Ruhu satın alan dəbdəbə

Ruhu satın alan dəbdəbə
6 fevral 2015
# 16:42

Kitab dükanlarında indi də satılan, maraqlı məlumatlarla zəngin kitabça təqvimlərdən Sovet dövrünün çox evlərində olurdu. Hər gün bu təqvimdən bir vərəq qopurdu. Vərəqlərin sayı azaldıqca, təqvimin yükü də yüngülləşirdi.

Qalınlığı azaldıqca övladlarını itirmiş ana görkəmi alan təqvimin divardakı bu durumu uşaq vaxtı nədənsə məni çox kədərləndirirdi. O zaman hər cırılan vərəqin ömürdən də əskildiyinin fərqində deyildim. Amma zamanın donub qaldığı vərəqlərdəki təsvirlər bizim hər gün necə yaşlandığımızı, libaslarımızla birgə dəbdən düşdüyümüzü, köhnəldiyimizi amansızlıqla söyləyirdi. Bununla belə, yenə bizə sərf edənləri seçərdik. Təqvimin hansısa gününü özümüz üçün bayrama, əlamətdar hadisəyə çevirərdik. Bizi keçmişə buraxan, cavanlığımızı ələ salan rəqəmləri hədiyyələrlə mükafatlandırardıq.

İndi nə sovet dövrü qalıb, nə o təqvimin yarpaqlarındakı adi bir məlumatın da bizi təəccübləndirdiyi günlər. Həyatımızdakı boşluğun yerini kömpüterin, mobil telefonun, planşetin yaddaşına pərçimlənmiş təqvimlər tutub. Zaman anlamı belə texnolojiləşib. Texniki adamlar olub getmişik. Dayandığımız yerdən ötən marşrutlarsa bizi heç də xoşbəxtliyə yolçu etmir.

Və dünyanın qeyri-müəyyən gələcəyinə doğru nizamsız yolçuluğumuzda bizi təəccübləndirə bilən məlumatların məzmunu da fərqlidir.

Bakıdakı otellərdən birinin 14 fevral ərəfəsində müştərilərinə ünvanladığı təklif bu günlərdə sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu. Təklifin qiyməti fantastikdir. Müqəddəs Valentinin xatirəsini Bakıda yad etmək istəyən sevgililər hotelin hesabına öz evlərindən limuzinlə aeroporta çatdırılacaq və birinci sinif təyyarə ilə uçacaqlar. Qiymət isə nə az, nə çox 100 min manat civarında müəyyənləşib. Sizi bilmirəm bu, nədənsə mənə “Ədəbsiz təklif” filmini xatırladır. Çünki bu nə inkişafın, nə zənginliyin, nə də sevginin, xoşbəxtliyin göstəricisidir. Özü də bu təkcə bizim ölkəmizin deyil, dünyanın bulaşdığı bir xəstəliyin əlamətidir. Reaktiv sürətlə dəyişən dəblə ayaqlaşmaq üçün lüt-üryan olmağı, “ac ol, kişi ol” fəlsəfəsinin əvəzinə az geyin brend geyin, bahalı marka telefon, maşına sahibliyi rəva görən həyat tərzinin həqiqətidir.

Orxan Pamukun “Məsumiyyət muzeyində” çantanın saxta olması ilə bağlı bir epizod var. Əsərin qəhrəmanı düşünür ki: -“ Deməliydim ki, mənim üçün, bizim üçün bir çantanın işə yaraması, qadına yaraşması yetərlidir. Markası, kimin istehsal etməsi, orijinal olması yox.” Dərhal da öz-özünə deyir ki, o da mənim kimi bu sözlərə inanmaz.

Yəni insanlar geyiminə görə nəinki qarşılandıqlarını, elə yola salındıqlarını , pulla bütün qapılardan izn belə istəmədən daxil ola bildiklərini qəbul etdiklərindən dəbdəbəni dəbə çevirməyi yeganə fürsət sanırlar. Bu fürsət isə yalnız 1 faizə tanınır. 1 faizin 99 faiz üzərində hegemonluğu isə dünyanın tarazlığını pozur. Dünyada 1 milyarddan çox insan gündə 1,25 dollardan da az vəsaitlə yaşamağa məcbur qaldığı halda , 80 nəfərin sərvəti 3, 5 milyard əhalinin sərvətinə bərabərdir. Minlərlə, milyonlarla insanın dünyanın müxtəlif nöqtələrində ac-yalavaclığa can verərkən, azlıq sevgilisinin keçdiyi küçələrə şampan səpir ki, toz olmasın. Bizim marşrutumuz bax belə bir qeyri-bərabərlik partlayışının kandarında əyləcini basır.

Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunda Oxfam təşkilatının rəhbəri Vinni Byanima bəşəriyyətin bərabərsizliyin heyrətamiz ölçülərə çatdığını əsas gətirərək, sadə yaşamağa dünyanı tələsdirdi. Amma pulun idarə etdiyi dünyada rejissor Əmir Kusturitsa demişkən nə əxlaq, nə sağlam düşüncə, nə də sevgiyə yer qalır. Pul-ən böyük Tanrıdır, bu Tanrıya boyun əyirlər, bu Tanrıdan ötrü milyonlarla cinayət törədirlər. Haqq-hesab həyasızlığı özünü qabarıq büruzə verməklə böyük faciələrə yol açır. İnsanların yaşamındakı təzadın bu kobudluğu cinayətlərin artması, İŞİD şəklində insanların, insanlığın qapısında haqqın əcaibləşmiş sifəti kimi dayanır. Sonra da deyirik ki, başımız niyə kəsilir? İnsanlar niyə solçu olmağa can atırlar? Bıçağı ələ verən təkcə səfalətin balası olan cəhalət deyil. Həm də zənginliyin qeyri-bərabər bölüşdürülməsindən nəsibinə düşən payı övladına belə yedirdə bilməməkdir. 100 min manatlıq bir gecədən dünyaya gələn balalar üçünsə nəfəs ancaq şərab qoxuya bilər, aclıq yox. Şərabdan söz düşmüşkən, aksiya çərçivəsində sevgililər üçün Qız qalasında şampan şərabı və kürü süfrəsinin açılmasından da bəhs edilir. Həmin Qız qalasından ki, çoxdandır intihar edənlərin əlindən sevgi simvolluğunu da boğub öldürüb. İndi bu qanların üzərindən şərab axıtmağın əcəba yeri və məqamıdırmı?

Keşiş Valentin də yəqin ki, adının belə hoqqabazlıqlara vəsilə olmasına xeyir-dua verməzdi. Çünki mənim bildiyim keşiş gümüş şamdanları ilə insanların ruhunu qara fikirlərdən, zülmət dünyasından satın alınmışdı. Bəşəriyyətin məhz belə keşişlərin duasına və anılmasına ehtiyacı var. Çünki insanların ruhu xilas üçün yox, nə yazıq ki, belə dəbdəbələr uğruna satın alınmaqdadır.

# 2268 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #