Gəncləri intihara sürükləyən mərc oyunları...

Gəncləri intihara sürükləyən mərc oyunları...
19 iyun 2025
# 14:00

Kulis.az Rəna Nevzatın "Mərclərin qurbanı gənclər..." adlı yeni yazısını təqdim edir.

Hündürlükdən, yoxsa ümidsizlikdən yıxılanlar?..

Çağdaş dövrün ən təhlükəli sosial problemlərindən biri də yeniyetmələr və gənclər arasında intihar hallarının artmasıdır. İntiharların kökü müxtəlif səbəblərə bağlanır. Və düşünüldüyü kimi təkcə iqtisadi çətinlik, həyat şərtlərinin ağırlığı və yaxud ictimai-mədəni böhranın yaratdığı psixoloji sarsıntılar, depressiyalar səbəbləri ilə yekunlaşmır.

Gənclər arasında intihar hallarının artmasının əsas səbəblərindən biri kimi mərc oyunlarını və bu tipli riskli fəaliyyətləri diqqətdən qaçırmaq olmaz. Bu cür oyunlar sadəcə virtual bir əyləncə və ya şans oyunu deyil, gerçək həyatda real faciələrin baş verməsinə səbəb olan təhlükəli bir alətdir. Son dövrlərdə xüsusilə də mərc, şans oyunları, onlayn qumar platformaları gənc nəslin psixoloji stabilliyini ciddi şəkildə sarsıdır. Gənclik təcrübəsizliyi və cahilliyi ilə bu kimi platformalarda müəyyən miqdarda vəsait uduzan gənclər bəzən ailədə anlayışla qarşılanmayacaqlarını düşünərək çıxış yolu görünməyən mənəvi uçuruma sürüklənirlər, intiharlara əl atırlar.

Əvvəla qeyd etmək lazımdır ki, gənclərin bu cür oyunlara meyil etməsinin əsas səbəbi asan yolla pul, uğur qazanmaq arzularıdır. Gələcək perspektivlərinə olan inamsızlıqları, maddi problemlər, işsizlik, ailə və cəmiyyət təzyiqləri fonunda bir çox gənc mərc oyunlarında öz “qurtuluş”unu axtarmağa çalışır. Bu, çox vaxt həyatlarına nəzarəti itirmələrinə, borclanmalarına və nəticədə dərin depressiyaya düşmələrinə səbəb olur. Depressiya isə məlum olduğu kimi, intihar riskini kəskin şəkildə artırır. Burada bəzən medianın və sosial platformaların məsuliyyətsiz rolu qeyd olunmalıdır. Mərc saytlarının, onlayn qumar platformalarının geniş və cəlbedici reklamları, tanınmış simaların bu oyunları təbliğ etməsi gənclərin şüurunda bu fəaliyyətin “normal” və “qazanc gətirən” bir yol kimi formalaşmasına səbəb olur. Bu cür “kampaniyalar” gəncləri qeyri-real gözləntilərə salır və onların psixoloji dayanıqlılığını pozur.

Bu tipli oyun və mərc sistemləri psixoloji asılılıq yaradır. Mərc oyunları “qazandıqca daha çox qazanmaq istəyini”, uduzduqca isə “itiriləni geri qaytarmaq ümidi”ni stimullaşdıraraq gəncləri çıxılmaz labirintə salır. Mexanizm zəncirvari işləyir, gəncin həyatı kim(lər)dənsə asılı vəziyyətə düşür, ailə və sosial münasibətlərini pozur və nəticədə onu mənəvi tənəzzülə uğradır.

Mərc asılılığı narkotik və alkoqol asılılığı kimi beynin kimyəvi strukturunu dəyişdirən bir prosesdir, gənclər maairflənmədikcə, daha ağır formalarda isə müalicə edilmədikcə “hündürlükdən yıxılmalar”a gətirib çıxarır.

Çıxış yolu isə ailələrin və məktəblərin bu məsələ ilə bağlı kifayət qədər maarifləndirici tədbirlər görməsidir. Ailələr səhv davranan yeniyetmələrə qarşı ciddi təzyiq, sərt kontrol “rejimini” anlayış və qayğı ilə əvəzləməlidir. Eyni zamanda hələ psixologiyası tam formalaşmamış yeniyetmə və gənclərin belə platformalardan uzaq tutulması üçün ciddi hüquqi və inzibati məhdudiyyətlər tətbiq edilməlidir.

Cəmiyyət, ailə, media və dövlət birlikdə bu problemin kökünü kəsmək üçün dərhal tədbir görməlidir. Əgər bu oyunlara çıxış məhdudlaşdırılmasa və gənclərin bu məsələdə hərtərəfli maariflənməsi təmin edilməsə, hündürlükdən yox, “ümidsizlik və çıxılmazlıq” uçurumundan yıxılan balalarımızın sayı çox olacaq... Və hər uduzulan mərc qədər gənc itirəcəyik...

# 1331 dəfə oxunub

Oxşar xəbərlər

Fatih Altaylının “Youtube” kanalı bloklandı

Fatih Altaylının “Youtube” kanalı bloklandı

10:40 8 avqust 2025
Yardımlıda qədim dövrə aid evlər aşkar edildi

Yardımlıda qədim dövrə aid evlər aşkar edildi

10:20 8 avqust 2025
Pompey sakinlərinin Vezuvi fəlakətindən sonra geri döndükləri kəşf edildi

Pompey sakinlərinin Vezuvi fəlakətindən sonra geri döndükləri kəşf edildi

10:10 8 avqust 2025
Azərbaycan plovu Səmərqənddə beynəlxalq kulinariya festivalında

Azərbaycan plovu Səmərqənddə beynəlxalq kulinariya festivalında

15:50 7 avqust 2025
Məşhur aktyor illər sonra səhnəyə geri qayıdır

Məşhur aktyor illər sonra səhnəyə geri qayıdır

15:30 7 avqust 2025
Cazibəli rəqqasə yoxsa amansız ikili casus?  - Edam zamanı əsgərlərə öpüş göndərən "Şəfəqin gözü"

Cazibəli rəqqasə yoxsa amansız ikili casus? - Edam zamanı əsgərlərə öpüş göndərən "Şəfəqin gözü"

15:20 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər