Yad planetdən gələn Kosa

Yad planetdən gələn Kosa
19 mart 2018
# 14:30

Saqif Zeynal

Adı Talış idi, boydan balaca, arıq və cılız. Özünə Kosa Talış deyirdik. Həm onu çox istəyər, həm də özündən qorxurduq.

Uşaqlığımız Kosa Talışın yolunu gözləməklə keçdi.

O vaxtı Kosa Talışdan başqa ümidlə yolunu gözləyəcək kimsəmiz yox idi... Səbəb idi ki, novruz bayramı, o, ildə bir dəfə üzümüzə gülümsəyən xoş gün gəlmək bilməzdi, başını yelləyə-yelləyə, ağır-ağır, tısbağa ayaqları ilə gələrdi...

Kosa Talış bayram axşamları özünə kömürdən bığ-saqqal düzəldib başına qəzetdən konusvari papaq qoyar, ürəyi vətən, yurd həsrəti ilə titrəyən adamların, üzlərinin təbəssüm yeri qəribsəmiş evlərinə gələr, çırtma vurub oxuyar, deyib-gülər, ağzında müxtəlif oyun havalarını yamsılayıb oynayar, adamları əyləndirərdi. Adamlar da şaqqanaq çəkib gülər, dinclik tapa bilməyən əllərini bir-birinə vurub aranı bir az da qızışdırardılar. Bir gecəlik də olsa sinələrinin qapısını açıb dərdlərindən çölə çıxardırlar.

Kosa Talışın atası ilə atam traktorçu yoldaşı idi. Burda da qəribə bir doğmalıq vardı. Kosa Talış bizə gələndə atamla görüşər, məni tutub öpər, dişləyərdi...

O, hər məni öpəndə qürrələnir, o sevgini içimdə bir az da böyüdürdüm. Bir dəfə mənimlə yumurta da döyüşdürmüş idi, yerə-göyə sığmırdım! Ömrümdə o qədər qorxub, o qədər xoşbəxt olmadım heç. O xoşbəxtlik hələ də yaşayır içimdə.

Nənəmin qorxduğunu yaxşı bilirdi Kosa Talış. Necə deyərlər, arvadı qaralamışdı. Həmişə özünə bir az da əcaib görkəm verib, ağzını-burnunu əyib nənəmə tərəf oynayardı. Nənəm də “bismillah, bismillah” eyləyib, “çıxardın, çıxardım bu şeytanı çölə” deyib yaylığını gözünün üstünə endirib üzünü arxaya çevirər, dodağının altında nəsə dua mızıldayardı.

Tamaşa bitəndən sonra anam Kosa Talışın torbasına qoz-fındıq, şəkərbura, paxlava qoyub yola salardı. Kosa Talış oynaya-oynaya qapıdan çıxıb gedərdi.

Kosa Talışdan qorxmağımız da qəribə idi, o qorxunun içində bir sehrli sevgi, gənc bir ümid vardı.

Biz uşaqlara görə bayramı Kosa Talış gətirirdi. Onda qoz-fındıq bol olar, arvadlar Nabat xalagildə toplaşıb şəkərbura, paxlava bişirər, yumurta boyayardılar.

Uşaqlığımız o zaman bitib-tükəndi ki, Kosa Talışgil köçüb getdilər. Bir neçə il Kosa Talış gələcək deyə gözlədik, amma gəlmədi ki, gəlmədi.

Kosa Talışdan sonra sanki bayram da gəlməz oldu. Əslində, gəldi, lap tez-tez gəldi, quş qanadlarında gəldi, biz də sürətli böyüdük, amma, bayramda nə o əvvəlki dad, nə də o əvvəlki duz oldu.

Bayram axşamlarında Kosa Talışın boşluğu bizi qüssələndirməyə başladı. Və belə-belə bayram əhval-ruhiyyəsini itirdik.

Daha köhnə paltarlardan şar düzəldib neftə qoymadıq, dirədöymə oynamadıq, qapı-qapı düşüb evlərə papaq atmadıq, qız-gəlin axır çərşənbədə qulaq falına çıxmadı, biz yenə küçələrdə toplaşıb yumurta döyüşdürmədik. Yadımdadır, axırıncı dəfə Habil adlı qohumum rekord vurmuşdu sivri uclu yumurta ilə, hələ də rekord olaraq qalır.

Elə bil Kosa Talış o müqəddəs bayramı da torbasına qoyub özü ilə getdiyi uzaqlara apardı.

Bir dəfə atamdan soruşdum ki, Kosa Talış hara getdi, bir də gəlməyəcəkmi?! Atam da “O yadplanetli idi, getdi öz yurd-yuvasına, gəlməyəcək.” Atamın zarafatını həqiqət bilib inanmışdım.

Atamın sözlərindən sonra daha Kosa Talışın yolunu gözləmədim.

O vaxtı Kosa Talış bizdən xoş gün kimi, ümid kimi getdi.

# 1176 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #