Seymurun qəhrəmanları və "Ana ürəyi"

Seymurun qəhrəmanları və "Ana ürəyi"
25 noyabr 2013
# 14:17

Cəlil Cavanşirin yazısı...

Seymur Baycanın “Ana ürəyi” kitabı gözlədiyim kimi, pis qarşılanmadı.

Kitabın dərhal uğur qazanmasının əsas səbəblərindən biri Seymurun indiyə qədər yazdıqlarıdır.

Çünki müəyyən bir çevrə var ki, o çevrədə Seymur Baycanın yazılarını oxumaq prestij sayılır.

İctimai sektorda və kitabın vacibliyini dərk edən intellektual çevrədə Seymura hətta pərəstiş edənlər var.

Seymurun yaradıcılığı ilə bütöv bir nəsil yetişməkdədir.

Bu gün özünü Seymura bənzətməyə çalışan, onun kimi geyinmək, onun kimi danışmaq istəyən gənclər var.

Seymur nə qədər gileylənsə də, taleli yazıçıdır.

Düzdür onun Varis, Qaraqan, Çingiz Abdullayev kimi böyük fanat ordusu yoxdur.

Amma Seymur az da olsa sağlam bir qrupu öz arxasınca aparmağı bacarır.

Təbii ki, hər şey çox parlaq, dəbdəbəli deyil, lakin ümidvericidir.

Şəxsən tanıdığım 20-25 nəfər var ki, hətta Seymurun yazdığı Facebook statuslarını da acgözlüklə oxuyur.

Hətta Facebookda Seymurla mübahisə etməyi, onun statuslarında söz güləşdirməyi özünə fəxr bilənlər var.

Bütün bunları ona görə yazıram ki, mənzərə oxucular üçün aydın olsun.

Özümü Seymurun sadiq oxucularından hesab edirəm.

Onun yazdıqları təkcə qələm yoldaşı kimi yox, həm də sadə bir oxucu kimi də mənə çox maraqlıdır.

Onun “Quqark”ı son dönəmin ən maraqlı romanlarındandır.

Seymurun kitablar haqqında sevgi ilə, həvəslə yazdığı yazılar publisistikamızın ən gözəl nümunələrindəndir.

Seymur iki illik fasilədən sonra “Ana ürəyi” kitabı ilə oxucularla görüşdü.

Bu ikiillik fasilədə Seymur xeyli yazılar yazdı, müsahibələr verdi, müzakirələrə yol açan fikirlər söylədi. Bu zaman kəsiyində bir dəfə əsəbiləşib daha roman yazmayacağını da bəyan etdi.

Sonra publisistikasını kitablaşdırdı.

“Quqark”ı rusca yayımlandı.

Və nəhayət, iki illik fasilədən sonra yeni, əvvəl yazdıqlarına bənzəməyən fərqli bir əsər təqdim etdi.

“Ana ürəyi” haqqında müxtəlif fikirlər səsləndirildi. Əsər haqqında tənqid edənlər də, dəyərləndirənlər də oldu.

Sözün düzü əsəri oxumağa başlayanda o qədər də bəyənmədim.

Roman, Seymurun alışdığım üslubundan ciddi şəkildə fərqlənirdi.

Hətta kitabın mütaliəsini sonraya, daha arxayın və rahat bir vaxta saxlamaq istədim.

Ancaq dostların məsləhəti ilə kitabı yarımçıq qoymadım, Şəmkir səfərimdə kitabı özümlə götürdüm və diqqətlə oxudum.

Etiraf edim ki, böyük zövq aldım.

“Ana ürəyi” peşəkar qələmin məhsuludur.

Seymurun texnikası, ironiya və dekonstruksiya olduqca xoşuma gəldi.

Məni narazı salan yeganə məsələ “Ana ürəyi” segahının dekonstruksiya edilməsidir.

“Ana ürəyi” Seymurun yozumunda nə qədər maraqlı alınsa da, ironiya edilən mövzu artıq aktual deyil.

Məncə cəmiyyət “Ana ürəyi”, “İki dost” kimi segahları, meyxana-rəvayətləri dinləmək mərhələsini çoxdan keçib.

“Ana ürəyi”nin başa düşülməyəcəyindən narahatam.

Düzdür, bayağılıq və zövqsüzlük indi də var, amma bu bayağılığın başqa, yeni və təhlükəli mərhələsidir.

Amma yazıçını bu mövzunu işlədiyi üçün qınamaq da olmaz.

Seymur bəzən publisistikada da, “köhnə mövzuları” dövriyyəyə buraxır və etiraf edək ki, özünü doğruldur.

Bu aspektdən yanaşsaq, “Ana ürəyi” də “hədəfə dəyə bilər.”

Xüsusilə Seymurun yorulmadan tənqid etdiyi “qadın mövzusu”...

***

Neçə gündür müşahidə edirəm, sosial şəbəkələrdə Seymurun qəhrəmanları belə “Ana ürəyi” haqqında danışır.

Hətta belə bir status oxudum : “Seymurun bu kitabı səmimi deyil. Prozaiklik sıfır. Heç bir fəlsəfəsi yoxdur. Alınmayıb!”

Uzun-uzadı yazmağa nə hacət? Hər şey açıq-aydın ortadadır.

Məncə bu, yazıçının ən böyük uğurudur.

# 3215 dəfə oxunub

Oxşar xəbərlər

Qar tanrısının qeydiyyatı haradır?

Qar tanrısının qeydiyyatı haradır?

16:25 15 iyul 2024
Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz

15:00 11 iyul 2024
Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

12:00 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
# # #