Yar göndərən alma

Yar göndərən alma
25 iyul 2014
# 12:32

Şair Ramiz Qusarçaylı hər zaman ilk baxışda adi görünən mövzulara fərqli prizmadan baxıb, şeirlərindəki orijinallıq, yenilik oxucular tərəfindən maraqla qarşılanıb. Bu yaxınlarda işıq üzü görmüş “Almalı kitab” kitabı da məhz məzmun və formasına, müəllifin mövzuya baxış bucağına görə seçilir. “Müəllim” nəşriyyatında çap olunmuş kitabın redaktoru Zakir Məmməd, rəyçi Məmməd Aslandır.

Kitabda Azərbaycan xalq yaradıcılığında, xüsusilə də bayatılarda, nağıllarda, xalq mahnılarımızda simvolizə edilən almanın əsl fəlsəfi və dərin məzmun yükü, nənə-babalarımızın alma obrazını müxtəlif məna çalarlarında işlətməsi məsələləri təhlil edilir.

Kitabda müəllifin apardığı təhlil, folklor nümunələriylə onun izahı dilimizin lüğət tərkibinin zənginliyi ilə yanaşı, bədii ifadə vasitələriylə də müxtəlif fikir ifadə etmə imkanları təqdim edilir.

Nağıllar həmişə göydən üç alma düşməklə bitdi, yara olan sevgi, həsrət, aşiqlərin murada yetmələri alma obrazıyla bildirildi və s. Bu baxımdan folklor nümunələrimizin daha dərindən öyrənilməsi, hər bir sözün dərin məzmun qatlarına varılması maraqlı məqamlar ortaya çıxarır.

Mən aşiq qızıl alma,

Yollara düzül, alma.

Bilsəm ki, yar göndərib,

Saxlaram yüz il alma.

Müəllif dadı və gözəlliyi ilə dillər əzbəri olan Quba alması və alma bağları barədə ədəbiyyatımızda gözəl poetik nümunələrin yazıldığını qeyd edir. Əhməd Cavad, Almas İldırım, Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Nəbi Xəzri, Məmməd Arazın və s. yaradıcılığında Quba almasının bədii sözlə təsvirinə rast gəlmək mümkündür. Kitabda Ramiz Qusarçaylı almanın xalqın adət-ənənəsində, mifik yaddaşında formalaşmış özəlliklərindən də söhbət açır: “Alma səadət simvolu, mənalı həyat rəmzi sayılıb. Toylarda gəlinin dalınca alma atılarmış. Hamilə qadın yuxuda bıçaq görsə oğlan, alma görsə qız doğularmış. Toy şənliyinin “bəy oturma” mərasimində qız evindən göndərilən xonçada rəmzi məna daşıyan metal pullar sancılmış alma olardı. Bu adətə Qubanın bəzi yerlərində hələ də rast gəlmək olur. Şah almanı ömür-gün yoldaşıyla yarı bölərmiş, xoş sabahlar üçün. Vəziri ilə paylaşarmış, döyüşlərdə qazanmaq üçün. Şah almanı zəfər rəmzi sayıb. Qubanın ağ alması alın təri, halal zəhmət, bar, bərəkət, dosta sovqat simvoludur. Qızıl alma oğuz türkləri arasında cahan hakimiyyətinin simvolu məfkurəsini daşıyır.”

Kitabda təqdim edilən bir bəndlik şeirlər alma növlərini poetik formada tərənnüm edir; Məclisi, Mürsəli, Ağ alma, Cibir, Şafran, Sarıturşun xüsusiyyətləri bədii boyalarla təsvir edilir. Kitab ədəbiyyatsevərlər üçün maraqlı nəşrlərdən sayıla bilər.

Əfsanə Bayramqızı, “Xalq qəzeti”

# 1460 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #