Yanmış evin külqabısı

Yanmış evin külqabısı
23 avqust 2013
# 15:54

Mənim indi 35 yaşım var. Bakıda yaşayıram, Azərbaycanla Rusiya arasında ticarət edən bir şirkətdə sürücü işləyirəm. Tez-tez Rusiyanın müxtəlif şəhərlərinə gedirəm. Əslən qarabağlıyam. Qarabağın füsunkar rayonlarından birində doğulmuşam. Anam məni dünyaya gətirəndə rəhmətə gedib. Bizi atam saxlayıb. O, anamdan sonra evlənməmişdi. Ancaq bütün rayon bilirdi ki, atamın qonşu Sveta ilə arası yaxşıdı. Sveta erməni arvadı idi, əri onu cavan vaxtı atıb, Rusiyaya getmişdi. O da oğlu Timuru birtəhər böyütmüşdü, ana-bala qonşuluqda yaşayırdılar. Sveta işləmirdi, bağladığı turşuları bazara çəkib satırdı. Mən, qardaşım və Timur isə məktəbdən qayıdanda Svetanın bişirib qoyduğu yeməkdən yeyər, sonra həyətə oynamağa çıxardıq. Mən tez-tez Timuru döyərdim, çünki atam bizə nə alardısa ona da eynisindən alırdı. Və o eyni şey nə olurdusa olsun - oyuncaq, paltar, dəftər, qələm və başqa şeylər onda həmişə səliqəli qalardı. Axşamlar isə bizim atamız, Timurun da anası gələndən sonra hərə öz həyətinə, evinə yığışardı. Biz dərslərimizi hazırlayar, atam isə ərik ağacının altında qabağına qoyduğu çaydan içib, balaca radiosunu dinləyib, çəkdiyi siqaretləri bir-bir külqabısında söndürərdi. Sonra biz yatardıq və sonrasından xəbərimiz olmazdı.


20 il əvvəl idi, düz 15 yaşım vardı. Ermənilər rayon mərkəzini işğal etmişdilər. Atam bizi də götürüb, rayonun işğal olunmamış Arazboyu kəndlərindən birinə əmimgilin evinə köçmüşdü.

Evimizdən bir çox qonşularımız kimi heç nə çıxara bilməmişdik. O qaçhaqaçda Sveta ağlayaraq bizi qucaqlayıb öpmüş, atamdan bizdən muğayat olmasını, fürsət düşsə özümüz haqda ona bir yolla xəbər göndərməsini xahiş etmişdi. Əmimgildəki iki həftə olardı qalırdıq. Ermənilər isə cəbhə boyunca irəliləyib, rayon mərkəzindən başqa bir neçə çay boyu kəndləri də işğal etmişdilər. Artıq döyüşlər qaldığımız kəndin lap yaxınlığında gedirdi. Və bir gecə kənddən çıxmaq haqqında sakinlərə göstəriş verildi. Camaat kimi biz və əmimin ailəsi də zülmlə Arazı keçib İran tərəfdən ermənilərin kəndi necə yandırmasına tamaşa edirdik. Orda yaşayan insanlar üçün bunun nə qədər ağır olduğunu mən artıq başa düşürdüm.

Birdən əmim atama:


- Məhəmməd, o deeey, evimi oddadılar, - dedi və əlləriylə onun sağına, soluna qısılıb durmuş balalarının gözlərini örtdü. Mən onda başa düşdüm ki, əmimin evindən qalxan alovun o gur işığı bizim uşaqlığımıza çəkilən qara pərdə idi. Əmidostum ağlayırdı.

Aran rayonlarının birində çadırlarda bir az yaşadıqdan sonra Bakıya gəldik. Bibim həkim idi və atama işlədiyi xəstəxanada gözətçi işi düzəltmişdi. Bibimin yoldaşı yaşamaq üçün bizə yataqxanalardan birində otaq da tapdı. Atam gözətçi, mənsə məktəbi yarımçıq qoyub sərnişin avtobuslarının birində bələdçi işləyirdim. Qardaşımı isə bibim yanına aparıb, yaxınlıqlarındakı məktəbə düzəltmişdi. Atam mənim oxuya bilmədiyim üçün çox fikir eləyirdi. O, axşamlar işə gedir, səhəri gün evə qayıdırdı. Demək olar ki, biri-birimizi görmürdük. Təkcə bazar günləri görüşürdük. Bibimgilə gedir, əməlli-başlı çörək yeyir, qardaşımı da götürüb gəzməyə çıxırdıq. Artıq üçüncü il idi ki, belə davam edirdi. Bir dəfə atam bizdən soruşdu:

- Heç evimiz üçün darıxırsız?


Balaca qardaşım “yox” dedi. Atam gülümsündü. Mən atamın üzünə baxdım və heç nə demədim. Axşam qardaşımı bibimə təhvil verib, yataqxanaya qayıtdıq. Mən atamın bayaqkı sualını unutmamışdım.


- Ata, sən Svetaya bizim haqda xəbər elədin? - deyə soruşdum.

Bu dəfə atam üzümə baxdı və o da heç nə demədi... Beləcə iki il də keçdi... 3 il sonra biz atamızı itirdik... Onu sonralar işğaldan azad olunmuş əmimgilin kəndində dəfn etdik.

Bu yaxınlarda işlədiyim maşınla Moskvaya mal aparmışdım. Malı təhvil verdikdən sonra maşını bizim şirkətin müqavilə bağladığı dayanacaqda qoyub, həmyerlilərimin alver etdiyi bazara getdim. Dostlarla hal-əhval tutduqdan sonra tanış qızlara zəng vurub axşama görüş təyin etdim. Vaxtım çox olduğundan şəhərdə bir az veyllənmək qərarına gəldim. Marketlərdən birindən dondurma almaq istəyərkən çiynimə kiminsə əli toxundu. Çevrilib baxdım. Qarşımda Timur dayanmışdı. Üzümə baxanda gözlərində qorxu qarışıq bir mənasızlıq gördüm. Əslində mən də həyəcanlı idim. Uşaqlığım gözümün qabağından bir anlıq ildırım sürəti ilə gəlib keçdi. Özümü ələ aldım. Birinci Timur yaxınlıq etdiyi üçün əlimi uzatdım. Həm də hiss elədim ki, o, əlini uzatmağa çəkinir. Timur əlimi tutdu, ürəklənib boynumu da qucaqladı.


- Ara Sardar, Allax buların evina yıxsın, - deyəndə, kürəyinə yavaşca vurub, “lazım deyil, Timur” dedim. Əslində onunla görüşməyimə sevinmədiyimi özüm də hiss edirdim. O, qollarını boynumdan açıb, üzümə baxdı. Timur məndən iki yaş böyük idi. Amma arıq olduğundan həmişə yanımda uşaq kimi görünürdü. Elə indi də elə idi. Təkcə saçları tökülmüşdü.


- Ara, na yaxşı gəlibsan, xeyirdimi?


- Gəzməyə gəlmişəm, bəs sən burda neynirsən?-dedim.


Timur üzümə suçu olan adam kimi baxıb, “man burda yaşıyıram da” deyə cavab verdi.


- Bəs ora?- deyə doğma rayonumun adını nədənsə dilimə gətirmək istəməyərək soruşdum. Timur bildirdi ki, rayona ildə bir dəfə gedib gəlir. Marketdən çıxdıq, mən görüşüb ayrılmaq istəyirdim. Timur bunu hiss edib dedi:


- Bax, sana and veriram Allaxa, gedirik biza.


Mən etiraz elədim və işim olduğunu bildirdim. Timur bu dəfə qolumdan daha möhkəm yapışaraq, “bax, san o kəsdiyimiz çorak, otkaz elama,” dedi. Bu dəfə nədənsə ürəyimdə ona qarşı qəribə bir doğmalıq hiss elədim. Gözlərinin içinə baxıb, “uzaqda yaşıyırsan?” deyə soruşdum. O, bunu eşitcək qolumu buraxaraq tez yanımızdan keçən bir taksiyə əl eləyib saxladı.


- İqirmi daqiqaya evdayik,-dedi.


Maşına əyləşən kimi Timur sürücüyə ünvanı dedi. İkimiz də arxada oturmuşduq. Timur yolda mənə danışdı ki, elə burda da evlənib. Həyat yoldaşı rusdur. Uşaqları olmur. Yoldaşı müəllimədir, özü də işləyir, tikinti şirkətində “prorab”dı. Yaxşı maaş alır. İmkanı da pis deyil. Taksi bir binanın qabağında saxladı və biz maşından düşdük. Mənim indi yadıma düşdü ki, əliboş gedirəm. Bunu Timura bildirəndə, hay-küylə heç nə lazım olmadığını dedi.


- Timur, yoldaşın erməni olsaydı, heç nə lazım olmaya bilərdi, amma rus qadınına bir dəstə gül almaq lazımdı,-dedim.

Timura başa saldım ki, şəhəri yaxşı tanıyıram, o qalxsın yuxarı, yarım saata gəlirəm. Mənə mərtəbəni və mənzili nişan verdi. Taksiylə qayıdıb yaxınlıqdan bir dəstə gül alıb qayıtdım. Mən gələnə qədər Timurun arvadı Raya yaxşı bir süfrə hazırlamışdı. Oturan kimi Timur bir şüşə araq gətirdi və:


- Sardarcan, ordan galib ee,-dedi.

Mən hiss elədim ki, bu söz mənim bayaqkı yumşalmaq meylimi tamamilə yox etdi. Birdən Timuru uşaqlıqdakı kimi döymək keçdi ürəyimdən. Deyəsən o da bunu hiss elədi və:


- Ara, qurban olum, bir biz yerda boyumuşux, bir yerda oynamışıx gal içax o gunları saxlıxına-deyib, mənə araqdan süzmək istədi.

- Tut arağı içmirəm, başqa arağın var?-deyə soruşdum.


Timur mənim nə demək istədiyimi başa düşüb, Rayaya soyuducudan araq gətirməsini xahiş etdi...

Raya o dəqiqə:

- Vot eto druqoye delo, ya toje budu,-deyib gülümsəyərək mətbəxə tərəf getdi.

Bir-iki saat yeyib-içdikdən sonra mən getmək istədiyimi bildirdim. Timur da etiraz eləmədi. Mən söhbət vaxtı Timura gəzməyə yox, işlə əlaqədar Moskvaya tez-tez gəldiyimi demişdim. O da məndən xahiş etdi ki, bundan sonra gələndə mütləq onlara baş çəkim. Mən razılaşdım. Timur isə:


- Ara, xeç ata-anamızdan danışmadıx axı,-dedi.


Mən əslində çoxdan xəbər almaq istədiyim Svetanı soruşdum. Timur dedi, anası 14 il əvvəl ölüb. Mənim bir anlıq gözlərim qaraldı. Ürəyimin az qala yerindən qopduğunu hiss elədim. Sən demə elə Sveta da mənim atamın dünyasını dəyişdiyi ildə ölübmüş. Özümü güclə ələ aldım. Amma mən atamın öldüyünü Timura demədim. Çıxarkən Timur:


- Ara Maxammad dayiya arax qoyum?

- Lazım deyil, qocalıb, içmir daha.


Timur:

- Ara, mən onun çorakiyla, paltariyla boyumuşam, san Allax mandan çoxlu salam de, bu yaxınlarda rayona qedacam, soruş nasa istayir?


Mən artıq Timuru bu suallarında sətiraltı heç bir məna axtarmırdım. Çünki hiss edirdim ki, o bu sualları ürəyinə heç bir şey gətirmədən, nədənsə ehtiyatlanmayaraq, səmimiyyətlə verir.

Mən Timura:

- Bir az torpaq gətirərsən,-dedim. Görüşüb ayrıldıq.

Üstündən bir-neçə ay keçmişdi. Yenə yolum Moskvadan düşmüşdü. İşlərimi bitirdikdən sonra Timura zəng vurdum. Axşam saat 7-də onlarda olmağımı xahiş etdi. Mən şəhərdə bir az gəzib saat 7-də Timurgilə getdim. Raya yenə gözəl süfrə açmışdı. Yaxşıca yeyib-içdik. Timur məndən bu gecə onlarda qalmağımı xahiş etdi:

- Sardarcan, rayona getmişdim, həyətlarimizi, evlarimizi çəkmişam, qal axşam baxax.

Mən qərar verməkdə çətinlik çəkirdim. O görüntülərə baxanda özümü saxlaya biləcəyimdən əmin deyildim. Ayaqlarım isə getmirdi. Razılaşdım. Raya sabah işə gedəcəyi üçün bizim yerimizi salıb yatmağa getdi. Biz isə içməyə davam edirdik. Artıq içkinin təsirindən keyimişdim. Dolu stəkanları başıma çəkirdim. Özümü bir az sonra baş verəcəklərə hazırlayırdım. Nəhayət Timur pultun düyməsini sıxdı. Kadrlar dəyişdikcə bədənimdən gedən tərin paltarlarımı necə islatdığını hiss edirdim. Evimizin yeri xarabalıq idi. Üzümlüyümüzdən əsər-əlamət yox idi. Ağaclarımız kəsilmişdi. Təkcə atamın altında oturduğu, amma indi qurumuş ərik ağacımız qalmışdı. Bir də atamın özünün düzəltdiyi stol. Timur yumruqlarımı necə düyünlədiyimi, dilimi-dodağımı necə çeynədiyimi görürdü. Oturduğu stuldan qalxıb, yanını yavaşca mənim oturduğum divanın önündə yerə verdi və başını dizimə söykəyib:


- Ara, mani vurmaq istayirsan?-dedi.

Əllərim boşaldı, yavaşdan xırıldaya-xırıldaya:

- Yox, Timur, - dedim, - ağlamaq istəmirdim Timurun qarşısında.

Birdən görüntüdə Timur peyda oldu. Başa düşdüm ki, bizim həyətdə tək olmayıb.

- Kimlə girmişdin bizim həyətə? – deyə acıqla soruşdum.

Timur üzümə baxaraq:

- Rayayla, dedi.

Mən artıq özümü zorla saxlayırdım. Timur isə görüntüdə mənə xitabən söhbət eləyə-eləyə atamın oturduğu stolun yanından torpaq yığırdı. Birdən onun torpağın içindən nəsə tapdığı diqqətimi çəkdi. Timurun səsi gəlirdi.

- Bax, Sardarcan gor nə tapdım? Bu Maxammad dayının kulqabısıdı. Torpaqla bir yerda bunu da gətirib veracam sana, - deyirdi.

Məni sanki ildırım vurdu. Ömrümdə ilk dəfə Timurun qarşısında ağladım və dözməyib, Timurun sifətinə yumruqla vurdum. Yumruğun dəyməyi ilə dodağından qanın açılması bir oldu. Heç qımıldanmadı da. Yerindən qalxıb dolaba tərəf getdi. Bir əlində torpaq, o biri əlində külqabını gətirib qarşıma qoyub dedi:

- Sardarcan, man da orda qala bilmadim, Maxammad dayıya gora.

# 3380 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #