Bir dəlini sevmək

Bir dəlini sevmək
3 aprel 2013
# 11:24

Söylünü mən görməmişəm.

Haqqında mənə anam danışıb: “Biri varmış, biri yoxmuş. Kəndlərin birində Söylü adında bir qız varmış. Söylü ruhi xəstə imiş. Və gözəl imiş Söylü. Bunlar azmış kimi hamının üzünə gülümsəyirmiş. Kəndin içində qapı-qapı gəzirmiş, üst başına baxmazmış. Və mənim kənddə qonaq qalan anam arada-bərədə onu evə çağırar, yedirib içirər, hamama salıb çimizdirərmiş.

Söylünün qohumları nənəmi qınayırmışlar buna görə. “Kimin üçün çimizdirirsən onu?” deyirmişlər. Sən demə kəndin kişiləri əllərinə imkan düşən kimi Söylünü meşəyə çəkirmişlər... Çimməsə ona az adam tamah salardı axı... Əyin-başına baxmayan, təmizliyinə fikir verməyən Söylüdən iyrənmək də olardı...

...Gözəl Söylü.

Hamıya gülümsəyən Söylü...

Üstəlik də çiməndə təmiz qoxusu gələn Söylü...

Hamının Söylüsü...

Bir gün eşidiblər ki, namussuzluğa dözməyən əmisi oğlanlarının qeyrət damarı tutub.

Elə kişilərin apardığı meşədəcə öldürüblər onu.

Sevgi bitib.

İçindəki ünvansız sevgidən hamıya gülümsəyən qadını yox ediblər.

Kənd yenə də öz qeyrətli həyatına davam edib.

Söylüsüz.

O qadının adı niyə Sevgili idi?

Niyə gözəl idi?

Niyə hamıya gülümsəyirdi?

Bunlar film çəkdirəcək suallardır.

“Doqvill” filmi başqa bir Söylü haqqındadı.

İndi o kənddə demək olar ki, kişi qalmayıb, hamısı Gürcüstana və Rusiyaya dağılıblar.

Meşə ermənilərin əlindədir.

Söylü isə işıldayan günəşə, axan suya, göyərən torpağa çevrilib.

O kənd Söylünün kəndi olub –kişilərsiz, sakitcə təbiət ömrünü yaşayan, arabir düşmən gülləsindən səksənən kənd.

Günəşi Söylü kimi gülümsəyir, suları Söylü kimi baxır, düşmən gülləsindən də elə Söylü kimi diksinir və qorxur.

Adını sormayın, Sevgini öldürən kəndin adı sizin nəyinizə lazımdı?

İstəyirsiniz lap “Doqvill” olsun, istəyirsiniz eləcə Söylü kəndi deyin...

Mənim üçün o kəndin adı Söylüdür.

# 5870 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #