Sadəcə xoşbəxtlik   

Sadəcə xoşbəxtlik   
13 noyabr 2013
# 10:48

Yayın oğlan çağında uzaq və yaşıl bir kənd. Künc bucağından peyin iyi gələn göy çəmənlik həyət. Balaca, kürsülü bir ev. Evdən ayrılan cəmi iki dənə cığır. Biri həyətin o başındakı ayaqyoluna, biri də darvazadan çöldəki təpədə tikilmiş un dəyirmanına.

Pilləkənin qurtaracağındakı daş döşəmənin üstündə qaynayan samovar. Doğranıb səliqə ilə çəpərin yanındakı çardağın altında bir tərəfdən yığılmış qışın odunları. Həyətin ortasındakı ətrafı ağac qırıntıları olan kötüyə çalınmış sapı sürtülməkdən parıldayan balta. Ot tayasından bir az aralıda qoyunları içində gizlədən pəyənin yanında ağaca bağlanan, quyruğu ilə üstünə qonan milçəkləri qovmağa çalışan inək. Yuvasının qabağında uzanıb dilini çənəsi aşağı sallayaraq həyəti seyr edən it, cücələrini altına yığıb özünü yarısı çəpərin o üzündə qalmış əncir ağacının kölgəsinə verən toyuq...

Təndirin başında çörək bişirən hamilə ana. Eyvanda qıyılmış gözlərini damağındakı siqaretin tüstüsünün arasından zilləyərək xarab olmuş ütünü düzəltməyə cəhd edən dərisini gün yandırmış ata. Hindən yumurtaları ətəyinə yığaraq bir aydan sonra dünyaya gələcək körpəni xəyalında oyuncaq kimi oynadan doqquz il əvvəl doğulmuş qız uşağı. Bir azdan əllərini yuyub gəlib eyvanda yerdən salınan nahar süfrəsinə oturacaq həyətdə oynayan irili xırdalı dörd bacı-qardaş.

Bir də ki... Bir də təndir başındakı ana ilə eyvandakı atanı xəyalən bir-birinə bağlayan Bakıdan-tələbəçilik vaxtından qalan şirin xatirələr...

Bir azdan uşaqlar böyüyəcək. Ali təhsil almaq üçün Bakıya gedib orada qalacaqlar. Ata ilə ana qocalıb öləcəklər. Təndir torpaqla dolacaq, samovar paslanacaq, odunlar islanacaq, köhnə ütü atılacaq. Sonuncu uşaq evi tərk edəcək. Həyətdə həyat öləcək.

Yəni hər şey bir vaxtlar Bakıda ali təhsil aldıqdan sonra nişansız, toysuz kəbin kəsdirərək kəndə gəlib həyatlarını müasir texnologiyalardan xilas edən iki gəncin əvvəlcədən arzuladığı kimi bitəcək...

# 3353 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #