İçimizə işıq çəkənlər

İçimizə işıq çəkənlər
15 sentyabr 2016
# 11:17

İlk dərs günü... İstər-istəməz məktəbə getdiyi günə qayıdır adam... Neyləsən də nostaljisiz ötüşmür bu gün...

İlk dərs günü...

Bilik bayramı...

Təzə paltar...

Çanta...

Yaşadığın evi, oturduğun sinif otağını, oynadığın həyəti dolduran hay-küylü sevinc...

Bir az da həyəcan...

Bir yaş böyük bacımla eyni sinifdə oxuyaq deyə atam məni tez qoydu məktəbə...

Üstəlik bacım da bir il tez getdi...

Boydan uzunduq deyə yaşımızı ciddiyə alan olmadı...

Məktəb direktoru atamın xətrinə sovet qanununu əməlli-başlı pozdu...

5 yaşımda birinci sinfə gedəsi oldum...

Müəllimlərdən qorxurdum...

Dərsdən qaçırdım...

İndinin uşaqlarına bəlkə qəribə gələr, bir dəfə sinif müəllimimi köhnə paltarda tövlədə işləyən gördüm, necə sarsıldımsa...

Sən demə müəllim də hamı kimi peyin kürüyər, ata-inəyə ot-alaf verərmiş...

Həm də köhnə paltarda...

Həyatda söz və kitab adına nə bilirəmsə o müəllimə borcluyam...

Bəbir müəllimə...

İlk müəllimim...

Mənə ilk “Beş”i yazan kişi...

Həm də onun hesabına məktəbdən qorxmadım...

Dərslərdən qaçmadım...

Bəbir müəllim dərsi bilməyəndə, tapşırıqları yazmayanda müəllimdən utanmağı öyrətdi mənə...

Qorxmağı deyil...

O məsuliyyət hələ də içimdədir...

Oxumadığım kitablardan, baxmadığım filmlərdən utanıram...

Bir gün sinifdə belə bir əhvalat danışdı:

- Biz yeniyetmə ikən, dedilər, kəndlərin arasında dik dirəklər basdıracaq, onların üstüylə hamının evinə məftil çəkəcəklər. Tavanın ortasından armuda oxşayan şüşə asılacaq, divarda düyməni basan kimi evlər günüzmüş kimi işıqlanacaq. İnanmadıq. Gülüşdük. Ömrümüzdə belə gop görməmişdik...

Bəbir müəllim bu əhvalatı danışanda biz də güldük.

O vaxt sevimli müəllimimizin içimizdə də belə bir işıq yandırdığını anlamırdıq.

O vaxt anlamırdıq həyatımızın da bu əhvalata bənzər bir gop olduğunu.

Başqa sinif yoldaşlarımı bilmirəm, şəxsən mənim bu hap-gopa bənzəyən ömrüm nə qədər xərcləndisə Bəbir müəllimin içimdə yandırdığı o işığı qorumağa xərcləndi...

Anladım ki, o işığın son işartısı söndüyü gün məhv olacam...

Ağlaya-ağlaya məktəbə gedən o tər-təmiz varlıqdan əsər-əlamət qalmayacaq...

O işıqdan başqa hər şey yalanmış ömrümüzdə...

Və o işığı yandırmaqdan çox qorumaqdaymış məsələ!

İndi o işığı qorumağın Bəbir müəllimin xatirəsinə ən böyük ehtiram olduğunu xatırladıqca içimi hüznlü bir rahatlıq bürüyür.

# 1854 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #