Zakir Məmmədin 60 yaşı

Zakir Məmmədin 60 yaşı
25 yanvar 2016
# 15:54

…Bəzən həyatın gerçəkliyini qavramaqda çətinlik çəkirsən, gözünlə gördüyünün, əlinlə toxunduğunun, ağlınla dərk elədiyinin belə həqiqi olduğuna inana bilmirsən.

Amma vaxt ötür, başa düşürsən ki, o gerçəklik həyatın özü qədər həqiqidi, həqiqətdən qaçmaqsa, mümkün deyil.

Bu günlərdə bənzərsiz insan, ziyalı, ədəbiyyatşünas, şair Zakir Məmmədin səssiz-səmirsiz 60 yaşını haqladığı barədə düşünəndə bu hissləri keçirdim. Sonra fikrimdən keçdi ki, Zakir yaşadığı ömrə görə təəssüflənməməli, əksinə, qürur hissi keçirməlidi. Düzdü, o ömürdə əyalətdə yaşamağın əzabları, şan-şöhrət itkiləri var, amma əvəzində qismətinə insan və yaradıcı kimi bütöv qalmaq kimi gözəl bir fürsət düşüb. Mənə görə, Zakirin dostu Ramiz Qusarçaylı, Gəncədən Bahadur Fərman və İnqilab İsaq, Şəkidən Vaqif Aslan, Namizəd Xalidoğlu və Hədiyyə Şəfaqət, Yardımlıdan Sabir Bəşirov və Aslan Quliyev, Cəlilabaddan Bilal Alarlı, Lənkərandan Sərraf Talıb, Tərlan Əbilov, Şabrandan Aydın Tağıyev, Astaradan Mehman Qaraxanoğlu, Mingəçevirdən Elşən Əzim, Salyandan Eldar İsmayıloğlu, Oğuzdan Cəlil Cavanşir, Tovuzdan Elməddin Nicat... mənəviyyat çadırımızın sütunlarıdılar, onlar olmasalar, bütövlükdə millət kimi çox şey itirərik.

Zakir Məmməd Qubanın Əlik kəndində doğulub, Qonaqkənd məktəbini , ADPU-nin filologiya fakültəsini bitirib, rayonunun Zeyid, Dağüstü, Hacıhüseynli məktəblərində, Quba Özəl Türk Liseyində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında da müəllim kimi çalışıb, qısa müddətə Hacıhüseynli kəndində icra nümayəndəsi də işləyib, indi kənd tam orta məktəbində müəllimliyinə davam eləyir.

Bütün bunlar onun heç də asan olmayan ÖMÜR YOLUnun qısa xronikasıdı...

Bir də var, Zakir Məmmədin SÖZlə təmasının keçdiyi YOL. Yəqin ki, o yolun hardan başlandığını özü də deyə bilməz. Bir onu xatırlayır ki, ilk şeirləri xalq şairi Hüseyn Arifin "uğurlu yolu" ilə 1983-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilib. Həmin mehr nəticəsində də dörd kitabı, qəzet-jurnallarda, internet sayt və dərgilərində onlarla məqaləsi, şeiri çap olunub. Beynəlxalq R.Rza və Ə. Salahzadə adına "Avanqard" poeziya mükafatlarına layiq görülüb. İndi 1998-ci ildən üzv olduğu AYB-nin Quba filialında və “Ay işığı” ədəbi birliyində Ramiz Qusarçaylının uzun illər səbirlə və böyük zəhmət bahasına apardığı işi layiqincə davam etdirir.

***

Zakir Məmmədlə şəxsi tanışlığımın tarixi o qədər də uzun deyil. Cəmi üç il əvvəl qələm dostumuz Nurafizlə birgə getdiyim “Ay işığı” birliyinin tədbirində tanış olmuşuq , elə o təsadüfdə də aramızda proloqsuz-filansız münasibət yaranıb. Amma Zakirin poetik və ədəbi nəfəsi mənə ötən əsrin 80-ci illərindən tanışdı, mətbuatda rast gəldiyim hər şeirində, hər ədəbi məqaləsində izaholunmaz hərarət və yaxınlıq duymuşam.

O, əyalət uzaqlığından baxıb ədəbiyyatımızın mənzərəsini əksər ədəbiyyat və tənqidçilərdən daha yaxşı görür, şəxsi münasibətlər bataqlığına düşmədiyinə görə, yaxşını-pisdən ayırmaqda, ədəbi mətnləri dəyərləndirmədə vicdan kateqoriyasından qorxusuz-ürküsüz yararlana bilir. Onun Ələkbər Salahzadə, Ramiz Rövşən, Ramiz Qusarçaylı, Nurafiz, Saday Şəkərli, Qəşəm Nəcəfzadə, Tərlan Əbilov, Rəşid Bərgüşadlı, Esmira Məhiqızının... yaradıcılığı barədə qələmə aldıqlarını yalnız bu kontekstdə qiymətləndirmək olar.

Zakir Məmməd ədəbi meyarlarında qərəzsiz, iddiasızdı, öz elmi səviyyəsini, ədəbi istilah ehtiyatını göstərməyə çalışmır. Bəlkə elə buna görə də heç müdafiə eləmək, elmi dərəcə almaq fikrinə də düşməyib. Zakir zorakılıq düşüncəsindən də uzaqdı, yəni heç vaxt ədəbi hədəfilə bağlı hökm verib, qəti qərar çıxarmır. Bu cəhətdən özünün mülahizələri çox maraqlıdı: “Mənə elə gəlir ki, bəzi tənqidçilər hətta özlərini polis rəisi kimi aparırlar. Bu, sovet ədəbiyyatından qalma vərdişlərin nəticəsidir. Tənqid öz əvvəlki məzmun və mahiyyətindən bir qədər uzaqlaşmalıdır. Mənim fikrimcə, tənqid hər hansı bir bədii mətnin içindən yeni bir neçə mətn tapıb eyni mövzunun davamını yazmalıdır. Hər hansı bir paradiqmaya nəzərən yeni paradiqmalar işləyib hazırlamaq tənqidin və ya tənqidçilərin işidir. Tənqidçi bütün fəaliyyətini yazıçıya qiymət verməyə sərf etsə, onun şəxsi ambisiyası daha qabarıq görünəcək, müəllifin maraqları oxucu maraqlarını üstələyəcək”. Elə bu məqsədlə də Zakir Məmməd öz üslubumu yeniləşdirməyə, kəmiyyətə yox, mətnin keyfiyyətinə çox diqqət ayırmağa çalışır, daha çox öz maraq dairəsinə daxil olan mətn üzərində iş aparmağa üstünlük verir. O, çağdaş ədəbi prosesi əks etdirən icmal xarakterli yazıların faydalı ola biləcəyini düşünür, dediyinə görə, bu yönümdə çoxlu qeydləri var. Hazırda çapa hazır olan iki-üç kitablıq materialı var. Poeziya və nəsr tənqidi məqalələrindən, Feysbuk materiallarından ibarət kitablarını çap etdirmək arzusundadı.

Zakir Məmməd ədəbi mühitin mərkəzindən uzaqda olmağın çətinliklərinin və üstünlüklərinin nədən ibarət olduğunu çox yaxşı bilir. Onun fikrincə, “indi Bakıda da ədəbi həyatın qaynarlığından danışmağa dilimiz qısadır. Bunun səbəbi internetdir. Sosial şəbəkə vasitəsilə fikir mübadiləsi apara bilməyimiz, buradan hər cür informasiyanı əldə etməyin mümkünlüyü digər kommunikativ vasitələri kölgədə qoyur. Deməli, ədəbi prosesi internet vasitəsi ilə izləməmək həmin prosesdən kənarda qalmaq deməkdir. Bu baxımdan, çağdaş ədəbiyyatımızda baş verən hadisələri həm yaxından izləyirəm, həm də onun içində olmağa çalışıram. İnsanların daha haradasa yaşamağının onun dünya ilə əlaqələrinin intensivliyinə mənfi, ya müsbət təsiri ola bilməz. "Uzaqda” yaşamağın daha ağrılı tərəfi var. Söylədiyin bir fikir kiminsə mənafeyi, ya mövqeyi ilə üst-üstə düşməyəndə dərhal əyalət qaxıncını işə salırlar”.

O, ədəbiyyatın əyalətində yaşamır, bayaq sadaladığım taledaşları ilə birgə əyalətin ədəbiyyatını yaşadır, onu məkan anlayışından çıxarıb bütövlüyə qovuşdurur. Həmin bütövlüksə Azərbaycan ədəbiyyatıdı...

***

Zakir Məmməd ədəbiyyatımızın səksəninci illərinə mənsubdu. Xoşbəxtliyi ondadı ki, heç vaxt tələsib-təntiməyib, “daha çox, çap olunmaq, daha çox tanınmaq” meyarını qəbul eləməyib, yazdıqlarını zamanın axarına buraxıb, nə vaxtsa öz qiymətini alacağına inanıb. Onun poetik mətnə öz münasibəti var. Fikrincə, “nəsə köhnəlirsə, bunun səbəbi şeirin sərbəstdə, ya hecada yazılmasında deyil. Şair metodoloji cəhətdən nə qədər hazırlıqlı olsa da, daim yeni üsul və priyomlar axtarıb tapmağa cəhd etməlidir. Şeir obrazlı təfəkkürün məhsulu kimi meydana çıxdığı üçün orada oxucunu əyləndirən yeganə cəhət bədii obraz ola bilər. Amma bu obrazlılıq orijinal deyilsə, təkrardırsa, deməli, köhnədir. Oxucu isə həmişə yeniliyə can atır, necə deyərlər, hər şeyin təzəsini axtarır”.

Mənə görə, Zakir Məmməd ədəbiyyatın, əslində, nə olduğunu aydın dərk eləyən azsaylı qələm adamlarımızdandı. O, Sözün bir növ Ruhun mənzərəsini yaratmaq yolunda vasitə olduğunu, o havanı yaratmaq üçün yaradıcı adamdan böyük istedad tələb edildiyini bilir, poetik mətnlərində də bu açıq-aşkar görünür. Zakir əmindi ki, hər bir yazıçı öz fərdi üslubuyla ədəbiyyatın tarixi yaddaşında qalmaq şansı əldə edir.

Zakir Məmmədin “Əhvalat” adlı bir şeiri var. O şeiri müəllifin ruhi siqlətini ifadə elədiyinə görə çox sevirəm.

Yadımdan çıxmışdı, deyim:

Bir həyat borcluyam sənə.

Çapıb murada yetməyə

Bir də at borcluyam sənə.

Yağıb tez kəsən yağışam.

Çətin bir yana yığışam.

Bilməyib çox sındırmışam,

Qol-qanad borcluyam sənə.

Bu qəmdən doyaq, doymayaq?

Sirr edək, yayaq- yaymayaq?

Tapıb ad qoyaq, qoymayaq?

Yaxşı ad borcluyam sənə.

Ürək dilə gələ gərək.

Eşqdən bir zəlzələ gərək.

Başımıza gələ gərək,

Əhvalat borcluyam sənə.

Kimə ünvanlandığından asılı olmayaraq, bu şeir Zakir Məmmədin xarakterindəki borc hissinin ifadəsidi. O özünü xalqına, torpağına, Sözünə, ədəbiyyatına, hətta dostlarına borclu sayıb, həmişə də o borcu ləyaqətlə verməyə çalışıb.

Amma 60 hələ son deyil, sadəcə keçilmiş bir mərhələnin yekunudu.

Zakir Məmmədin irəlidə görəcəyi işlər çoxdu. Təki sağlıq olsun.

# 1685 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #