106 manatlıq maaş kartı

106 manatlıq maaş kartı
18 fevral 2013
# 11:15

Səhər ƏHMƏD

Səhərə kimi yatmayıb Den Braunun “ Da Vinçi şifrəsi”ni oxumuşdum. Günortaya az qalmasına baxmayaraq, əsərin təsirindən hələ də qurtarmamışdım.

Maaş kartını bankomata salıb, şifrəmi yazanda qəribə, mistik duyğular məni bürüdü; elə bil önümdəki elektron lövhəcik indicə bəşər tarixinin qədim bir sirrini açacaqdı. Amma heç bir qəribəlik baş vermədi, monitorda əvvəlcə adım, sonra balansımdakı məbləğ göründü: 106 manat.

Məbləğ məni elə də narahat eləmədi. Beş-altı saat dərsim vardı cəmi. Yaş ötdükcə vaxta daha çox qənaət etməyi düşünürdüm. Məktəbdə dərs, evdə dərs, “skayb”la dərs və fonda iri hərflə yazılmış devizim: Vaxt bütün qazanclardan daha dəyərlidi.

Pulu çıxarıb geri döndüm. Geyim mağazasının yanından ötəndə vitrində gözümə bir gödəkcə sataşdı. Adi yun parçadan tikilmiş, olduqca sadə və rahat görünən tünd bənövşəyi rəngli gödəkcə məni mağazaya girməyə vadar etdi.

Yerli-yersiz geyim dükanlarını gəzən, almayacağı paltara baxmağa vaxt sərf edən adamlardan deyiləm. Sadəcə fantaziyamdakı “model”ə uyğun geyimlər az-az qabağıma çıxır.

İnamlı addımlarla mağazanın baş ucuna qədər gedib, gödəkcənin qolundan yapışdım. Satıcı qız tənbəl-tənbəl:

-470 manat, İtaliya,- dedi.

Məbləğdən narazı qaldığım hiss olunmasın deyə əlimi dərhal çəkmədim. Başladım gödəkcənin o yan-bu yanına baxmağa. Bu müddətdə özümü inandırdım ki, “sezon”u az olan, bir paltara bu qədər pul vermək ağılsızlıqdır. Sonra əlimi çəkib dabanımın üstündə fırlandım. O biri geyimlərə də ironik bir nəzər salıb, heç bir malı bəyənməyən alıcı ədasıyla forsla mağazadan çıxdım.

Elə bu zaman yanımda olduğunu az qala unutduğum on yaşlı qızım dilləndi:

- Ay ana, qəribəsən e, 200 manat maaş alıb, 470 manatlıq mantoya baxırsan.

Yaxşı cəhət oydu ki, qızım bankomatın mənə “uzatdığı” əllilikləri yüzlük hesab eləmişdi. Pis cəhət oydu ki, onun səsi məyusluq və qınaq ifadə edirdi.

O məni nədə qınaya bilərdi, yəqin ki məğlubiyyətdə.

Qətiyyən məğlub durumda olmadığımı hiss etdirmək üçün burnumu dikəldib dedim;

- Əsas maaşın aşağı olması deyil, zövqün yuxarı olmasıdı.

Bunu sözgəlişi dediyimi düşünməyin, gerçəkdən belə hesab edirdim. Pulu hər zaman qazanmaq mümkündü, zövqü isə yox. O ya olur, ya olmur.

Bir də ki xoşuma gələn geyim çox ucuz qiymətə olsaydı da qanım qaralacaqdı. O gödəkcənin qiyməti təkcə mənim zövqümün yox, həm də sadəliyin, orjinallığın qiyməti idi.

Bütün bunları dördüncü sinifdə oxuyan Dunaya başa salmaq çətindi. Qızımın kefini açmaq üçün bu lənətəgəlmiş maaşdan qisas almaq lazımdı. Onu rastıma çıxan ilk mağazada məhv etmək, əzik-üzük manatlara, qəpik-quruşa çevirmək istəyirdim.

Vaxtın azlığına, əlimdəki kitab-dəftərlə basa-basa doldurulmuş dərs çantasının ağırlığına baxmayaraq, qarşıdakı şirniyyat mağazasına girdim. Uşağın dərsə gecikmək qorxusundan saldığı haray-həşirinin müşayiəti ilə hamımızın xoşladığı şokolad çeşidlərindən xeyli aldım.

Bir aylıq məvacibin demək olar ki, yarısını şirniyyata xərcləyəndən sonra rahatladım. Qızımın da kefi açıldı. Və ana-bala şad-xürrəm üz tutduq məktəbə.

“Xoşbəxtlik pulda deyil, onun dəyərindədir” deyənlər unudurlar ki, bu dünyada hər qiymətə “xoşbəxtlik” satılır.

Bəzən özünü varlı hiss etmək üçün az şey tələb olunur: Bir tikə zövq, bir çimdik yumor hissi, bir tutam ağıl, bir parça məntiq, bir-iki damcı həyat eşqi.

Sonra rahatca bu həyatı idarə eləmək mümkündü. Sürət həddini aşmamaq şərtiylə.

# 3977 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #