Firdovsi ola bilməyən Zəlimxan

Firdovsi ola bilməyən Zəlimxan
18 yanvar 2016
# 10:56

Kulis Mehman Qaraxanoğlunun “Qalanı təslim etdik...” yazısını təqdim edir.

O, Firdovsi ola bilmədi...

Çünki Firdovsi özündən sonra belə bir acı hekayət qoyub getdi: Sultan Mahmud Qəznəvinin “Şahnamə” poemasına görə şairə vəd etdiyi qızıl yüklənmiş karvan şəhərin giriş qapısından girərkən şairin cəsədi şəhərin çıxış qapısından aparılırdı...

İbrətamiz hekayətdi! Düşünürəm ki, bu cür dramatik və faciəvi sonluğu xalq sonradan uydurub. Uydurub ki, şairlərə dərs olsun...

O, Firdovsi ola bilmədi...

Çünki Firdovsi Sultan Mahmud Qəznəvini “mədh eləmədi”, onun tapşırığını yerinə yetirdi: İranın VII əsrə qədər qədim ədəbi-bədii-poetik tarixini ortaya qoydu. O tarixi ki, hətta XX əsrdə dahi H.Cavid də ona qayıdıb “Səyavuş”u yazdı...

“Şahnamə” Aristotelin bu fikrini təsdiqləyir: “Ədəbiyyat tarixdən daha çox tarixidir”

O, Firdovsi ola bilmədi...

Heç olmaq fikrində də deyildi.

O, Zəlimxan Yaqub idi...

Elə bu ad da ona bəs idi...

O, dual həyat yaşadı. Duallıq onun alnına yazılmışdı; qonşu Gürcüstanın Kəpənəkçisində doğulub boya-başa çatması bu duallığın müqəddiməsi idi. “İki” Vətəni olanlar bunun necə bir hiss olduğunu çox gözəl başa düşərlər. Bütün hallarda içərisində bir qorxu vardı, bunu dəf eləməyin bircə yolu vardı: Yazmaq! Amma yazmaq da az idi. Çünki “şair xalq”ın içərisindən bir boy yuxarı qalxıb seçilmək gərək idi. Bax, yenə də Kəpənəkçidən özü ilə gətirdiyi həmin “müqəddəs” qorxu ona kömək elədi: Öz daxilini büsbütün səfərbər edib özünü oda-közə vurdu...

Onun ayrı yolu yox idi. O, repressiyanın acı əsintilərini də, yazıçı “baba”larının səhvləri üstə vəzifə kreslolarını ustalıqla qoyub bu səhvləri ört-basdır edənləri də gözəl görürdü. Ona bu “ədəbiyyat tramvayı”nda yer yox idi. Və o, ədəbi manevr etdi. Onsuz da təpədən-dırnağınacan milli olan şair yeni dövrün Azərbaycannaməsini yaratmaq istədi. Bu, əslində Ə.Cavadların, A.İldırımların, M.Arazların, X.R.Ulutürklərin yarımçıq qalmış yolunun davamı idi. Ruhunu sarmış Pafos ona kömək elədi. Buna nə qədər nail oldu, göz qabağındadır.

Onun da hamı kimi səhv etmək imtiyazları vardı. Və bu imtiyazlardan yeri gələndə “istifadə edirdi”. Həmin səhvlərin üstünə naşı oxucuları qısqırtmaq sağlığında da, bu gün də dəbdədi...

Yarınmağın və qələm dostlarını çərlətməyin “klassik” üsulları ona yad idi. Nəyi vardı, dilində idi. Saf idi. O, çevrəsindəki ədəbi “boss”lardan bununla fərqlənirdi. Məhz bu keyfiyyətlərinə görə də İnsan Sərrafı dahi Öndər məhz onu seçdi...

Ona qısqanclıqla baxıb düşünürdülər: “Bu, haradan zühur etdi?” Onu “vurmaq” üçün məqam gözləyirdilər. Lakin onun arxasında Kim-in durduğunu görüb susurdular...

O, Meqapolisdə özünü itirməməli idi. Və belə də oldu. O, əsl şair kimi yaşadı. Ürəyindən dilinə nə axıb gəldi, onu da yazdı.

O, Saz-Söz Vəhdətinin canlı mücəssəməsi idi. Dumduru folklor intonasiyası sonacan onunla oldu. Şairin söz xəritəsinə diqqət edin: “Aşıq Ələsgər”, “Didərginlər”, “Yunus İmrə”, “Böyük ömrün dastanı”, “Saz”, “Göycə dərdi”, “Cavidin qız balası”, “Şair harayı”, “Haqq-ədalət”, “Suallar”, “O qızın göz yaşları” “Tanı məni, Amerika” və s.

Tanrının ona “hədiyyə” göndərdiyi amansız xəstəlik onu “yenidən” xalqa qaytardı. O da bu fürsətdən istifadə edib Ruhunun lap dərinliklərinə endi. O yerə ki, oradan başqa bir aləmə qapı vardı. Elə qapının ağzındaca üzünü göyə tutub Qurd kimi uladı:

Aldanmışam sərvətinə dünyanın,

Ömrüm-günüm yalan mənim, puç mənim.

Nahaq yerə yaxasından yapışdım,

Taxsır mənim, günah mənim, suç mənim.

Beş-altı gün yas paltarı geyərlər,

Hərdən yaxşı, hərdən yaman deyərlər.

Ehsanımı şirin-şirin yeyərlər,

Qırxa qədər yeddi mənim, üç mənim.

“Hərdən yaxşı, hərdən yaman deyərlər...” Olduqca dəqiq qənaətdir... Sanki qırxını da özü yola verir...

Sağlığında çox ölkələr gəzmişdi. Bu ölkələrin hamısı Torpaq Üst-ündə idi.

Bircə yer qalırdı: Torpaq Alt-ı. Oraya da çox ağayana endi:

Endik torpağın üstən

Düşdük torpaq altına.

Qalanı təslim etdik,

Bürcü verib qayıtdıq.

O, Qalanı bizə təslim etdi...

Lakin hər dəfə qayıdarkən bu sözləri deyəcəyinə şəkk-şübhəmiz yoxdu: “Artıq ayrılmaq vaxtı gəldi. Hərə öz yolu ilə getsin. Mən ölməyə, siz isə yaşamağa.. Hansı daha yaxşıdır? Bunu Tanrıdan başqa heç kəs bilə bilməz” (Sokrat)

# 1415 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #