Sevinc, eşidirsən?!

 Sevinc, eşidirsən?!
28 noyabr 2014
# 11:37

- Nunu, ağlama, sakit ol, ana qurban, sakit ol. Ay sağ ol, ağıllı balam. Başını qoy çiynimə, yat. Nənə də gələcək, hə, balam canı, gələcək, söz verib e, söz verib. Sən yat, mən Sevinc xalaya zəng vurum, görüm iş tapa bilib?! Nunu, eşidirsən, qurban olum, gözünü yum, yuxu tutacaq. Yat, ağıllı qızım... Bax, mən də Sevinc xalaya zəng vururam.

Sevinc... alo, Sevinc, eşidirsən?! Hə... Konturun varsa, mənə zəng vur, kredit götürə bilmirəm. Alo, neynirsən, necə oldu iş məsələsi?! Bir şey tapa bilmədin?! Neynək e, yaxşı olar. Hə, Allah haqqı, bütün günü qucağımda uşaq, vasmoyda iş axtarmışam. Bir-ikisi vardı, maaşı az idi. İnanırsan, 150 manat maaş verirlər. Kafe işi vardı, istəmədim. Gününə 7 manat verir, səhər saat 9-dan axşam 9-a qədər. Qoca kişi idi, pis adama oxşamırdı, dedi, günorta yeməyini də verəcəyəm, axşama artıq qalan yeməklərdən evə də apararsan. Hə də, uşaq qucağımda idi, dedi, axşama uşağa yemək də verəcəyəm, aparacaqsan. Yaxşıdı e, amma kafedi də, necə gedim işləyim?! Bu qırılmışların birinə xəbər çatsa, elə bəsdi, hər yerdə danışacaqlar ki, Şəhla kafedə işləyir. Nə bilim, görüm də, mama axşam gələcək, ona da deyəcəyəm. Həm də ayaqlarımda revmatizm var, mənə çətin olar e.

Sən necə elədin, bir iş tapa bildin?! Hə, şükür allaha! Günə səkkiz manat?! Yenə yaxşıdı da, bacı, evə də yaxındır. Şirniyyat sexində bizim qonşu da işləyir, uşaqlara hərdən şirni gətirir. Bir də görürsən, ordan çox verirlər, qonşulara ucuz qiymətinə satır. Nə deyirsən, səsin zəif gəlir. Hə, hə, indi eşidirəm. Yox, onunla qurtardıq, day adam nə qədər döyülər?! Elçinin canına and olsun, hər yerim ağrıyır. Sifətimin bir tərəfi qapqaradır, gözümün içini qan tutub. Nununu da dünən döyüb, uşaq yatdığı yerdə diksinir. Alo, Sevinc, eşidirsən?! Alo... hə, sənin də konturun qurtardı? Deyirəm, uşaq yatdığı yerdə diksinir. Mamamı bu gün çağırdım, gəlib bir-iki gün bizdə qalsın.

Bilmirəm, harasa çıxıb gedib, heç istəmirəm də gəlsin. İş tapan kimi evdən də çıxacağam. Day səbir eləyə bilmirəm, Allah haqqı. İstəyirəm, özüm işləyim, öz ayaqlarım üstə dayanım. Kompüter işi tapmaq istəyirdim, deyirlər, çətindir. Nə bilim, bir az bilirdim, o da yadımdan çıxıb, iş olsa, öyrənə bilərəm də. Onsuz, evdən çıxacağam. Hə, vallah, day qala bilmərəm. Tanıdığım ev var, ayı 150 manata, əlimdə nağd pulum yoxdu, yoxsa günü bu gün çıxıb rədd olaram. Qulaq as, Sevinc, qardaşım dedi, kimdənsə 50 manat borc tap, maaşı alan kimi qaytaracağam. Bəlkə səndə ola?! Yoxdu hə?! Sabah soruş də, qurban olum, bəlkə kimdəsə oldu. Quran haqqı, cəmi beş manatım var. Day mağazadan nisyə götürməyə də üzüm gəlmir. Avtobusa minəndə bir az qabağa gedirəm ki, xalanın gözünə görünməyim. Narahat olma, sən mənə borc tap, dekabrın beşinə qədər qaytaracağam. Nə qalıb ki, bu gün noyabrın 24-dü. Nunu qucağımda yatıb, indi durdu. Sabah danışarıq, bacı. Bağışla sən allah, sənin də konturunu qurtardım. Boğulurdum Elçinin canı. Yox, ağlamıram, bərəkət haqqı. Deyirəm, bərəkət haqqı, ağlamıram. Sağ ol, bacı, sağ ol. Eşidirsən, Sevinc, sən Allah, dediyim yadından çıxmasın. Başına dönərəm sənin. Hə, çatdım, düşürəm indi. Əmi, əmi, marketi keçib saxlayarsınız...

# 2068 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #