcı yazılarını oxuyasan… Müharibə onların xoşbəxtlik anlayışını da dəyişdi: “Məndən soruşun: xoşbəxtlik nədir? Cavab verim: həlak olanlar arasında qəflətən diri adam tapmaq!..” (Anna İvanovna Belyay, tibb bacısı) Onların sevgi və xatirə albomları da məzmununu dəyişmişdi artıq. Müharibə, ölən cəbhədaşlarının şəkilləri ilə bəzənmiş albom olmuşdu.

Bu qızların xatirələrində qəlbimizi riqqətə gətirən detalların sayı-hesabı yoxdur. Məsələn müəllif onların cəbhəyə hansı ovqatla getdiyini ifadə edən xatirələrdə diqqəti bir neçə məqama yönəldir. Bu qızlar şiddət və rəzalətdən, zordan, kobudluqdan, ölümdən, qandan xəbərsizdir. Bu qızların yol çantasında, çamadanında çoxlu bər-bəzək, konfet, kabluklu ayaqqabılar, yubkalar, biqudilər var…

“Hərbi komissar soruşdu:

- Sizi hara göndərək?

Dedim:

- Rəfiqəm hara, mən də ora...

Biz rəfiqəmlə birlikdə Leninqrad vilayətinə gəlmişdik, rəfiqəm on beş kilometr uzaqda yerləşən qonşu kənddə işləyirdi. Hərbi komissar gülür, deyir:

- Elə sənin rəfiqən də belə dedi.

O, çamadanımı götürüb məni stansiyaya aparacaq yük maşınına qoyanda soruşdu:

- Çamanda nə var belə? Yaman ağırdı...

- Konfetdir. Ağzına qədər konfetlə doludur...-dedim.

O, susdu. Daha gülmədi. Gördüm ki, özünü birtəhər hiss elədi, görünür, utandı. O, cavan da deyildi. Bilirdi məni hara yola salır...”( Mariya Vasilyevna Tixomirova, feldşer )

“…lakin yadıma gəlir ki, mağazaya girdik və mən özümə bir cüt də tufli aldım, hündür daban idi. Yadıma gəlir-geriyə çəkilirik, ətraf qara tüstü (amma mağaza açıq idi, qəribəydi!) və nədənsə özümə də tufli almaq istədim. İndiyə kimi yadımdadı-elə gözəl tuflilər idi ki! Bir də ətir aldım... Sonradan bu qızlar çirkli, qanlı, yamaqlı ağır paltarlar geyəcəkdilər. (“Qışda qanlı paltarlar ağır olur”)

Əvvəlki dinc həyatdan dərhal imtina etmək çox çətin idi. Təkcə ürək yox, bütün bədənin müqavimət göstərirdi. Xatırlayıram ki, o mağazadan çıxıb qaçanda necə sevinirdim. Əlimdə də tufli. Mənim ruhum qanadlanmışdı. Ətraf isə tüstüydü... Gurultu...Mən artıq müharibədə idim, amma müharibə barədə düşünmək istəmirdim. İnanmırdım”.

“Qızlar hörüklərini kəsdilər və başladılar ağlamağa. Lilya Litvyak isə, sonralar məşhur təyyarəçi olacaqdı, heç cür öz hörüklərini kəsmək istəmirdi”.

“Gündüzlər çəkmələrdə gəzirdik, axşamlar isə heç olmasa bir neçə dəqiqə tufliləri geyinib güzgünün qabağında özümüzə baxırdıq”.

Müəllif bu qadınların dinc həyatdakı mübarizəsini də gözündən qaçırtmır: “Müharibədən sonra qadınların bir müharibəsi də oldu. Onlar hərbi kitabçalarını, yaralanmalar haqda arayışlarını gizlətdilər, çünki yenidən gülümsəməyi öyrənmək, hündür kablukda gəzmək, ərə getmək gərək idi”.

“... Kişilərsə öz hərb rəfiqələrini unutdular, onlara xəyanət etdilər. Onlardan Qələbəni oğurladılar. Bölüşmədilər”....

Yazar hadisələri deyil, hadisələrin ruhunu analiz edirdi, hislərin süjetini izləyirdi. Hadisə necə baş verdi, yox, hadisə zamanı bu qadınlar hansı hissləri yaşadı? - sualı həll olunmalı idi romanda... Romanist səpələnmiş kərpiclərdən onların əziz xatirəsinə məbəd tikir. Bu roman yazılmasaydı da onların adlarını əbədiləşdirmək olardı, amma onların yaşantılarının bu dərəcədə səmimi və real cizgilərini, rəsmini çəkmək mümkün olmazdı. Bu unudulmuş insanlar öz əzablarının mahiyyətini açanda deyir: “insanı ən çox ağrıdan odur ki, bizi böyük keçmişdən qovub dözülməz, xırda bugünə gətirib çıxarıblar. Artıq heç kim bizi məktəbə, muzeyə çıxış eləməyə çağırmır, artıq biz lazım deyilik. Biz artıq yoxuq, amma biz hələ sağıq. Öz dövrünü yaşayıb başa vurmaq çox dəhşətlidir...”

İlk baxışdan romanda fraqmentallıq hiss olunur, sanki əsər xatirə fraqmentlərinin toplusudur. Ancaq mətnaltı prosesdə hadisə və ideya öz möhkəm süjeti əsasında inkişaf etdirilir. 41-dən repressiyalara—(həm müharibədən əvvəlki 37-ci illərə, həm də müharibədən sonrakı 47-48-ci illərə) yollar çəkir yazar... Müharibə insanının bitməyən sarsıntılarının yollarını...

Stalin bu qadınların atalarını, qardaşlarını, dayılarını repressiyaya məruz qoyub. İndi onlar bu yaranı, dərdi sanki “müharibədən sonraya” saxlayır və vuruşur, qalib gəlir. Müharibə bitir, təqib və işgəncələr isə bitmir. Öz vətəndaşının mənəvi-psixoloji mövcudluğu üzərində amansız eksperimentlər aparan Stalin hərbi savaşda uddusa da, insanlarının mənəvi süqutunu tezləşdirdi və daimi qorxu içərisində çabalayan böyük, bir imperiyalıq əzilmiş insan ordusu yaratdı...

Roman qəhrəmanları ilə bağlı düşüncələr dramatikləşəndə yazıçı “Senzorla söhbətdən” başlıqlı dialoqla dövrün ictimai-siyasi mənzərəsini canlandırır. “-Bu kitabdan sonra kim döyüşə gedər? Siz qadını prmitiv naturalizminizlə alçaldırsınız. Özü də qadın-qəhrəmanı. Onu hörmətdən salırsınız. Onu adi qadın kimi göstərirsiniz. Qancıq kimi. Onlar isə müqəddəs varlıqlardır...

- Bu fikirlər sizdə hardandı belə? Yad fikirlərdir. Sovet düşüncəsi deyil. Siz qardaşlıq məzarlarında yatanlara gülürsünüz. Remarkı oxuyub zəhərlənmisiniz. Bizdə Remarkizm keçməz. Sovet qadını heyvan deyil...”

Romanın bu yerində artıq müharibə mövzusu ictimai-siyasi ideya mübarizəsi fonunda təhlil edilir. Yazıçı müharibə insanının taleyini sonacan izləyir və aydın olur ki,insanlar uğrunda fəda olduqları ideyanın düşmənləri kimi sürgün edilməyə, təqib olunmağa başlayır. Yazıçını isə “remarkizm”də günahlandırırlar… Həm yazıçı, həm də onun tarixi qəhrəmanları ittiham, təhdid, hədə kabusunun təhlükəsi ilə üzbəüz dayanıb… “41-in qızları”na, müharibəni udub, taleyini uduzmuş müharibə qadınlarına ədəbi və əbədi tarix yazmaq zamanını Svetlana Aleksieviç qaçırmaq fikrindən uzaqdır. Dinc dövrün, “sosializm əminamanlığının” ağır şərtləri altında diksindirici həqiqəti bəyan etmək on illərin qələbə paradları önündə addımlayan müharibə generallarına, ideologiyaya, bu ideologiyanın saxta ədəbiyyatına, bu ədəbiyyatın patriarxlarına üsyan etməyə bərabər idi. Svetlana Aleksieviç bu qəhrəmanlığı etdi. Müharibənin və müharibə qadınının əsil tarixçəsini yazdı. Hisslərin, ruhun, yaşantıların saxtalaşdırılmış tarixi obrazı, siması ədəbi, ilahi sözün məhkəməsindən keçdi, bəraət aldı və ədəbiyyatlaşdı… Bu dəfə əksinə oldu: fakta söykənən tarix təxəyyülə söykənən ədəbiyyata uduzdu. Çünki tarixin saxtalaşdırdığı böyük bir faciənin əhvalatını, təhkiyəsini ədəbi-ilahi söz nizama saldı, doğruladı, olduğu kimi yazdı. Tarixi olduğu kimi yazanda ədəbiyyat olmur. Amma bu qadınların müharibə taleyi özü artıq bir bədiyyat idi, bədii mətn mövzusu idi, bütün cizgilərilə…

Müharibəni udmuş sovet insanları, eləcə də bu qadınlar inanırdı ki, “müharibədən sonra hər şey dəyişəcək... Stalin öz xalqına inanacaq. Lakin müharibə qurtarmamış artıq Maqadana eşalonlar yollanırdı...Qaliblərlə dolu eşalonlar...Əsir düşən əsgərlərimizi həbs etmişdilər, alman düşərgələrində sağ qalan adamları tutmuşdular, almanların əsir götürüb işləməyə apardıqlarının hamısını; kim ki Avropanı görmüşdü hər kəsi tutub basmışdılar. Bəs necə? Danışa bilərdi-oralarda xalq necə yaşayır... Kommunistlərsiz necə yaşayırlar. Oralarda necə evlər vardı, necə yollar... Heç yerdə kolxoz-zad yoxdur...” Halbuki müharibə başlayanda xalqa müraciət edən Stalinin ilk sözü “Qardaşlar və bacılar!” müraciəti, xitabı olmuşdu… İndi isə bu qardaş və bacılar düşmən kimi cəzalanırdı…

Bəli, doğrudan da müharibəni ölkəsinə qələbə ilə başa çatdıran insanlar yenidən təqib və ittihamlara məruz qaldı, yenə hamı susdu. Susur və qorxurdu -37 ci illərdə olduğu kimi…

Hadisələrin məzmunundan da görürük ki, yazar tarixin sadəcə 5 ilində (1941-1945) ilişib qalmır, onun mətinin zaman limiti yoxdur, çünki o, hadisələrin deyil, insanın da deyil, insanın ağrılarının, sıxıntılarının zamanı, tarixi, prosesi haqqında düşünür daima. Onun baş qəhrəmanı ağrıyan, təhqir olunan hisslərdir… Əlbəttə, qəribə görünə bilər…Amma mən bu sətirləri yaza-yaza xanım yazarın müsahibələrindən birində söylədiyi təxminən bu şəkildə yadımda qalmış bir fikri haqqında düşünürəm. O deyirdi ki, “Səslərin romanı”nı yazıram, küçədəki səslərin…mənim kitablarımın mövzusu küçələrdədir, küçələrə səpələnib…

Müharibədən sonra bu qızlardan soruşurdular: ”Nə qədər alman öldürmüsən?” İstehzalı, əyləncə xarakterli belə suallardan qızlar bəzən inciyirdi. Çünki öldürmək ölməkdən daha ağır gəlmişdi onlara vaxtilə. Düşmənə rəhm və mərhəmət jesti nümayiş etdirəndə komandirləri demişdi: “Əvvəlcə faşistləri qovaq, sonra rəhm edərik...Yazığımız gələr. Sonra... Başa düşürsən? Sonraya saxla...” Amma o hissi geriyə qaytarmaq mümkün olmadı, heyif… Bu qdınlar da kobud, amansız, acımasız olmağa başladılar sonradan. Müharibə bütün digər ülvi hisslər kimi bu duyğunu da onlardan almışdı. Onlar üçün hər şey hərb qanunları dairəsində idi. Hər şey ağ-qara filmlərdə olduğu kimi idi- yalnız ağ, ya da yalnız qara. “Qulaq asın. Müharibə nə qədər çəkdi? Dörd il! Çox uzun çəkdi! Nə quş, nə də gül gördüm. Yadıma gəlmir onlar. Əlbəttə, onlar vardı, lakin mən onları xatırlaya bilmirəm. Hə, hə... Qəribədi, elə deyilmi? Məgər müharibə haqqında rəngli film ola bilər? Orda hər şey qaraydı. Təkcə qanın rəngi başqaydı... Təkcə qan qırmızı rəngdəydi...”

Romanda çoxlu “müharibəsini danışan qadın” obrazı var. Müxtəlif intonasiyalar, müxtəlif həyəcanlar, müxtəlif qorxular və müxtəlif cür axan göz yaşları... Qadınlar başlayanda qəhrəman, qalib, udan döyüşçü kimi danışmaq istəyirlər (axı Svetlanaya qədər bütün jurnalistlər və məktəblilər onlardan ancaq bunu tələb edirdi)sonda isə uduzmuş, məğlub, yazıq biri kimi göz yaşı ilə söhbətlərini tamamlayırdılar... Müəllif isə onları dinləyəndə nə qədər həyəcanlı olsa da təsvir zamanı bir o qədər soyuqqanlılıq nümayiş etdirir. Ən ürəkağrıdan detallarda belə yazıçı təmkinini pozmur. Məsələn, “Mənim üçün ən dözülməz hal amputasiya idi... Tez-tez ayaq kəsirdilər...mən isə dözə bilmirdim...güclə aparıram ayağı ki, ləyənçəyə qoyum...Yadımdadı, onlar çox ağır idi. Sakitcə götürürsən ki, yaralı eşitməsin, elə bil uşağı əlində aparırsan... Balaca uşağı... Xüsusilə, əgər ayağı dibdən kəsirdilərsə...dizdən yuxarı... Mən öyrəşə bilmirdim. Yaralılar narkoz altında inildəyirlər, ya da söyüş söyürlər. Üçmərtəbəli rus söyüşləri. Mənim üst-başım həmişə qan olurdu... Gah qırmızı, gah qara qan...”

Bu qızlara ağlamağa da icazə vermirdilər, “ağlayanda gücdən düşürsən və yaralıları daşımağa heyin qalmır, sonra, sonra ağlayarsan…” – deyirdilər… Doğrudan da hələ onların qarşısında ağlamaq üçün uzun-uzun yuxusuz gecələr, uzun-uzun tənhalıqlar vardı…

SSRİ xalqları ədəbiyyatında müharribə mövzusunda yazılan ədəbiyyatda mütləq müharibənin tərəfləri olurdu – hücumçu, qəddar, vəhşi və müdafiəçi, məzlum, ədalətli tərəf… Filmlərdə də belə idi.

Lakin “Müharibənin qadın üzü yoxdur” romanında sadəcə müharibə var, “Müharibə” anlamlı vəhşiliyin qurbanları var-fiziki və mənəvi… Ölmüş, yaralanmış hislər, sevgisi nifrətə çevrilmiş qurbanlar var…

Nobel mükafatını “Polifonik yaradıcılığı - zəmanəmizdə iztirab və cəsarətə abidə qoyduğu üçün” alan Svetlana Aleksieviç 1989-cu ildəSink oğlanlar” adlı kitabını əfqan müharibəsinin nəticələrinə, 1997-ci ildə “Çernobıl duası” kitabını isə Çernobıl qurbanlarının xatirəsinə həsr edir. İztirab və cəsarət... Bu yazıçının romanlarında təkcə iztirabın romantikası yox, həm də real, toxunula biləcək qədər həyati və gözlə görüləcək qədər canlı iztirab çeşidləri var. Oxu prosesində o qədər real məkana düşürsən ki, hətta elə zənn edirsən ki, durmadan axıdılan qan və göz yaşları əllərimizi, üst-başımızı isdadır... Hadisələrin, hətta döyüşlərin içərisində hiss edirik özümüzü... Müəllif sanki hər yerdə bu iztirab və sarsıntıları izləyir. “Müharibənin qadın üzü yoxdur” əsərində isə doğrudan da “iztiraba heykəl qoyub”.

Xatirələrin birində maraqlı bir həyəcan var: qadın almanların tikə-tikə doğradığı düşmən əsgərlərindən danışır, amma başqa səbəbə görə ağlayır. Almanlar bunu atların gözü qarşısında etmişlər. Onlar atlardan utanmadan, çəkinmədən bunu necə edə bildilər? –sualı xatirəsini danışan qadını hələ də sarsıtmaqda davam edir…Bəli biz müharibədə hər şeyə-ata da, quşa da, ota da, günəşə, suya, gecəyə, gündüzə də uduzuruq…Onların gözü qarşısında şeytana açıq-aydın uduzuruq, Allahı ona təslim etməyə cəhd edirik, iblisanə bir qeyz ilə… “...danışın...Susmaq olmaz. Şeytana güzgünü göstərmək lazımdır- düşünməsin ki, o, görünməzdir, onun izləri qalmır. Onları inandırıram...” Yazıçının müharibə həqiqətindəki təsvirlərinə təxəyyül və pafos lazım olmur, reallığın özü bütün rəng və çalarları, poetik ahəngi ilə qarşımızdadır. Sevgi üçün yaradılan insan nifrəti ilə tənəzzülə, məhvə məhkumdur. “Bircə yol var-insanı sevmək! Onu sevə-sevə anlamaq…Mənim üçün bir insan - o qədər çoxdu ki! Onda hər şey var- lap içində aza bilərsən!” Yazıçı romanının janrından, üslubundan danışanda maraqlı bir cümlə işlədir: “Uzun müddət dünyanı mənim gördüyüm kimi ifadə edən janr axtardım. Gözümə, qulağıma uyğun janr. Özümü sınadım... İnsan səslərini özümə janr seçdim…”

Doğrudan da romandan ayrılırıq, amma səslər qalır, təkcə qulağımızda yox, həm də ruhumuzda, düşüncəmizdə, keçmiş, gələcək haqqındakı xəyallarımızda… Yazıçı səsləri obrazlaşdırdı öz əsərlərində… Səslərin rəngini, taleyini, arzularını və ölümünü bizə anlatdı…

Mən indi bir oxucu kimi ədəbiyyatda həm də səslərin portretini, obrazını axtaracam bundan sonra. Fərqi yoxdur, bu səslərin içərisində öz müharibəsini danışanlar da ola bilər, sevgisini xatırlayanlar da… Amma indi bir də öz müharibəmizin – Qarabağ müharibəsi qadınlarının obrazlaşmış səsini eşitmək istərdim həqiqi sənətkar dilindənLukan Mark Anney deyirdi ki, “müharibə gələndə bütün qanunlar susur”. Ədəbiyyat isə, əslində, həm də bütün susqunluqlar haqqındakı səsdir, səs...

P.S. Svetlana Aleksieviçin bu ölməz əsərini dilimizə Kamran Nəzirli tərcümə edib. Böyük sevgi və məharətlə...

23.04.2016.

# 1313 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #