#

Bu siqnallar öldürəcək məni

Bu siqnallar öldürəcək məni
1 dekabr 2015
# 13:43

Həmişə aktual Mirzə Ələkbər Sabirin məşhur misralarını çoxları əzbər bilir, çünki həmin çoxluğun taleyi də bəzən oxşar olur:

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcək ona çarə cigərim...

Şəhərimizin siqnalları məni öldürəcək, dostlar. Burası şəksizdir. Ona görə də bu barədə, az qala, silsilə məqalələr də yazmışam: “Sarıköynəklər oxuyur”, “Şəhərimizin siqnalları” və s. və i. Hələ bununla da ürəyim soyumayıb, Nəqliyyat Nazirliyinə və DYPX rəisinə müraciət eləmişəm. O ümidlə ki, mənim və Neftçilər dairəsində yaşayanların dərdinə əlac edəcəklər.

Amma...

Amma,

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcək ona çarə cigərim...

Dostlar, əvəzində bu siqnalların üstünə el arasında QAİ deyilən əməkdaşların da siqnalları əlavə olundu. Səhərlər, xüsusən də axşamlar, bəzən isə günortalar QAİ-lərin sirenaları, səsgücləndiriciləri nə yatmağa, nə dincəlməyə, nə də yemək yeməyə imkan verir. Düzdü, onlar yol hərəkəti qaydalarını tənzimləyirlər, amma necə? Adama elə gəlir ki, ya hardasa yanğın var, ya biz mühasirədəyik.

Qardaşlar, bizim evimiz olub yol, QAİ-lər də oturub qulağımızın dibində. Özləri də maşınlardan düşmək istəmirlər. Üç QAİ maşını növbəylə sürücüləri intizama dəvət edir. Məsələn belə, 285 nömrəli mersedes, hara soxulursan...xışşş-xuşşş...ə, qara prado, ə nə qaşınırsan...ə sən sürücüsən, yoxsa...

Nəsə...

Dostlar, onların səsi ikiqat plastik pəncərələri də deşib içəri dolur. Bu həndəvərdə minlərlə adam yaşayır. Onların qocası, xəstəsi, körpəsi var. Bu QAİ deyilənlərə ona görə yolgöstərici və forma verib yola qoyublar ki, hərəkəti çöldə tənzimləsinlər, maşının içində yox. Amma onlar maşında oturmaqdan elə hala düşüblər ki, yerə düşməyə halları qalmayıb...

Küçədə gedəndə, dükan-mağazaya girəndə bəndənizi görüb- tanıyanlar bir sual verirlər: Müəllim, bunun axırı necə olacaq? Bunların səsi nə vaxt kəsiləcək? Bir siz də yazın.

Yazmışam, deyirəm, amma nə xeyri. Ötən dəfə Nəqliyyat Nazirliyinə siqnallarla bağlı yazdığım məktuba təmtəraqlı bir cavab gəldi. Dedilər ki, hər şey nəzarətdədir, ölçü götürüləcək. Bu da ölçü...

Düzü, anlamıram, dövlət başçısının kürəyimizə balta çalanları tapıb cəzalandırdığı bir vaxtda, din pərdəsi altında qiyam edənlərin zamanında, insanların əsəblərinin gərginləşdiyi bir məqamda bu nə hoqqadır? Adamları vahiməyə salan siqnalların məqsədi nədir? Yadımdadı sovet vaxtı milis rəisi səsgücləndiriciylə hamını pambığa çağırır, adamları harda gəldi tutub pambığa basırdı. Kəndimizdə körpə bir uşaq o səsgücləndiricinin əlindən dəli oldu. İndi bizi də bu yaşda dəli eləməsələr yaxşıdı.

Hər şey bir yana, vətəndaş cəmiyyəti qururuqsa, soydaşlara, vətəndaşlara bu hörmətsizlik hardan qaynaqlanır.

Dostlar, dediniz, yaz, mən də yazdım.

İndi babalı DYPX rəhbərliyinin boynuna. Yəqin, mətbuat xidmətlərinin rəhbərləri bu barədə yuxarılara məlumat verərlər. Onların ən vacib borclarından və vəzifələrindən də biri budur: Möhtərəm Prezidentimizin dediyi ictimai rəyə hörmət bəsləmək, ictimai nəzarəti gücləndirmək.

Hələlik.

Hələlik, bu qədər...

30 noyabr 2015

# 1758 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
#
#
# # #