Cəlil Cavanşir yazır...
Kafenin əldən-ayaqdan uzaq bir küncünə çəkilib yazacağım hansısa yazının konturlarını fikirləşirəm. Sifariş verdiyim acı qəhvə gecikdiyi üçün bir siqaret yandırıb qarşımdakı qeyd dəftərinə cızma-qara edirəm. Qismətin absurd dialoqlarla bağlı yazdığı yazı hardan yadıma düşürsə, bilmirəm. Qeyri-iradi yaddaşımı qurcalayıb, absurd dialoqları xatırlayıram.
Kafenin səliqə-sahmanlı, şirindilli, qayğıkeş və işinin vurğunu ofisiantı allah bilir neçənci dəfə yaxınlaşıb eyni sualı verir:
- Müəllim, başqa bir istəyiniz varmı?
Hər dəfə eyni reaksiyanı verirəm. Əlimlə heç nə istəmədiyimə işarə edirəm. Bir neçə dəqiqə keçmiş həmin o şirindilli ofisiant sifariş verdiyim acı qəhvəni masaya qoyur:
- Müəllim, niyə fikirlisiniz?
***
Dayanacaqda siqaret tüstülədirəm. Yolum Xırdalanadır. Taksi sürücüsü qulağımın dibində bağırır:
- Xırdalana bir nəfər, Xırdalana bir nəfər....
Heç olmasa bir sürücünü susdurmaq üçün taksilərdən birinə əyləşirəm. Taksi yerindən tərpənən kimi, yaşlı sürücü söhbətə körpü salır:
- Görürsən də, bacıyoğlu? Hamısı tökülüb gəlib kəttən, Bakını çeviriblər bardağa.
- Mən də kənddənəm, ağsaqqal...
- Həri???
- Bəli, özü də dağ kəndindən.
- Rəssam dögürsən?
- Yox.
- Amma rəssamlıx yaxşı sənətdü.
***
Gecə saat 23:40. Yatağa girməyə hazırlaşıram. Telefonuma tanımadığım nömrədən SMS gəlir. SMS sahibi adını yazmağı vacib bilməyib və simvol sayına qənaət eləmək üçün bəzi sözləri ərklə qısaldıb.
“Salam Cəlil m. Ncsnz? Nömrəvizi dostrarıvızdan almışam. Mənə bir işdə kömək edin zəhmət olmasa. “Kamal Abdulla postmodernist yazıçı kimi”- 3 səhifəlik yazı lazımdır. Dissertasiya işimə görə istəyirəm. Çox xahiş, sabaha lazımdı. Yaza bilərsiniz? Amma yazdığınız və oxunulan yazılardan olmasın”.
Naməlum mesaj sahibinə cavab yazıb belə bir yazını yazmaq üçün ən azı bir gün vaxt lazım olduğunu və indi bu yazını yazmaq üçün müsait olmadığımı izah edən cavab yazıram. Eyni zamanda gecənin bu vaxtı aldığım mesaj əsəblərimi qıdıqladığı üçün, nömrəmi kimdən aldığını, özünün kim olduğunu soruşuram. Aldığım cavab heyrətamizdir:
“Neynirsiniz kim verib? Daha nə önəmi var ki?”
***
- Salam bırat, deyəsən şeir yazırsan?
- Salam. Əhsən, düz tapmısan. Hardan bildin?
- Kimsə statusunuza şərh yerində yazmışdı ki, “Sağ ol, şair”.
***
- Müəllim, salam. Mənim şeirimi oxuyub obyektiv qiymət verə bilərsiniz?
- Salam. Üzr istəyirəm, indi məşğulam. Mütləq baxaram.
- Hamıvız beləsiz də. İki dənə şeiriniz çıxan kimi bizi bəyənmirsiz. Ayıb olsun. Belə yekəxana olmağı sizə yaraşdırmıram. Sizdən başqa da şeir yazanlar var. Bu qədər lovğa olmayın.
- Axı indi məşğulam...
- Nolsun? Dünya dağılar işinizi atıb şeir oxusanız?
***
“Dinlər, təriqətlər, peyğəmbərlər” adlı son kitabım nəşr olunub. Ara-sıra oxucuların təbrik, təqdir mesajları gəlir. Hərə bir cür münasibət bildirir. Mesajlardan biri yenə tam “12-likdən”dir:
“Mən bütün dinləri, qövmləri araşdırdım. İçərisində ən bədbəxti sənsən Cəlil Cavanşir. Bu kitaba görə cəhənnəmdə yanarsan, inşallah. Allah sənə lənət eləsin”.
Düzünü deyim ki, bərk pərt oluram. Pərtliyimə baxmayaraq cavab yazıram:
- “Kitabı oxumusunuz?”
Cavab çox lakonikdir:
- “YOX”.