2,5 milyonluq saatı tapdım

2,5 milyonluq saatı tapdım
28 iyun 2019
# 11:05

Ayxan Ayvaz

Həmyerlimizin 2.5 milyon dollarlıq saatı gündəm olub. Deməli, İspaniyanın məşhur İbiza kurortunda dincələn gənc dostu ilə gəzərkən qabaqlarını quldur kəsib. Və bu quldur ondan saatını istəyib. Oğlan da 2.5 milyon dollarlıq saatı ona uzadıb.

Bu kadra hansısa filmdə baxmışdım. Deyəsən, “Uşaqlığın son gecəsi” filmiydi.

Amma ordakı saat 5 manatlıq saat olardı. Özü də qəhrəmanın sevgilisinin yanında saatı ondan istəmişdilər. Yəni burda məqsəd onu qızın yanında “sındırmaq” idi.

Quldurun məqsədi isə bəlli: 2.5 milyon dollarlıq saatı almaq. Bəlkə heç quldur bilmirmiş ki, saat bu qədər bahadır.

Təbii ki, bu versiyalardan biridir. Başqa bir versiyada saatın itdiyi və hələ də tapılmadığı deyilir.

Ya oğurlanıb, ya da itib. Fərq etmir. Məsələnin özəyi bu deyil. Əsas söhbət insanların zor durumda yaşadığı bir zamanda bu qədər bahalı saatı olan oğlandan gedir.

Bir adamın maşını, villası 2.5 milyon dollar edər. Saatın bu qədər baha olduğunu ilk dəfə eşidirəm. Özüm saat taxmağı sevmədiyimdən heç vaxt maraqlanmamışam da. İlahi, həqiqətən 2.5 milyon dollara saat olar? Yaxşı, almısan bu saatı, okey, bəs onu taxıb gəzmək nədir? Elə bilirsən, İspaniyada oğru yoxdur?

Həm də gör pul necə onun üçün “əl çirki”dir ki, bu qiymətə saat da ala bilir. Ağıl yoxdu da. Ondansa elə İspaniyada, Madriddə bir ev al. Yaxud da Avropanın bir neçə şəhərinə kubik tök, vaxt gələr gedib orda ev də tikərsən. Saat nədir, qardaş? Başına at təpib nədi? İki min manatlıq boyunbağı, sırğanı heç qadınlar toydan savayı heç yerdə taxmırlar. Sən kurorta getmisən, üstündə də 2.5 milyon dollarlıq saat gəzdirirsən? Heç ayıb deyil? Adam varlılığı da normal yaşayar da. Hansı varlı belə bir xətaya göz yumar? Bir varlıların həyatını araşdır, gör heç sənin kimi alternativ var?

Zarafat bir yana, bir yazar dostumuzun 12 min manat aliment pulunu ödəmək üçün dəridən-qabıqdan çıxdığı bir zamanda 2.5 milyonluq saatla gəzən adama bir bax. Hər kəsin ehtiyac içində olduğu, yaxşı qazanmaq üçün enerjisini sağa-sola xərclədiyi zamanda sən qoluna 2.5 milyon dollarlıq saat tax və hələ bunu aşkar da nümayiş elə.

Mən xəbəri oxuyanda həm də ona diqqət etdim ki, bu dostumuz 2.5 milyon dollarlıq saatı harda görüb, harda onun diqqətini çəkib? Bəlkə də kimləsə mərc eləyib. Deyib, mən 2 milyon dollardan çox saat taxıb gəzərəm. Dostu da qayıdıb ki, buyur, bu meydan, bu da şeytan.

Hər halda bir azərbaycanlı kimi həmvətənimizdən həm də qürur duydum. Soruşacaqsınız ki, bu qədər danlayandan sonra niyə qürur duyursan? Cavablayım. İspaniyada, mədəniyyətin at qoşdurduğu bir yerdə o oğlan sübut elədi ki, belə Azərbaycan oğulları var, qoluna 2.5 milyon dollarlıq saat da taxar, hələ onu oğurlada və itirə də bilər. İspaniya bəs Avropa idi? Orda gəzmək belə olmur demək. O oğlan Azərbaycanda bu saatı itirməmişdi. Sağ olsun! Bizimkilər o saatı görməzdən gəliblər. Camaatımız gözütox imiş. Məndən olsa, bizə bu hissi yaşatdığına görə o saattaxan oğlanı mükafatlandırmaq lazımdır.

Bir də saat itibsə... Dəqiq olsun. Mən o saatı elə günü bu gündən axtarmağa başlayım. Ola bilsin, tapdım və gedib onu 2.5 milyon dollara satdım. Həm aliment verən dostumuza, həm digər ehtiyacı olanlara, həm də özümə bir gün ağlayaram...

# 5497 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #