Bir məsəlin tarixi

Bir məsəlin tarixi
19 mart 2013
# 12:53

Mirmehdi Ağaoğlu

Roman olası mahnılar - LAYİHƏ

Məşhur bir mahnı var: “Mindik bir alamete, gidiyoruz kiyamete”. Cem Karacanındı. Türk folk-rokundan xəbərdar olanlar bu mahnını heç olmaya bir dəfə dinləyiblər.

Bu mahnı “Maskeli beşlər” filmində də istifadə olunub.

Bu da olmazsa...

Bu ifadəni türk kanallarında mütləq eşidiblər. Mütləq. Əsr yarımdır ki, Türkiyədə bu mahnının əsas fikri zərb-məsəl kimi işlənir, dillərdə dolaşır. Bəs bu məsəl hardan törədi, necə ortaya çıxd?.

Deməli hadisə belə olub.

1823-cü il. Misir valisi Mehmet Ali Paşa Sultan II Mahmudun ehtiramını qazanmaq üçün şahzadələrin sünnət mərasiminə Afrikadan osmanlıların indiyəcən görmədikləri bir heyvan yollayır. Bütün İstanbul bu naməlum heyvanın tamaşasına yığışır. Hamı heyrətlə allahın bu möcüzəsinə tamaşa edir, bəziləri isə şitlik edir, lağlağı ilə bir-birlərini bu naməlum heyvana bənzədirlər. Şəhər əhli bu naməlum heyvana tamaşa etdikcə əvvəl allahın qüdrətinə sonra isə onu uzaq bir torpaqdan bura gətirtmiş sultanlarına şükürlər edirər.

Heyvan o qədər zərif, incəymiş ki, adına zürafə deməyə başlayırlar.

Heyvanı Topqapı sarayının bağçasına buraxırlar. Varlıların həyatı, ən xırda detalları ilə maraqlanaraq, sanki bunda yoxsulluqlarını unutdurmaq üçün bir təsəlli tapan sadə şəhər əhalisi də toplaşıb sarayın ətrafına. Sultan II Mahmud da zürafənin tamaşasına gəlir və Misir valisinin hədiyyəsini çox bəyənir. Təbii ki, sultanın vəzir-vəkilləri, məiyyəti də dövrəsindədi.

Onların arasında tək bir nəfər yoxdu. Təlxək. Amma təlxək olsa da hələ əvvəlki sultan III Səlimin dövründən sarayda sözü keçən adamlardandı. Elə ki, sultan kefsiz oldu, nə saysız-hesabsız hərəmi, nə dünyanın ən ləziz nemətləri, nə də mey-məzə kefini açar, ancaq bu təlxəkdi onun dərmanı. Sözlə, musiqi ilə, şit zarafatları ilə sultanın qəlbini bürüyən qara buludları “iqlim topları” kimi o dəqiqə dağıdar. Buna görə də əvvəlki sultanın istəklisi olduğu kimi yeni sultanın da istəklisidi.

Elə ona görə də sultanın mərhəmətindən geninə-boluna istifadə edən, Küpəli Abdi Bəy adı ilə tanınan bu təlxək sarayda kimə istəsəydi sataşardı; birini hovuza atardı, o birinin əbasını yandırardı, digərinin ayağına çalma geyindirərdi. Heç kəs də sultanın qorxusundan ona bir söz deyə bilməzdi, çünki nəticədə sultan əylənirdi. Hamılıqla ona nifrət edən saray əhli isə qisas gününü səbirsizliklə gözləyirdi.

Bəs görəsən Küpəli Abdi Bəy sultanın bu şad günündə niyə onun yanında deyil? Sən demə zürafəni görər-görməz Abdi bəy qorxuya düşür və qaçıb sarayın ən ucqar yerində gizlənir. Yəqin təlxəklərin təbiətlərində bir uşaqlıq gizlənib, yoxsa təlxək olmazdılar.

Abdi bəyin də düşmənləri elə buna bəndimişlər. Sevincək olurlar ki, qisas günü yetişdi. Tez öz aralarında lağlağının betərini uydururlar və sultana yaxınlaşıb deyirlər ki, Abdi bəy bu dəvəyə oxşayan heyvanın mübarək olduğunu deyir. Kim onun belinə minərsə cənnətlik olar. Odur ki, Abdi bəy sultandan izn istəyir.

Sultan öz sevimli təlxəyinin qəlbini qırarmı? Razı olur. Qulluqçular tezcə Abdi bəyin qolundan tutub gətirib mindirirlər zürafənin belinə. Artıq gecdir. Abdi bəy and-aman eləsə də, belə demədiyini car çəksə də inan olmur.

Təlxəyi zürafənin belinə mindirəndə yazıq heyvan hürküb mehtərin əlindən çıxır. Küpəli Abdi var gücü ilə həyət boyu qaçışan heyvanın boynuna sarılır. Tərslikdən sarayın ətrafına toplaşan xalq da heyvanı hürküdür, yazıq heyvan da qoparağı götürür.

Heyvanı tutmaq mümkün olmur. Sultan ürəkdən şaqqanaq çəkib gülür. Elə bütün saray əhli də. Elə xalq da. Təkcə Küpəli Abdi bəy bərk-bərk sarılıb bu incəboğaz məxluqun boynuna və qorxa-qorxa bağırır: “Haqqını halal eylə padişahım... Mindik bir alamete, gidiyoruz kiyamete”.

Bu mənzərəni görən sultanın könlü açılır, sultanının könlünün açıldığını görən rəiyyətin də könlü açılır. Və bu gözəl gün uzun müddət xalqın yaddaşından silinmir. Elə o vaxtdan da bütün istanbulluların dilində bu ifadə əzbərə dönür, zərb-məsələ çevrilir.

Yazımızın dilsiz-ağızsız, qərib qəhrəmanı isə... Deyirlər, Afrikanın isti iqlimindən gəlmiş bu zərif heyvan İstanbulun sərt qışına dözə bilmir. Bir səhər sarayın qulluqçuları yuxudan oyandıqda zürafəni Topqapının bağçalarından birində donmuş vəziyyətdə tapırlar.

# 2882 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #