Bizim böyük çarəsizliyimiz

Bizim böyük çarəsizliyimiz
29 mart 2013
# 12:30

Qismətin məqaləsi

Deyirlər ki, Səməd Vurğunun şeirləri kimi dillərdə gəzən məşhur bir öyüdü də varmış : "Oxumayın, quruyarsız"! Kökü bəlkə də Səməd Vurğundan da o yana gedən bixəbərliyə sevgi çox heyf ki, indi də yaşayır.

Azərbaycan sənət mühitində indi də çox böyük səmimiyyətlə başqa cür düşünənləri, başqa cür düşünməyə çalışanları, başqa cür ifadə etmək istəyənləri görməzlikdən gələn və qəribədir ki, bütün bunları "milli olmamaq" kimi baş-ayaq təyinlərlə qaralamağa çalışan adamlar var.

Mütaliədən imtina akvarium balığı olmaqdı, akvariumsa ancaq dekorasiyadır. Bizdə göy qurşağının bütün rəngləri yoxdur, palitramız yarımçıqdır və inancım budur ki, heç kimə heç nəyi sırımadan, varlığından bixəbər olduğumuz, yaxud yarım-yarımçıq eşitdiyimiz məsələlər haqqında yazmasaq, bir-birimizə nişan verməsək, hələ çox uzun illər işimiz çətin olacaq.

Bizdə yarımçıq olduğunu, bütövləşə bilmədiyini düşündüyüm, dünyada artıq öz ömrünü başa vurmuş ( kim bilir bəlkə də sadəcə libasını dəyişmiş ?) modernizm haqqında bu yazını da həmin inancın diqtəsi ilə yazdım.

Modernizm nə deməkdir ?

Modernizm sözü ümumi mənada zamana uyğunlaşan, inkişafı izləyən mənasında istifadə olunur. Latınca "modernus" sözündəndir və mənası "indi", "tez", "bu dəqiqə" deməkdir. Deməli modernizm sözünün mahiyyətində keçmişin əleyhinə olmaq, indi yaşanan zamanı təqdir etmək var.

Konkretləşdirməyə çalışaq : modernizm bəşəriyyətin daim inkişafda olduğunu və buna görə də yeniyə daha çox yer vermək lazım gəldiyini deyir.

Ədəbiyyatla, xüsusilə romanla bağlı söhbətlərə keçməmişdən əvvəl bir məqamı qeyd etməliyik ki, ümumi mənada modernizmlə ədəbiyyatdakı modernizm arasında müəyyən fərqlər var. Daha dəqiqi, modernist roman ümumi modernizmin bir çox yönündən bəhrələnsə də, eyni zamanda öz içində modernizm anlayışına tənqidi yanaşır. Məsələn, modernist roman ümumi modernizmdən bədii mətndə xronologiyanı pozmağı öyrənib.

Ümumi modernizmdə həqiqətin bölünməsi, parçalanması məsələsi var ki, modernist roman bundan bəhrələnərək bədii mətndə "dünən-bugün-sabah","səbəb-nəticə" əlaqələrini sındırıb. Modernist romanda hadisələr ənənəvi romanda olduğu kimi xronoloji ardıcıllıqla davam etmir.

Zamana bu cür yanaşma isə əlbəttə ki, boşuna deyil. Enşteynin nisbilik nəzəriyyəsi, Berqsonun zaman haqqında fəlsəfi ideyaları modernist romandakı zaman anlayışına zəmin hazırlayıb. Bəs modernist roman ümumi modernizm anlayışına harda tənqidi yanaşır ? Modernist romanın başlıca mövzularından biri fərdin özgələşməsi, ümumi modernizm anlayışı içində ifadə olunan həyat tərzinə uyğunlaşa bilməməsi və bunun nəticəsində də öz iç dünyasına çəkilməsidir. Əslində özgələşmə ümumi modernizm anlayışına bir növ etirazdır. Bunu başa düşmək üçün isə modernizmin ortaya çıxaran səbəbləri təhlil etmək gərəkdir.

Modernizm necə başladı ?

Orta çağda hakim fəlsəfi düşüncə sxolastika idi. Sxolastika latınca SCHOLA ( məktəb) sözündən əmələ gəlib, sxolastik fəlsəfə "məktəb fəlsəfəsi" deməkdir. Bu fəlsəfənin belə adlandırılmasının səbəbi sxolastikanın Orta Əsrlərdə din adamı yetişdirən məktəblərdə formalaşması olub. Bu fəlsəfi xətt elmi düşüncəylə uyuşmayıb.

Çünki elmin mayasında olan skeptisizm, maraq xüsusiyyətlər inanc sistemi ilə bir araya sığmırdı. Sxolastik düşüncənin məqsədi ağlı və onun meyvəsi olan fəlsəfəni inancla sintezləmək idi, yəni sxolastik fəlsəfə yeni bir şey tapmaq əvəzinə, kanonlaşdırma, müqəddəsləşdirmə məqsədi daşıyırdı.

XV əsrdə orta çağ və sxolastik düşüncənin sonu gəldi. Bəşəriyyət yeni bir dönəmə qədəm qoydu. Xronoji olaraq bir-birinin içində olan humanizm və İntibah bu ərəfənin məhsullarıdır.

Humanizmlə birgə Antik Yunan ədəbiyyatının əsərləri yenidən gündəmə gəldi. Antik Yunan düşüncəsi insana önəm verən bir sistem idi, yəni ki, kilsənin orta çağ boyunca davam edən hakimiyyəti və bu hakimiyyətin insanları qul olaraq görən, arxa plana atan doqmatik anlayışı tənqid olunanda, yeni fikirlər ortaya çıxanda insan yenidən dəyər qazandı. İnsan günahkar bir qul olmaqdan çıxıb yenidən önəm qazanmağa, azad olmağa başladı. Humanizmlə İnsan kainatda beşinci dərəcəli bir varlıq olmaqdan çıxıb, şəxsiyyətini axtaran, öz mahiyyətini müxtəlif yönlərdən ortaya qoymağa çalışan, fərd olmaq yolunda yeni bir cığıra qədəm basan ciddi bir dövrə girdi. Bu yolda humanizm işin fəlsəfi istiqamətini, İntibah isə daha çox məsələnin sənət tərəflərini ifadə edirdi.

İntibah ilə insan eksperimental metodlara, ağıla söykənən şeylərə yönəldi. İnsanın ağlından istifadə etmək azadlığını əldə etməsi elmi inkişafın yolunu açdı. Məsələn, Nikolay Kopernik bu dönəmdə özünəqədərki astronomiya anlayışını dəyişdirdi. Aristotelin israrla müdafiə etdiyi yerin tərpənməz fikri, Ptolomeyin yerin kainatın mərkəzində olması düşüncəsi Kopernik tərəfindən darmadağın edildi.

Katolik kilsəsinə qarşı ilk reformist etirazı isə özünün məşhur 95 maddəlik manifestini Uittenberq kilsəsinin divarından asan Martin Luter etdi. İnsanın bir vasitəçiyə ehtiyacı olmadan öz inancını yaşaya biləcəyi düşüncəsi, yəni Protestantlıq burdan doğuldu. İncil ayrı-ayrı dillərə tərcümə edildi və artıq hamının onu oxumaq, şübhələnmək, şərh etmək imkanı yarandı.

Modernləşmənin bir başqa halqası XVIII əsrdə İngiltərədən başlayan və bütün Avropaya yayılan Sənaye inqilabı idi. Sənaye inqilabı iki mərhələdə baş tutdu : birinci, insan və heyvan gücündən istifadə yerinə buxar maşınlarından istifadə (XVIII əsr), ikincisi isə elektrikin dövriyyəyə girməsi (XX əsr).

Sənayeləşmə ilə birgə texnika sahəsində böyük irəliləyiş oldu və bunun nəticəsində şəhərləşmə sürətləndi. Sənayeləşmə, şəhərləşmə haqqında danışacağımız modernist roman anlayışına çox böyük təsir göstərib. Bir-birinə bağlı olan bu iki anlayışın - sənayeləşmə və şəhərləşmənin modernist romanın əsas fiquru olan özgələşmiş insanı ortaya çıxardıb.

Sənayeləşmə və ona paralel olaraq texnologiyaların inkişafı ilə birgə baş verən yeniliklər insanı tam dərk edə bilmədiyi bir reallıqla üz-üzə qoydu. İnsan ağlıyla yaratdığı, amma tam qavraya bilmədiyi bu reallığa get-gedə özgələşdi. Əlbəttə ki, bu təkcə sənayeləşmə ilə bağlı deyildi, eləcə də şəhərləşmənin də bunda böyük payı oldu. Fərqli bölgələrdən gələn insanlar bəlli ərazilərdə toplandı, şəhərlər yaratdı, amma qəribə şəkildə onlar bir-birinə özgə oldular, yad oldular. Şəhər həyatının qovhaqovu içində əsas məqsədi həyatını daha yaxşı yaşamaq olan insanlar, kapitalist iqtisadiyyat anlayışının ortaya çıxartdığı eqoizmlə həm dəyərlərindən, həm də bir-birlərindən uzaqlaşdırlar. Bir yerdə yaşayan ögeylər dünyası yarandı.

Modernləşmə roman sənətinə də təsirsiz ötüşmədi. Bir-birindən fərqli özəllikləri olan ənənəvi roman və modernist roman bu prosesdən təsirləndi.

Ənənəvi və modernist roman.

Ənənəvi sənət düşüncəsinin əcdadları Platon və Aristoteldir. Bu düşüncəyə görə sənət əsərinin dəyəri onun reallığı nə qədər əks etdirməsi, başqa cür desək, hansı səviyyədə yamsılaması, təqlid etməsidir. Sənət görünən, yaxud belə deyək, obyektiv reallığı əks etdirməlidir. Sənət əsərləri əsrlər boyu ( XIX əsrə qədər) bu ölçüylə qiymətləndirilib.

Bu anlayışa görə sənətçi xarici reallığı nə qədər yaxşı ifadə edə bilsə, demək o qədər dəyərli əsər yaradıb. Deyilənə görə Mikelancelo düzəltdiyi "Davud" heykəlinin qarşısına keçib onunla danışmağa çalışıbmış. Romanda barəsində isə Stendalın məşhur güzgü bənzətməsi var. Stendala görə roman "yol boyu əldə gəzdirilən güzgüdür".

Ənənəvi romanın əsas xüsusiyyəti xarici gerçəkliklə tam uyuşan bir əhvalatı xronoloji ardıcıllıqla ifadə etməkdir. Əsərin təhkiyəçisi olan, ya da ola biləcək bir əhvalatı səbəb-nəticə əlaqəsi içində bir nöqtədən başlayıb sona çatdırmalıdır. Ənənəvi romanın əvvəlində inkişaf etməyə hazır açıq bir hadisə və o hadisənin mərkəzində bir qəhrəman olur. Bu cür romanlarda romanı əmələ gətirən forma və məzmun elementləri mərkəzdəki əhvalata otuzdurulur.

Bu romanlarda əhvalat, hadisə vacibdir. Xüsusən XIX əsrdəki realist romanın "nə, harda, necə ?" suallarına cavab verən quruluşu Nyuton fizikasının ədəbiyyatdakı təzahürü idi. Ənənəvi romanda məkan konkretdir və konkret üç ölçülü məkan çox vaxt detallı təbiət, ətraf mühit təsvirləri ilə oxucuya çatdırılır. Təsvir olunanlar oxucunun ətrafda gördükləri ilə üst-üstə düşən, aydın, anlaşılan, obyektiv reallığın ifadəsi olmalıdır. Bu romanlarda zaman da Nyuton fizikasındakı kimi xətti şəkildə axır.

Ənənəvi romanda dil də hər cəhəti ilə tez qavranan olmalı, görünən dünyaya ayna tutmalıdır, yəni yazıçının məqsədi dil vasitəsilə dünyanı olduğu kimi göstərməkdir. Bütün bunlar ənənəvi romanda əsəri dəyərli olması üçün lazım bilinən ölçülər idi.

Ənənəvi romanda təhkiyəçi də olduqca güclü mövqeyə sahibdir. Hər şeyi bilən, hər şeyə hakim olan, qeyri-müəyyən bircə nöqtə də buraxmayan, az qala oxucunun əlindən tutub ona yol göstərən bir mövqe. Bu tip romanlarda qəhrəman da vacibdir. Ənənəvi romanda qəhrəman xarici gerçəklik qarşısında roman boyu ağıllanan, tərbiyələnən, uğurlu olmasa da mənfidə müsbətə tərəf dəyişməyə can atan insandır.

XX əsrdə elmdə Kvant fizikası, Evklid həndəsəsindən fərqli olan Reynman və Lobaçevski həndəsəsi, riyaziyyatda Gödel teoremləri və nəhayət Enşteynin nisbilik nəzəriyyəsi reallığa münasibəti kökündən dəyişdi.

Gerçəyin dəyişkən olması, ehtimal olması fikri dominant olmağa başladı və gerçəyin bölünmüşlüyü yozum qapılarının hamısını açdı. Reallığın parçalanıb çox ölçülü hala gəlməsi başqa bir vəziyyəti də özüylə gətirdi : reallığın anlaşılmasındakı natamamlıq. İnsan XX əsrdə artıq özü yaratdığı, amma necə işlədiyini bilmədiyi cihazlarla qarşı-qarşı qaldı və reallıq şəffaflığını itirdi. Daha konkret desək, Birinci Dünya Müharibəsidən sonra insanın pessimizmi, ümidsizliyi, depressivliyi artdı, psixologiyası zədələndi. Modernist roman bütün bunlardan doğdu və ümumi modernizmin iki şeyini özünə problem kimi götürdü. Birincisi, saflığını itirib parça-parça olan gerçəklik, ikincisi isə bu tikə-parça olmuş gerçəkliyin qarşısında depressivləşən fərdin özünə olan inancını itirməsi. Bunlardan birincisi modernist romanın forma ( struktur), ikincisi isə məzmun tərəfini müəyyənləşdirdi.

Modernist romanın qəhrəmanı modern dünyaya uduzmuş, modern dünyanın yeniliklərinə məğlub olmuş, passivləşmiş, iç dünyasına çəkilmiş insandır. Artıq o, ənənəvi romanların qəhrəmanı kimi xarici dünyayla əlləşən, dinamik insan deyil, o, öz daxili dünyasını ön plana çıxardan protaqonistdir. Modernist roman ümumən dış gerçəklikdən iç gerçəkliyə yönələn, quruluş baxımından ( xətti axan zaman anlayışını qıran ) deformasiyaya uğramış, səbəb-nəticə əlaqəsinə söykənən əhvalatın olmadığı, təhkiyəçinin fiqur olduğu anlayışda yazılır.

Gələn yazıda modernist romanın əsas fiqurunun özgələşməsini təhlil edəcəyik.

# 5243 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #