Gözəl qadına bənzəyən şəhər

Gözəl qadına bənzəyən şəhər
26 sentyabr 2014
# 16:11

Soyuq hava idi. Yaxşı ki, günəş çıxmışdı. Amma qış fəsli idi. Hərənin əlində bir çamadan tez-tez addımlamağa başladıq. Bizi qarşılamağa gəlmişdilər. Rəngli çamadanları maşının arxasına yerləşdirib, özümüz də avtobusa oturduq. Böyük, içi geniş, ağ rəngli avtobusla gəlmişdilər bizi qarşılamağa. Avtobusda hərə özünə bir yer tapdı. Elə bil yumşaq kreslolar da insanlar üçün darıxmışdı. Səs-səsə vermişdik. Ətrafdan çox sevincli görünürdük. Ətrafdan deyəndə bir balaca yaxşı çıxmır. Günə yaxşı başlamışdıq. Bu dəfə pəncərədən kənar düşmüşdüm. Amma çölü yaxşı görürdüm. Bircə onu hiss edirdim! Yavaş-yavaş Atatürk Hava Limanından ayrılırıq. Nə təyyarənin içindəyik, nə təyyarənin bir addımlığında. Artıq bizi ağ, böyük, qanadlı təyyarələrlə xeyli məsafə ayırırdı. Maşın sürətlə hərəkət edirdi. Sürücü getdiyimiz yerlər haqqında məlumat verirdi. Maraqlı söhbət olanda yol da qısa olur. Çatdıq. Səhər idi. Qolumuzda Bakı saatı ilə dıqqıldayan saatları belə hələ dəyişməmişdik. Hələ havalıydıq.

Harbiyə, Elmadağ istiqamətindəydik. Çamadanları dostlarımızın qaldığı otelə qoyduq. Hələlik. Axşama otel tapmalı idik. Otelin otaqları təmiz idi, rahatçılıq vardı. Yerdəki ağ başmaqları, hamamdakı şampunları, sol tərəfdə asılan ağ feni lap yaxşı xatırlayıram. Qapı ilə üzbəüz pəncərədə var idi. Pəncərənin qarşısında balaca, yumru, qonur rəngdə iki kreslo, bir “jurnalnı” var idi. Kreslonun sol tərəfində keçmişinin güzgülərini xatırladan bir güzgü var idi. Yavaşca pəncərəyə yaxınlaşdım. Əlimi qəhvə rəngli pərdəyə vurdum. Pərdəni çəkib, pəncərədən bayıra boylandım. Əcəb mənzərədi. Köhnə, hər daşında min xatirə olan, rəngi bilinməyən daşlar bu şəhərin tarixi haqqında nəsə deyirdi. Əslində çox söz deyirdi. Heç nə demirdi. Amma hər şey deyirdi...

Bəzi qadınlar var. Adamın yanından keçir. Sözün düzü sadəcə keçir. Heç nə eləmir adama. Amma hər şey edib keçir. İstanbul da gözəl qadın kimidir. Şəhərin qoxusunu alar-almaz ruh halını dəyişir. Bu şəhər insanı sərxoş edər, dəli edər insanı. Dəli... Bu şəhərin gizli məntiqini tapmaq asan deyildi. Çətindi. Çətin olsa da maraqlıdır. Xoşuma gəlmişdi bu şəhər. Əslinə qalsa, bu sevginin toxumalarını mənim içimə Orxan Pamuk atmışdı. Onun qələmində bir sehr vadı. Heç qopmayacağın sadə, səmimi, içdən olan, uşaq vaxtından çoxlu öpülüb qucaqlarda gəzən, körpə vaxtından anasının qucağında boluca şəkillər çəkdirən, qardaşının qüsurlarına dözən, romanlarında ailə üzvlərinin xarakterini, İstanbulun arxa küçələrini inadkar xərçəng kimi kökdən anladan, fırçalarla dost olan, şəkil çəkməyi sevən, rəssam olmaq eşqi ilə yaşayan, məktəbə getməyi sevməyən, atası ilə anasının dalaşdığını diqqətlə izləyən, əşyaları qoruyan, qardaşı və dostları kimi çapqınlıq etməyən balaca vaxtından insanlar tərəfindən gülərüzlə qarşılanan balaca Orxan İstanbul haqqında yazırdı. İstanbul “Hatırlar və Şehir” romanında həqiqətləri qələmə alırdı. Doğulduğu Nişantaşından başlayırdı, Cihangirə gedən yollardan davam edirdi. Məşhur Cihangirdə onun xalası yaşayırdı. Evlərindən xalasıgilə gedəndə Taksimdən keçdiyini də unutmurdu. Onun işi sadəcə yazmaq idi. Yazırdı. Özü dediyi kimi uşaqlarla oynamağa getmirdim. Oxuyurdum.

Taksim meydanı. Məğrur türk xalqının tarix danışan heykəlləri və biz... Orxan Pamukun izləri ilə. Heykəlin qarşısından düz bir yol gedirdi. Bu yol Orxanın xalasıgilə aparırdı. Sol tərəfdə məşhur Alman Xəstəxanasının yerləşdiyi Cihangir küçəsindən danışıram. Onu da deyim ki, hazırda Pamuk fəaliyyətini Amerikada davam etdirsə də, İstanbula gələndə Cihangirdəki evində qalır.

Uşaqlarla birlikdə asta-asta İstiqlal küçəsini qarış-qarış gəzməyə başladıq. Bu gün otel tapmalı idik. Axtarışlar davam edirdi. Qədimi binalarla əhatə olunmuş, qarışıq, hərəkətli, maraqlı, küçələrdə hər an nəsə baş verirdi. Birdən nostalji bir səs gəldi. Keçmişdən əks-səda. Qulağımda tramvay səsləri peyda oldu. Elə bil qulağım bu səs üçün darıxmışdı. Yaman darıxmışdı. Keçmişdən bir səs...

İncə səs. Səni yormayacaq, incitməyəcək, göstərişsiz səs, anlayışlı səs. Gözlərimin qarşısında qırmızı və rəngli tramvay keçdi. Amma getdi. Heç getməsini istəmirdim. Qalmadı. O öz yoluna davam edirdi. Doğru olanı o edirdi. Səsli küçəyə bu tramvaylar köhnə İstanbuldan yadigar qalıb. Küçənin sağ tərəfi ilə “Beyoğlu” küçəsinə doğru addımlayırıq. Səfərimizin birinci gün idi. Hələ Bakının qoxusu, enerjisi, havası canımızda idi. Yumşaq canımıza elə hopmuşdu ki, hələ də tam azad ola bilmirdik. Daha çox hərəkət edib bu qoxudan qurtulmaq istəyirdik. Bəzən amansız bir gəzinti insanı azad eləməyi bacarır. Bir balaca da ürəkdə istək olsa. Qiymətlər fərqli olduğu üçün başqa otellərdə baxmalı olduq. Yolun sağında, dördkünc, divarları ağ rənglə boyadılmış, təmiz, böyük, hündür dəmir qapılı, adətən qapısı bağlı olan məscid gördük. Ağa məscid. Məscidin arxası ilə üzüaşağı düşdük. Tapdıq. Bizə lazım olanı tapdıq...

Hava qaralırdı. Yorğunluq canımızdan yavaş-yavaş çıxırdı. Yəqin, vaxtı ilə rumların məskunlaşdığı Rumeli küçəsi bizə xoş təsir eləmişdi. Hava qaralanda biz Nişantaşında gəzirdik. Qəribə küçələr idi. Beyoğlu kimi çirkli deyildi, adamlar asta-asta gəzirdi, təmiz idi. Kafelər, mağazalar, kitab evləri ilə zəngin olan bu küçələr. Gəzməklə bitməyən dünyanın iyirmi beşinci küçəsi idi. Göz qamaşdırıcı küçələr. Bahalıq idi. Sadəcə bax keç. Amma mütləq keç. Orxan Pamuk bu küçələrdə yerləşən Pamuk apartmanında doğulmuşdu. Onun ayaq izləri, uşaq vaxtı uşaqlarla oynamağa getməyən, pəncərədən baxan rahat, dərin və sevgi dolu gözlərindəki suallar vardı o mənzilin şüşəsində. Pamuk ağlımı qarışdırıb yenə. Nişantaşından Taksimə doğru keçdik. Sevinirdim. Pierre Loti təpəsini görəcəkdim. Fransada doğulan, Eyyub təpələrinə aşıq olan, türk qadınına vurulan Loti. Elə mən də, Lotiyə heyran olmuşdum. Axtarışlar davam edir. Yolda bir əclaf bizə yolu səhv göstərmişdi. Əclaf olduğunu bilirdim. Orijinal əclaf olduğunu bilmirdim. Kasım Paşa küçəsi ilə Eyyub tərəf gedirik. Məzarlığı ilə dünyada tanınan, qədimi, taxtadan, rəngləri bilinməyən öz keçmişini qorumağa çalışan dar küçələr. Məğrur təpədən Boğazı seyr etmək bir gözəl qadının həssas, sehrli, duyumlu gözləri qədər insanı parçalayırdı. Mənzərə ona baxanı öz ağuşuna ala bilirdi. İndi gəl qurtar bunun bu gözəl ağuşundan...

Günlərin bir günü fransalı yazıçı Pierre Loti İstanbula səfər edib. Yeddi Təpə üzərində yerləşən şəhərə aşıq olur. Bir sözlə bu şəhərdə yaşamağa qərar verir. Pirre Lotini qınayanlarda var idi. 1914-ci ildə alman əsilli Adre Giden Türkiyəyə səyahət edir. O Loti kimi Türkiyəyə heyran olmur. Susa bilmir. Hələ bir Lotini qınayır və deyir: Mən Fransanı üstün tuturam. Qəribə adamdı. Pirre Loti bilər, Aziyadə bilər, İstanbul bilər.

Səliqəsiz, köhnə, ağ rəngli məzarlıqlar Eyyub haqqında nəsə deyirdi. Əslində çox şey deyirdi. Məzarlığa yuxarıdan baxmaq isə əntiqə görünürdü. Lap ölmək istəyirdin. Ölmək... Dadlı dəfn olunmaq keçdi birdən ağlımdan. Qalıb nə edəcəksən? Deyirəm əcəb işdi. Loti məzarlıqlara vurulur. Heçlikdən, sevgiyə dönüş edir. Sonra isə Aziyadə adlı evli xanım əfəndiyə aşıq olur. Aşıq deyirəm. Dəli kimi aşiq. Fransaya yox deyib, İstanbulun Eyyub təpəsində məskunlaşacaq qədər dərin, haqqı olmayan bir qadını sevmişdi. O heç nəyə baxmadı!... Sadəcə sevdi və mübarizə apardı. Haqqı olmayan sevgilisini haqq elədi...

Sol tərəfdə, ağ, köhnə, uzun qapılar gördüm. Pəncərəsində işıq gələn Pirre Loti kafesi. Yavaş-yavaş addımladıq. Qapının bir addımlığında idim. Barmaqlarımı taxta qapıya vurdum. Lotinin əllərinin incəliyini hiss etmək keçdi ağlımdan. Aziyadə adlı qadına olan sevgisinə, sədaqətinə heyran olmuşdum. Qapını açanda köhnə qapılara məxsus cırıltı səsi gəldi. Ayrılmaq istəmirdim bu səsdən. Babamın evini xatırladım. Uşaq vaxtı bu səsi kəndə mən çox eşitmişdim. Uşaqlığımdan sürətli bir qatar keçdi. Sərnişinləri olmayan qatar...

Dördkünc, iç-içə otaqları olan, divarlarda Lotinin şəkilləri bəzədilən, dəyirmi masaları, qırmızımtıl, sarı rəngli, yumşaq divanlarda əyləşən gəncləri görmək lap dəli edirdi adamı. Şirin-şirin söhbət edirdilər. Bir zaman Lotidə burada oturub. Hələ həssas qadın olan Aziyadəni demirəm. Sussam yaxşıdır. Xoşbəxt idim. Heç ayrılmayacağım qədər...

Sol tərəfdən, başda boş yer var idi. Oturduq. Söhbətləşdik. Ağ fincanlarda türk qəhvəsi gəldi. Üstəlik üstündə Pierre Lotinin adı yazılmışdı. Kofenin tüstüsü ilə, soyuq əllərimi qızdırdım. İsti barmaqlarımın altında, Fransa mədəniyyətinin canına hopduran, türk kişisinin sevgisi ilə alışıb yanan bir Pirre Loti vardı. Onu bərk-bərk sıxıb, tutub saxlamaq istəyirdim. Lap bərk. Ayağa qalxdıq. İç-içə olan otaqları gəzdik. Bayıra çıxdıq. Mənzərəni seyr etdik, kafenin həyətində yumru stol və stullar var idi. Stolun üstü qırmızı ağ rəngli yumru süfrə ilə örtülmüşdü. Soyuğu elə canına çəkmişdi ki, elə yerindəcə donub qalmışdı. Hava da şaxta var idi. İçəri keçəndə qapı yenə cırıldadı. Axı bu qapı nə istəyir məndən...

Bu dəfə bizim canımızı yumşaltmağa səhləb gəldi. Səhləb deyirəm sənə. Ağ rəngli, qaynar, ətirli bənövşə rəngli çiçəklərdən hazırlanan səhləb. Üstün də qəhvə rəngində, xoş ətirli ədviyyat səpilmişdi. Toz kimi ədviyyat. İçdik. Dedilər, Türkiyədə soyuq havada səhləb içirlər. Canı yaxşı qızdırır. Həssas can olanda səhləb lap damara düşür. Aziyadə Pirre Lotinin damarına düşən kimi...

Gecə saatlarında dostlarla Eyyub təpələrindən qayıdırıq. Ayağımın altında soyuq, susaraq, amma insana nəsə anladan daşlara baxırdım. Lotinin bu təpələrə olan sevgisi Eyyubu dünyada tanıtdı. Sadəcə bir sevgi. Əsl sevgi. İçdən sevgi. Sonsuz sevgi. Qopa bilmədiyi sevgi...

Günə yeni başladım. Gəlib çıxmışam yenə bura. Nişantaşındayam. Gözüm kitab evi axtarır. “Aziyadə” romanını almalı idim. Remzi kitab evi. Mütləq tapmalı idim. Tapdım. Kassaya yaxınlaşdım. Yeddi lirə ödədim. Aldım və çıxdım. Onu da deyim ki, rumların yaşadığı küçələrlə gəzmək istədim. Gəzdim. Rumeli küçəsi hələ də öz orijinallığını qoruyub saxlamağı bacarırdı.

O qədər təzəliyi və gəncliyi vardı ki, bir uşaq baxışı vardı demək olardı. Belə gözlərə sahib olan bir qadın türk stilində geyinmişdi. Gənc qadın gözlərini gözlərimin içində hiss etdim. Bu qadının adı Aziyadə idi. Pierre Loti Aziyadəni belə təsvir edirdi. Hiss etdiyi kimi canlandırırdı. Aziyadə romanının sehrində qalacaq qədər sehrli. Enerji dolu. Lap dolu...

# 2646 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #