Həyatın son həddinin, zirvəsinin ölüm olduğu kimi, hər bir işin, hər bir sənətin də belə zirvələri var. Məsələn, idmançı üçün son hədd, zirvə olimpiya çempionu olmaq, kino adamı üçün «Oskar», musiqiçi üçün «Qremmi» mükafatı almaq, yazıçı üçün bu «ölüm həddi» məlum məsələdi ki, «Nobel» mükafatına sahib olmaqdı. Bu mənada «Nobel» yazıçının həm yaradıcılığının, həm də həyatının hardasa dünya miqyasında rəsmi təsdiqidi. Nobel almış yazıçılar necə deyərlər, mühakimə olunmurlar.
Sonuncu dəfə Nobel mükafatı Kanada yazıçısı Elis Munroya verildi. Etiraf edim ki, bir qədər heyrətləndim, çünki mən bu qadın yazıçının adını ilk dəfə məhz bu xəbərin təqdimatında eşitdim. Odur ki, adını Google-də axtarışa verib, onun barəsində məlumat almaq istədim. Bu axtarış şəbəkəsində onun barəsində yazılanları oxuyanda heyrətim ikiqat artdı. Yazılanlar deyəndə, cəmi bir cümlə idi. Rus oxuculara ünvanlanmış həmin fikir belə idi: «Sizlər Elis Munro haqqında məlumatsızsınız. Onun rus dilinə demək olar ki, bir əsəri də tərcümə olunmayıb. Siz onu hələ bundan sonra tanıyacaqsız».
Ədəbiyyata, bədii əsərlərə münasibətdə ruslar qədər həssas millət bəlkə də dünyada yoxdu. Dünən də belə idi, bu gün də belədi. Hətta bir vaxtlar Sovetlər dönəmində öz ölkəsində təsdiqlənə bilməyən bir çox yazıçılar imzası tərcümə vasitəsilə Rusiyada təsdiqini tapandan sonra tanınırdı. Hətta o vaxtın xarici ölkələrinin bəzi yazıçılarını da bu siyahıya aid etmək olar. Məsələn, şəxsən mən özüm Norveçin Vesos, Almaniyanın Valzer, Kubanın Kardoso və s. yazıçıları rus dilində kəşf etmişəm, hətta öz ölkələrində belə o qədər də tanınmayan, dünyada məşhur olmayan bu yazıçıların istedadının miqyası onları mənim təsəvvürümdə dünya korifeyləri sırasına çıxarıb. Çox uzağa getməyək, elə bizim Azərbaycanın demək olar ki, bütün yazıçılarının (söhbət yazıçılardan gedir) əsərləri, hətta deyərdim ki, külliyatları rus dilində işıq üzü görüb. Onların arasında lap tanınmayanları da var ki, bu da yenə Rusiyanın nəhəng ədəbiyyat xəritəsiylə bağlı bir məqamdı.
Yaxşı, bəs onda necə olur ki, dünyanın minlərlə yazıçısı (söhbət yenə də yazıçıdan gedir) içindən seçilən son Nobel mükafatçısı Elis Munronu «rus oxucusu hələ bundan sonra tanıyacaq?!» Necə ola bilir ki, Borxesin, Kortasarın, Səlimoviçin, lap son vaxtların mükafata rəsmi iddialı namizədləri – Ekonun, Koelyonun, Züskindin, Murakaminin layiq bilinmədiyi bu möhtəşəm ödülü «rus oxucusunun hələ bundan sonra tanıyacağı» birisi alır?..
Bu suala cavab vermək mənim üçün çətin idi. Çünki bu suala cavab vermək üçün ən azı müəllifin hansısa bir əsərini oxumalıydım. Onun isə «rus dilinə demək olar ki, bir əsəri də tərcümə olunmamışdı».
Nəhayət, Elis Munronun bir vaxtlar «İnostrannaya literatura» jurnalında çox güman ki, rus dilində ilk və son dəfə çap olunmuş bir hekayəsini oxuya bildim. Və bu dəfə mən üçüncü, sonuncu dəfə heyrətləndim. Heyrətimin səbəbi bu yazıçıya ən nüfuzlu mükafatın niyə belə gec verilməsi yox, sadəcə niyə verilməsi idi. Dişimi dişimə tutub hekayəni müəyyən ixtisarla (mən buna redaktə desəm, qorxuram böyük çıxar. Nobel mükafatçısını redaktə etmək?! Əstəğfürullah!) «Xəzər» jurnalı üçün tərcümə etdim ki, «Nobel kürsüsü» rubrikası boş qalmasın. Doğrusu bu bəsit hekayəni təhlil etmək fikrindən uzağam, oxuyan öz qiymətini verəcək, amma bir məqamı qeyd etmək istəyirəm. Mən uzun illər qəzet və jurnallarda redaktorluq fəaliyyətilə məşğul olan bir şəxs kimi bu hekayənin çapına tərəddüd edər, müəllifə, yəni Nobel mükafatçısına bu əsəri yenidən işləməyi məsləhət görərdim. (Yenə də əstəğfürullah!) Hər nəsə, verilən verildi, alınan alındı. İndi bizə bu müəllifin digər yazılarının nə vaxt çap olunacağını gözləmək qalır. Amma mən daha gözləmirəm. Daha doğrusu, bu hekayədən sonra gözümü yoldan çəkdim. Görünür, Elis Munronun «Qismət»i beləymiş.
Amma bəlkə də Nobel Komitəsi mükafatı sıradan bir yazıçıya verməklə hardasa bu adın kandarında qalan neçə-neçə böyük yazıçı qarşısında «günahını» yuyur. Yəni, bir mükafat ki, əgər Elis Munroya da verilirsə, buna görə Komitədən inciməyə dəyməz. Nobeldi də, püşk kimi bir şeydi, kimə düşdü, düşdü. Yaxud belə də demək olar: Nobeldi də, ədəbiyyat qrafasının qarşısına quş qoymaq üçün kiməsə verilməliydi, biz də verdik…
Hə, belə-belə işlər, əziz Elis Munro, sizin sayənizdə başqalarını deyə bilmərəm, amma mənim ücün Nobelə də bir quş!
"Xəzər" jurnalı