Ayxan Ayvaza borcumuz

Ayxan Ayvaza borcumuz
5 may 2016
# 11:45

Fikir vermişəm bəstəboy və istedadlı adamlar ortalıqda çox görünməyi sevmirlər. Gizlənməyi xoşlayırlar.

Boylarına qısılıb gözə görsənməmək onların ən böyük istəyidi. Ayxan Ayvaz da boydan bəstədi. Amma ədəbiyyatda boydan bəstə deyil.

Olmayacağına da inanıram!

Onu ilk dəfə metroda görmüşdüm. Dayanıb qatar gözləyirdim. Bir də gördüm Əsəd Qaraplanla üzü mənə tərəf gəlirlər. Deyəsən, elə bizi də Əsəd tanış elədi. Sonra qatara mindik. Bir, ya iki stansiya gedəndən sonra onlar düşdülər. Əsəd söhbətcil adam olduğu üçün qatarda bir xeyli ordan-burdan danışdı. Ayxan susdu. Yol boyu ancaq baxışları danışdı. Bu vaxta qədər baxışlarını bu qədər kədərlə danışdıran adama rast gəlməmişdim. O vaxtdan Ayxan yadımda qaldı. Sonralar yazdığı köşələri, hekayələri həmişə olmasa da, imkan düşdükcə oxuyurdum.

Ayxan yaşının azlığı ilə uyuşmayan ağrılı bir ömür yaşayıb. Valideynlərinin hər ikisini itirib. İndi bir bacı, bir qardaş sevgisinə söykənərək həyata davam edir. Ötən günlərin ağrı-acısını yəqin ki, unutmayıb. Amma fikir verirəm ki, həmin günlərin zədələrindən yaranan hisslərin mətnlərinə sızmasına imkan vermir. Əksinə, daha pozitiv olmağa çalışır.

Əslində, buna mane olmaq da yazıçı üçün çətin məsələdir. Amma Ayxan mane olmağı bacarır, ən azından buna çalışır.

Mənim atam insult xəstəsi idi. Ömrünün son illərini yataqda keçirtdi. Elə həmin xəstəliklə də dünyadan köçdü. Amma mən hələ də bu köçü unuda bilmirəm. Hansı yazını, hekayəni yazıramsa, gizlin, ya aşkar atamla bağlı hisslər gəlib həmin yazının bir tərəfinə hopur.

Çalışıram olmasın, amma olur.

İndi görün bu bəstəboy Ayxanın nə qədər böyük qüvvəsi var ki, yazdıqlarını yaşadıqlarından ayırır.

Ayxan işsizlikdən əziyyət çəkəndə, çox təəssüflənirdim. Sonra eşidəndə ki, Kulisdə işləməyə başlayacaq sevindim. Həm maddi çətinliyi aradan qalxmışdı, həm də ədəbi mühitə getmişdi.

Bu yaxınlarda Ayxanı bir imza günündə gördüm. Deyəsən, ad günündən bir gün ötmüşdü. Təbrik elədim. Neçə yaşı tamam olduğunu soruşdum. İyirmi dörd dedi. Sonra susdu. Elə insanlar var ki, onların susqunluğu da danışır. Ayxan belə adamlardandı. Baxışlarla, susqunluqla danışan oğlandı.

Ötən gün Ayxanın “Poçt qutusu” hekayəsini oxudum. Yumor, ironiya, tarix, kədər hər nə desəniz o mətndə vardı. Həmin hekayədən sonra bir daha əmin oldum ki, Ayxan ədəbiyyatda sözünü deyən imza olacaq. Cavandı, qarşısındakı uzun illər bu sözləri demək üçün onu gözləyir.

Bilmirəm bu yazının yazılmasına nə ad verim? Türklər demişkən, bayram deyil, seyran deyil. Bəlkə də həmin hekayə bu yazıya səbəb oldu.

Amma yox.

Ayxan haqqında xeyli vaxtı fikirləşirdim.

Həm də fikirləşirdim ki, bu cür istedadlı, öz üzərində işləyən, zəhmətkeş gənci qorumaq bizim hər birimizin borcudur.

Ən azından ədəbiyyat qarşısındakı borcu...

# 2184 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #