Qar yağanda dalaşan ər-arvad

Qar yağanda dalaşan ər-arvad
9 dekabr 2016
# 11:08

Səhər Əhməd

Bayırda son ilin bəlkə də ən gözəl qarı yağırdı. Sakit, lopa-lopa. Sanki hardasa dünyanın ən gözəl musiqisi çalınırdı. Mətbəxin pəncərəsindən görünən mənzərəyə çaydanın zümzüməsi dəm tuturdu.

Qonşu ər-arvad yenə dava etməyə başlamışdı. Dava yenə yavaş-yavaş, şair demiş, vüsət almış, qəfildən kükrəyib qonşuluq sərhədlərini aşmışdı. Yenə həmişəki kimi bütün sözlər açıq-aydın eşidilirdi. Söhbət hansısa üç manatdan gedirdi - hansısa Çinarəyə kontur şəklində yüklənmiş üç manatdan.

Arvad ittiham edir, ər and içirdi, daha doğrusu, yalançını söyürdü: "məfailün, məfailün, failün..."

Sonra rollar dəyişir, indi də kişi hansısa Aytaca kontur şəklində yüklənmiş beş manata görə ittiham edir, qadın and içirdi, daha doğrusu, yalançıya qarğış yağdırırdı: "failatün, failatün, failün..."

...Bayırda qəşəng qar yağırdı, çaydan çox sentimentalcasına dızıldayırdı, ər-arvad mətbəxdə qarşı-qarşıya oturub gözəl bir çay içmək şansını qaçırırdı. Anlamaq istəmirdilər ki, təkcə bir-birinin puluna deyil, həm də xoşbəxtliyinə ortaqdılar.

Qadın adamın əsəblərinə işləyən səsiylə bütün keçmişin arxivini açıb tökmüşdü. Bu dəfə əruzun həzəc bəhrində:

- Yadındadı? - ("Deyildim mən sənə mail, sən etdin əqlimi zail").

Kişi kobud səslə sərbəst vəzndə cavab verirdi:

- Yalana bax, sevgilim, tellərindən incəmi?

Çaydan heca vəznində dızıldayırdı: "Sənsiz belə havaların ləzzəti yoxdu, dostum".

Bir sözlə, Adəmlə Həvvanın alma üstündəki dueti davam edirdi. Təbiət isə min illərdir olduğu kimi, inadla susurdu.

Qonşu ər-arvad elə dalaşırdı ki, elə bil bir daha barışmayacaqdı.

Amma bir azdan barışacaqdılar. Hadisələr yüksələn xətt üzrə inkişaf edib kulminasiya nöqtəsinə çatanda kişi qapını çırpıb gedəcəkdi. Qadın da guya fikrini dağıtmaq üçün mahnı oxumağa başlayacaq, sonra səsi kəsiləcəkdi.

Axşam kişi qayıdacaq, heç nə olmamış kimi şirin söhbətə başlayacaqdılar. Hər yanı qəhqəhələri götürəcəkdi.

Amma son on ilin ən gözəl qarı kəsəcəkdi, çox güman.

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #