Fərda olmaq niyə çətindir?

Fərda olmaq niyə çətindir?
13 yanvar 2017
# 15:29

Xaqani Səfəroğlu yazır

Aktyor Fərda Xudaverdiyev və onun “Selfinaz” stəndapı barədə son günlər gedən yazıları oxuyuram... Bu yazını bəlkə heç yazmayacaqdım. Amma son illərdə üzə çıxmış bir istedadlı şəxsə qarşı hücum dalğasının artıq əndazəni aşması məni heyrətləndirdi.

Bu qəzəbin səbəbi nədir?

Mən Fərdanı şəxsən tanımıram. Hələ 90-cı illərdə “Narxoz”un tələbəsi kimi universitetin KVN qrupunda çıxış edərkən Şəhriyar Klubunda onu izləmişəm. Sonra Fərdanın TV-də “Tək səbir” layihəsində uğurlu addımlarının şahidi oldum. Məsələ bunda deyil.

Hamı yapışıb Cem Yılmzadan... “Cem,Cem..”, “O Yılmazı təqlid edir...” Belə çıxır ki, Azərbaycan tamaşaçısının Cem Yılmazdan savayı tanıdığı satira və yumor ustası yoxdur.

Azərbaycanda türk yumorunun pərəstişkarları çox olması bir yandan yaxşıdır ki, ölkəmizdə stəndap sahəsinə maraq var və aydın olur ki, bu müstəvinin bizimlə bağlı hissəsi hazırda tələbatı ödəmir.

Yumor ağır məsələdir. Üstəlik 3 müxtəlif formasiyanı yaşamış nəsillərin yaşadığı indiki dövrdə bu daha çətindir: SSRİ vətəndaşları, keçid dövrünün adamları və müstəqil Azərbaycanın vətəndaşları....

Ölkədə intellektual sovet yumorunu görmüş sovet nəsli sağdır. SSRİ vaxtı pamflet janrı dəbdə idi: Əfsanəvi Arkadi Raykinin səhnəcikləri, aforizmləri sovet cəmiyyətinin qüsurlarını göstərmək üçün yumşaq işarələr idi. Böyük bir nəsil TV-də Gennadi Xazanovu görüb. Onun məşhur “Tarakan dərmanı”, “Tabaka” stəndapı dövrün şedevrlərindən sayılır. Bəs niyə bu adamlar belə məşhur idilər? Cavab sadədir: Əlahəzrət intellekt! Səhnə tamaşaçıdan yüksəkdə olur həmişə... Deməli xalqı ağıllı yumora öyrəşdirmək vacib məqamdır. Sovet İttifaqı isə xalqın ideoloji hazırlığını gücləndirmək üçün bilik və savadı əsas prioritet sayırdı... Bütün TV, KİV, sənət, musiqi məhz bu istiqamətdə çalışırdı. Çağdaş mütərəqqi dünyada da intellektual təbəqənin yaranması üçün bu trend prioritetdir.

Bunu nəyə görə yazdım? Fərdadan bir ağızdan intellektual yumor tələb edirlər: Cənablar, bəs o yumoru dinləməyə getmək üçün neçə nəfər var? Dəvətnamə paylamadan... Ölkədə Fərdanın və digərlərinin sosial–iqtisadi problemləri satirik tonda oxumasına imkan yaradacaq neçə TV var? Şıdırığı toy effektləri ilə dolu telelayihələr, eqoizmə yuvarlanmış, savad səviyyəsi kasad olan aparıcıların hökm sürdüyü məkanda Fərda sizə necə danışa bilər?

İntellektual yumor kitabın dəbdə olduğu bir cəmiyyətdə populyar ola bilər.

...Mən hesab edirəm ki, Fərda Xudaverdiyev son 25 ildə Azərbaycan komediya sənətinə bəxş edilmiş nadir istedad sahibidir. Onun toy məclislərində, mənasız şoularda istismar olunmasına həmişə təəssüflənmişəm. Rafael İsgəndərov da həmçinin.... İnsanları güldürmək çox çətindir, xüsusən sözlərlə... Yıxılıb – durmaq, mimikanı əcaib formada əzməklə başa gələn gülüş isə məzhəkədir.

Fərdanın Azərbaycan komediya filmlərinin çağdaş tarixini yazmaq üçün çox böyük potensialı var. Çox böyük... Hardadır onun sənətini qiymətləndirə biləcək rejissorlar, ssenaristlər, menecerlər? Fərdanı “Qardaşlar” kimi ucuz, kütlə hırıltısına hesablanmış seriala çəkməklə onun istedadını niyə məhv edirik? Hardadır necə deyərlər, “əlaqədar qurumlar?”

Jurnalist dostum məni inandırmağa çalışırdı ki, “Selfinaz” küçə uşaqlarının zarafatından başqa bir şey deyil. Mən “Selfinaz”a baxdım. Fərda bu layihədə hələlik yalnız indi yanında olan pərəstişkarlarına güvənir... Onlar isə bugünkü gənclərdir. Çoxdurlar. Bu gənclik, onun bəzən şit, bəzən maksimalist yüklü zarafatları yaş səviyyəsinə görə qıcıq doğura bilər. Amma bu gənclikdir... Həzrəti Əlinin deyimidir: “Övladlar valideynlərindən çox, zəmanələrinə oxşayırlar”.

...Fərda birdən-birə intellektual nəslə keçid edə bilməz. Bunun ağır şərtləri var. Bunun üçün ilik əvvəl həmin mətni yaza bilən yazarlar yetişməlidir, sonra bu konsertə pul qoyacaq sponsor riskə getməlidir. Qoy, bir neçə konsert zəif alınsın, amma pulu kəsməsin... TV-lərdə stəndapa meydan verəcək proqramlar olmalıdır. Və ən nəhayət, ona qulaq asacaq dinləyiciləri toparlamaq lazımdır... Uzun və əziyyətli işdir. Bu axı Fərdalıq deyil.

Stəndap janrında zarafat və sarkazmların ən müxtəlif formaları olur: Jvanetski kimi sərt, gülməli və satirik, Xazanov kimi gülməli, “Kamedi Klab” kimi bir az həyasız və açıq-saçıq... Hətta Benni Hill kimi mimika ilə danışanı...

Ölkədə istedadlı adamlar üçün şərait olmalıdır. Kütbeyinliyin və hikkənin hökm etdiyi yerdə ağıllı yumor yarana bilməz.

Fərda ola bilsin bu gün bu müstəvidə zəifdir. Bizdə stəndap janrında çıxış edənləri barmaqla saymaq olar. Bu nəsil yoxdur. “Sələflər və xələflər” zənciri mövcud deyil. Halbuki estradada bu sahədə az da olsa peşəkarlar olub. Məsələn, Qorxmaz Əlili. Ölkədə yeganə ali təhsili konfransyedir. Əfsanəvi Arkadi Raykinin tələbəsi olub. Potensialını üzə çıxara bildimi? Niyə edə bilmədi?

İntellektual yumor təbəqəsi bizdə çox kövrəkdir. Onu gərək təbliğ edəsən. TV-lərdə, saytlarda, konsertlərdə...

Bu böyük bir menecerlik tələb edən işdir. Bunun bazasını yetişdirmək lazımdır. Sonra bu kəsimi konsertlərə gətirmək vərdişi yaranmalıdır... Əgər bəsit yumor təqdim edən “Bu şəhərdə” qrupunun tamaşalarında 10 gün dalbadal zal ağzına kimi dolursa, deməli bu bazarda “rəngləri ayırd etmək” üçün həddən artıq əmək sərf etməlisən...

“Fərda toya gedir” ittihamı isə mənasızdır: Toya kefdən getmirlər. Səhnə pul gətirmirsə, toyxana daha cazibədar olacaq...

# 1579 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #