Təkliyimizi çoxaldanlar...

Təkliyimizi çoxaldanlar...
15 oktyabr 2014
# 13:28

“Təklik – hamının çıxıb getməsi deyil, heç kəsin qayıtmamasıdı”...
Mövlanə

Yaxşı xatirimdədi. Bir dəfə yazmışdım: “qaşınan yeri barmağın gözdən daha yaxşı görə bildiyi kimi, unudulan yeri yaxşı bilər atılmışlar”. Burdakı atılmışlar sizin düşündüyünüz “atılmışlar”dan deyil. Nə badə! Yəni, hansısa nadanın dediyi – filankəsi atdım – və sairə kimi hüdudsuz sərsəmləmələr-filan. Düzdü, mən də haçansa belə düşünmüşəm. Bu bir az gəncliyin verdiyi lovğalıq olub, başqa heç nə. Atdığımı zənn etdiyim qadınların hamısına acımışam. Ona görə ki, o vaxtkı məni necə seviblər? O cür mənfur təfəkkür yiyəsinə necə ürək qızdırıblar?

Əslində isə heç kəs heç kəsi atmır. Sadəcə adamlar bir-birindən çıxıb gedirlər, vəssəllam. Ən dəhşətli gedişlər isə biryolluq olanlardı. Məsələn, axşam saatlarında oturub yeyib-içdiyin adamın səhər saatlarında telefonuna zəng çatmamağı kimi. Hələ o kafeyə tək getməklər də var sonralar. Hələ gedib oturduğunuz masanın yerinin dəyişilməsini görmək də var... Allah iraq eləsin. Sizə nədən danışım: Üstündən heç bircə ay keçməmişdi. Gedib gördüm kafedə stolların yerini dəyişiblər. BİZİM oturduğumuz yer də olub gediş-gəliş yeri. Təsəvvür edirsiz? Yaxınlaşıb yolüstü masada oturandan xahiş edirsən:


- Qardaş, zəhmət olmasa bir az qabağa durun keçim...

O da sənə tərs-tərs baxıb:

- Ələ salırsan? O boyda yer azlıq eləyir keçməyə? – deyərsə...

Təsəvvür edirsiz? Həmin yerdə dayanıb ordan keçənlərə - yo-yo, burdan yo, o biri tərəfdən, xahiş edirəm bir az o tərəfdən – deyərsənsə... Nə isə! Bilirəm ki təsəvvür etmirsiz. Ona görə də çox uzatmıram.

Adamlar iki halda realist ola bilmirlər:

1 – aşiq olanda
2 – doğma adamını itirəndə

Birinci halda daha çox romantikləşirlər. O romantikləşmə də adətən bayağı romantikləşmə olur. Mən həyati romantikanın dəlisiyəm. Di gəl, ayağı yerdən üzülmüş banal romantika sadəcə zəhlətökən hamilə qadın şitləşməsidir, vəssəllam. Görməyə gözüm yoxdu! Gəlin misallarla danışaq ki, hamı üçün aydın olsun. Məsələn, “mənim pəncərəmi döyən yağış indi hardasa sənin də saçlarını isladır” – bu, bayağı romantikadı. “Sənin saçlarını isladan yağışı indi hardasa qurumuş çörək parçasını da isladır - sərçələr üçün” – bu isə həyati...

İkinci halda isə daha çox sentimental olurlar. Belələrinə sözüm yoxdu. Qəti sözüm yoxdu. Vicdan haqqı. Heç nə deməyəcəm! Bilirəm, məndən söz almaq istəyirsiz! Əl çəkin! Lütfən... Çünki, mən də üçcə gün qabaq bir xanımın şəkillərinə baxıb – siz mənim anama çox oxşayırsız... – yazmışdım. Sonra da monitora möhkəm bir yumruq ilişdirmişdim. Ertəsi gün kompüterin arxasına keçəndə gördüm səhifə bağlanmayıbmış. Çox nadir hallarda düşdüyüm məyus və çarəsiz vəziyyətdə yazıb üzr istədim. Əlbəttə, o, bilmədi mən nəyə görə üzr istəyirəm. Ey kaş heç vaxt da bilməyəydi...

Atılmaq – təkliyin çoxalmasıdı. Bir gün anan çoxaldar təkliyini, başqa gün dostun, o biri gün sevgilin, övladın. Və sən də beləcə çoxala-çoxala bir gün yoxa çıxarsan. Müəllifini xatırlamadığım bir şeirdə deyildiyi kimi:

“ata olur adamlar, ana olur
bir az bacı olur hərdən...
dost olur adamlar, qardaş olur
doğma olur hərdən...
məndən soruşsan
daha çox YOX olur adamlar”...


Belə...

[email protected]
facebook:_ Şəhriyar del Gerani

# 2990 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #