Feysbukdakı Şuşa

Feysbukdakı Şuşa
8 may 2014
# 15:49

Əlqərəz, keçək söhbətin Şuşasına. Əcaba qalmışıq bir qəbilə gözəllik aşiqinin əlində əsir. 21 yaşlı bir gənc dostum dünən saat 00:00 radələrində, yəni dünyanın vaxtsız vaxtında, günün sıfırlanan çağında zəng eləyib hönkürtü vurur. Ki, bəs bircə dəqiqədən sonra Şuşanın işğalı günüdü, bunlar da konsert verir! Handan-hana qanmışam bu gənc dostumuz nəyi deyir. Mustafa qardaşımızla Hadisə bacımız Gəncədə mahnı oxumağa gəliblərmiş. Yaxşı da eləyiblərmiş. Yənimiş, qonorarların almışlarmış, gəlmişlərmiş mahnılarını oxuyurlarmış, elə gecəynən də çıxıb gedəcəklərmiş. Burda fövqəladə nə varmış? Təxminən – heç nə… Başına quzu kəsim, ay bibiqızı, guya 5 dəqiqə o yan, 10 dəqiqə bu yan nə dəyişəcək axı? Bəyəm 00-dan bu yana heç kəs mahnı mızıldamayıb? Guya sən özün youtube-də manıs playlisti açmamısan?


Bəsdi görün, mən ölüm güldürməyin məni, qoy oturmuşuq…


Hələ də başa düşmür. Ki, əsl konserti verən onlar deyil, bunun özüdü. Nə də inanmıram dünəndən bu günə başa düşsün. Məncə, heç sabah da başa düşməyəcək. Mən isə bir ömür boyu qana bilməyəcəm bu 21 yaşlı gənc dostumun 22 il yoxluqlu Şuşa sevgisinin kökündə nə dayanır.


Vallahi və billahi, məni düzgün başa düşün e, bizim üçün vətən dediyimiz yer əl-əlbət doğulduğumuz kənd, qəsəbə, rayon, şəhər-filan deyil, xub. Əmma, doğulduğumuz yeri daha çox sevirik. Nədən ki, ən azı tibdə genetik kodlar deyilən dəqiq bir anlayış var. Səhərlər yediyimiz süd doğramasının da buna təsiri var. Bunu mən demirəm, yaşlı-başlı yekə-yekə alimlər deyir, bax sən öl. Deyir, o südü ki, içirsən ha, o inək ki, var o südü ondan sağırsan haa, bax, onun yediyi otlar sənin üstündə gəzdiyin, yıxılıb-qalxdığın otlardı. Onun yediyi yarpaqlar sənin əkdiyin ağacın yarpalarıdı.

Bütün bu qidalar südə çevrilir və sən də həmin südü öddənirsən. Birbaşa torpaqla sənin bədənində “çerez inək” bir bağlılıq yaranır. Ay toba, belə baxanda düz də deyirlər. Mən alimlərin dediyin yazdım. Ki, sizin üçün həzm etmək asan olsun. Hələ bunun məktəbə getdiyin yollarını demirəm, sevgili gözlədiyin tinlərini demirəm, gizlənqaç oynadığın dalanlarından danışmıram… Bə nə? Vətən sevgisi dediyin bunlardan başlayır. İndi de görüm, ay gənc dost, bəlkə İsa bulağında yar yolu gözləməkdən gözünün kökü saralıb? Yoxsa Şuşa qalasında gizlənqaç oynayanda topuğun burxulub? Axı sənin Şuşayla bağlı hansı xatirən var? Bəsdi görüm, mən ölüm güldürmə məni, qoy oturmuşuq… Heç sənin geninin yaddaşında o xatirələrin tozu belə yoxdu.

Və başqa bir mətləb. Niyə məhz Şuşaya vurğundu bizim adamlar? Bəli, düpbədüz! Ona görə. Ki, Şuşa dediyimiz səfalı yerdi, gözəldi, göyçəkdi, mənzərəsinə baxıb ekstaza gəlirsən. Yaxşı istirahət etməlidi, yeyib-içməli yamacları var-filan. İndi Şuşanın yerinə Biləsuvar, ya Neftçala, yaxud İmişli olsaydı onda neyləyəcəkdiz? Niyə o biri rayonları Şuşa qədər sevmirsiz? Nənəm-qardaşım, sizin sevginizin təyinatı yanlış. Sizin sevginiz dağ-dərə, çay-bulaq, mənzərə sevgisidi. Otuzca manat xərci var bax, bu ölsün. Gedin Qəbələyə, Şəkiyə, Hacıkəndə. Bircə stəkan çayınızı için, azarınızı öldürüb qayıdın. Nə də güman etməyin sabah Şuşa geri qayıtsa qolunuzu çirmələyib “ev yiyəsi” tövrüylə gəzib dolanacaqsız. Əsla. Mamed demiş, “tembole Şuşa Allahından çəpərlənib, di gəl ora gir görüm nətər girirsən, var-yoxuna nəhlət “platnı” eləyəcəklər giriş-çıxışını da”. Bu da Mamedin dəmir məntiqi.


Dediyim bu. Ki, vətən haqqında yalnız silahlar danışa bilər, adamlar yox. Döyüşdə atılan bir güllə səsi min səydərəş vətənpərvərin çığır-bağırından daha məntiqli, daha gur, daha patriot səslənir. Bayaq da Ursiyətdə yaşayan dostumla skype-də danışıram. Deyir, o televizordakı ağlaşma nədi elə? Deyirəm, bu gün Şuşanın işğalı günüdü axı. Deyir, hə, o, feysbukdakı Şuşa!?

# 4643 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #