Əski bayramlar

 Əski bayramlar
19 mart 2015
# 09:30

Uşaqlığımız böyüklərin hər Novruzda verdiyi “Hardadıye, əvvəlki bayramlar?” sualına cavab axtarmaqla keçdi.

Biz öz bayramlarımızdan narazı deyildik, amma böyüklər, niyəsə elə hey öz vaxtlarındakı bayramların daha yaxşı keçməsindən danışırdılar. Sonralar, sərhədlər açılanda Türkiyə televiziyalarının ekranlarından eşitdiyimiz “Nərdə əski ramazanlar?” sualı ilə anladım ki, məsələ qlobal məsələdir. Türk qardaşlarımız da, “əski bayramlardakı nəşənin” qalmadığından gileyli idilər, amma baxırdın ki, orda da uşaqlar üçün bayram həyəcanı elə bizlərdəki kimidir.

Çox çəkmədi, azca orta yaş həddini keçəndə biz də şikayət cümlələrindən qurmağa başladıq. İndi, hər il bayram gələndə öz uşaqlığımızı xatırlayıram. Doğrudan da bizim tərəfdə, “bayram nəşəsi” əvvəlki illər kimi deyil artıq. Bəs necə oldu o nəşə? Gedək, bir az əvvəldən gələk.

Qovurğa. Uşaqlığımızın “Novruz xatirələri” içində onun yeri ayrıcadı. Qovurğanı bayramın əsas dadı, tamı sayardıq. Hər evdə ayrı-ayrı çərəzlərdən ibarət olardı. Badam, ceviz, buğda, fındıq, noxud qovurğası hər evdə olurdu. Amma bəzi evlər vardı ki, orda bu siyahıya küncüt və çətənə toxumu da əlavə olunurdu. Bax onda, dəst tamamlanmış olurdu. Biz o evləri əzbər bilirdik. Bayramlaşmağa, ya da ilaxır çərşənbəsində torba atmağa gedəndə, əvvəl o evlərin yolunu tutardıq. Nə qədər ki, uşaq idik, bizimçün dadlı bir nemət idi, çətənə qovurğası. Həyəcanla gözlədiyimiz novruzun, dadı-tamıydı...

Qonşu rayonlardan sonra bizim rayonu da əhatə edən “çətənə yürüşləri” başlayanda, mən artıq uşaq sayılacaq yaşları keçmişdim, tələbə idim. Təbii ki, artıq çətənənin təkcə “bayram qovurğası” obrazındakı qədər məsum olmadığını bilirdim. Amma kəndimizin ortasında bu işi biznesə çevirəcək adamlar olduğuna da inanmazdım. İlk basqını, qonşu rayonun polisləri gecəynən elədi. Bir ailəyə məxsus bütün tikililər axtarıldı, tapılan çətənə bükülüləri ilə birlikdə, ailə başçısının da qoluna qandal vurub apardılar. Səhəri isə, öz rayonumuzun polisləri böyük bir dəstə ilə gəldilər. Bu dəfə başqa bir ailədə axtarış başladı, yenə də tapdıqlarını və evin kişisini götürüb getdilər. Rayon, sanki Əfqanıstanın vilayəti idi, bizim xəbərimiz yoxmuş.

Bu iki həbs bəs eləmədi. Çərşənbə torbamıza “çətənə qovurğası” qoyulan evlərə çatdı növbə. Ən dadlı qovurğanı qovuran Şeyda xalagilin həyətinə polis gəldi, həyətlərindəki, neçə illərdi eyni yerdə əkilib becərilən kolları qırıb götürdülər, Şeyda xalanın əri Tağı kişini də polis maşınına basıb apardılar. Bu, artıq fərqli hadisəydi. Çətənəni ən məsum səbəb, bayramda qovurmaq üçün əkən insanların tutulmağı, əməllicə təsir eləmişdi camaata.

Bir tərəfdən də kənddə bütün məsələlərə yumor hissi ilə yanaşan, “itoynadan” uşaqlar şəbədə qoşurdular Şeyda xalaya. Deyirdilər guya Şeyda xala deyirmiş: “Əşşi, iki-üç dənə tufta kol idi, olardan nə olacaxdı axı? Yazıx kişini tutdular heç yerdən...”

Yazıq arvad, heç ölüncə də bilmədi ki, “tufta” nədi. Tağı kişini isə, bir az saxlayıb, buraxdılar. Həm də tək onu yox, “qovuranların” hamısını. Hakim, polislərin “barıtı çox elədiyini” bilmişdi, elə məhkəmə zalındanca azad elədilər kişiləri. Amma Şeyda xalanın Novruz süfrəsində daha heç vaxt çətənə qovurğası olmadı.

Satanlara isə, iş verildi. Məhkəmələrində kəndin “höküməti” əməllicə tənqid edilmişdi. Sən demə, onların evindən çıxan çətənə “Krasnodar sortu” imiş. Ən çox da buna məəttəl qalmışdı camaat. Yüz il idi, kəndin içində əkilən, becərilən bir məhsul necə olurdu ki, “Uruset”in ucqar bir şəhərinin adıynan bağlı olurdu? Bax bu bizim camaata yamanca yer eləmişdi. Kəndin sovet sədri elə məhkəmədəcə söz vermişdi: “Bir də belə hal olmayacaq! Olsa da, “Krasnodar sortu” olmayacaq”

Bizim bayramın çətənəsi beləcə nəşəyə çevrildi və yox oldu bayram süfrələrimizdən. “Köhnə bayramları” - böyüklər özləri yoxa çıxardırmış sən demə. Uşaqlarçün, həmişə eyni qalacaqdı çətənə - eləcə dadına doyulmayan qovurğa kimi. Amma böyüklər bundan pis işlərə istifadə edib, kirlətdilər o məsumiyyəti. Bayramın nəşəsi “Çətənə nəşəsinə” dönüb satılmağa başlayan vaxtlardan əvvəllərdə qaldı köhnə bayramlar! Heyif oldu...

İndi düşünürəm ki, bəlkə biz böyüklər bir az kənara çəkilək? Qoy bayram uşaqlara qalsın. Uşaqlar heç vaxt əvvəlki bayramları axtarmırlar, onlar üçün keçmiş yoxdur, gələcək var. Bayram uşaq məsumiyyəti ilə daha gözəldir. Çətənənin qovurğa məsumiyyəti ilə!

# 1135 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #