Rus qızından məktub

Rus qızından məktub
3 iyun 2013
# 09:46

Həyatı səhvlərimdən öyrənirəm..


Mən yaxşıyam. Timka da həmçinin.

İstirahət günü bağa getmişdik. Timuru evə salmaq mümkün deyildi. Elə ona görə də milçək və ağcaqanadlar uşağa əməlli başlı zülm elədilər. Axşam evə girəndə bədəni tamam səpmişdi.

Bizdə də havalar çox yaxşıdır (axır ki). Bağda çiyələk yığanda bir az özümü günəşdə qaralda bildim. Timka azca qarabuğdayıdır.

Dərisi günəşi yaxşı götürür.

O, bizlərdə deyildiyi kimi qanı qarışıqdır. Timkanın atası Azərbaycandan idi....

...Bu adi bir əhvalatdır, amma pis detektivdəki kimi başa çatdı. Bilmirəm, Cənubdan olan kişilərə rus qadınları maraqlıdı, ya əksinə. Amma fakt odur ki, biz tanış olduq (yəqin ki, həmin vaxt şeytan mənim arxamda dayanıb qulağıma nəsə pıçıldayırmış).

Burda tanış olduq, Volqoqradda. Dörd il görüşdük. Onun Azərbaycanda ailəsi var idi. Sonra onları da Volqoqrada köçürtdü. Timkanı mən özüm üçün dünyaya gətirdim. Atasına güvənmədim bu məsələdə. Onun özünün iki uşağı var. Düzdü, o təkid etdi ki, atası olaraq Timka onun adını daşısın.

Nə isə, bir gün onun işləri pis getməyə başladı. Ailəsini geri göndərdi və az sonra heç bir "müharibə elan etmədən" çıxıb getdi.

Düzü bilmədim hara. Yəqin ki, evinə. Özü də mənim zəhmətlə qazandığım pulu və əşyalarımın bir hissəsini götürərək getdi.

Görünür lap kəbinsiz də doğulmuş olsa belə, öz oğlunu qarət etməklə doğmalarına hədiyyə aparmaq qərarına gəlibmiş.

Olsun. Allah bağışlasın...

Həyatımda hələ ki, başqa birisi yoxdur. Ayrılmağımızdan cəmi bir il keçib. Axı bu düymə deyil ki, qopub düşdüyündə rahatca yenisini tikəsən yerinə.

Mənə ayağa qalxmaq, silkələnmək və davam etmək o qədər də asan olmadı. Məni bu üzüntülü vəziyyətdən yalnız anamın xəstəliyinin kəskinləşməsi çıxarda bildi. Onun ömrünə cəmi bir neçə ay qaldığını bildiyim halda başqa nələr barədəsə düşünməm mümkün deyildi. Halbuki, son günlərədək möcüzənin baş verəcəyinə və anamın sağalacağına ümid edirdim.

Mən keçmişi saf-çürük etməyə, bu və digər hadisənin səbəbini aydınlaşdırmağa meylli deyiləm. Amma indiyədək anlaya bilmirəm ki, niyə o mənimlə belə rəftar etdi.

Onu da, səbəblərini də Allaha buraxıram. Hər şey getdi. Yaxşı da, pis də.

Timkaya heç vaxt demirəm ki, onun atası pis adamdı. Sadəcə deyirəm ki, o uzağa gedib. Timka da şəklinə baxıb deyir ki, atam maşınla gedib. O, məni sevir və tezliklə geri qayıdacaq...

Böyüyər, hər şeyi özü başa düşər.

Demək istəyirəm ki, başıma gələnlərdə bir qanunauyğunluq var. Belə də olmalı idi. Mən sadəcə insanlara həddən artıq inanmağımın bədəlini ödədim. Bütün həyatım boyu necə yaşamağı öz səhvlərimdən öyrənirəm. Nə edim, öyrənəsi kənar bir adamım yoxdur.

Bax belə.

Amma heç də təəssüflənmirəm. Mənim belə gözəl oğlum böyüyür, baxmayaraq ki, görkəmcə bir az atasına oxşayır...

Epiloq


Salam İlqar. Bilirsən, niyə bütün bunları səninlə bölüşmək qərarına gəldim? Necə deyərlər cinayətin törədildiyi yer bir cinayətkar kimi məni də özünə çəkir...

Amma əgər ciddiyə qalsa, sən sadəcə mənim xoşuma gəldin.
Düşünmürəm ki, naqislik hansısa bir millətin ayrıca keyfiyyəti və ya özəlliyidir.

Necə deyərlər "Meşə çaqqalsız olmaz".

Nə etməli, demək mənim bəxtimə həmin "çaqqal”la rastlaşmaq düşüb. Ümid edirəm ki, həyat yenə bir pişik kimi "mənim burnumu çırtmalayacaq".

# 4139 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #