Adam döyülük?

Adam döyülük?
26 iyun 2014
# 07:45


Zaman o zaman idi ki, hələ ürəyimin bir küncündə bu andıra qalmış kəpənək pırıldamırdı. Xahiş edirəm, fikrimi daha aydın ifadə eləməkdən ötrü mənə onca dəqiqə fürsət verəsiz. Söz verirəm, hamısını açıb danışacam...


Yəni, düzünə qalsa heç ürəyin harda olduğunu bilmirdim o zamanlar. Nəinki içində kəpənək olduğunu hiss eləyəydim. Son vaxtlar darıxanda, təklənəndə elə bilirəm ürəyimin içində kəpənək azıb. Pır-pır pırıldayıb zəhləmi tökür. Görüm onu zəhrimara qalsın! O pırıldadıqca bədənimdə yerbəyer elədiyim bütün ağrılarım baş qaldırır... Deyirəm necə bir qırmızı qalstukumuz, bir qara kostyumumuz olmadı ki, adam balası kimi gecə 12-də yatıb səhər 8-də qalxaq. Yaxşı, olmadı olmadı də! Əl gətirməyəndə “3 tuz”la da oyunu aparmaq olmur. Bir də gördün hardansa “nəçənnik”lər çıxdılar, tolazlayıb apardılar səni.


Oxumayanlar mütləq oxusun! Əjdər Olun “Yazıçı Namiq Abdullayevin axırı” adında möhtəşəm bir portret hekayəsi var.

Əjdər Ol yazır:

“Bir dəfə şaxtalı havada Namiq müəllimə rast gələn şair Vaqif Bəhmənli qələm dostunun başıaçıq olduğunu görüb soruşur:


- Namiq müəllim, belə soyuqda başın üşümür?

Namiq müəllim ona tərs-tərs baxıb cavab verir:


- Nöş üşümür, adam döyüləm?!”

Sualın təbiiliyi ilə cavabın absurdluğu o qədər bir-birini tamamlayır ki! And içərəm buna, vicdan haqqı, əgər bizim dövrdə yaşasaydı, Somerset Moem “Korlar” pyesində bu detalı məmnuniyyətlə işləyərdi. Dediyim budur ki, a qadam, noolar, qırmızı qalstukumuz, qara kostyumumuz yoxdu? Bə biz adam döyülük?


Bunu öz adıma deyirəm, başqa yerə yozmayın siz allah: İSTEDADLI ADAM İLAN KİMİ ŞEYDİ, ZƏHƏRİNİ SƏN ÇIXARTSAN - DƏRMAN OLACAQ, ÖZÜ ÇIXARTSA ELƏCƏ - ZƏHƏR...


Bunu da öz adıma deyirəm, siz allah, yenə də başqa təhər başa düşməyin. Bizdə, yazıçıdan dərman ala bilmirlər, daha çox zəhər alırlar. Məsələn, ölkənin tanınan, az-çox oxunan imzalarını izləsəz, görəcəksiz ki, onlar ancaq öz zəhərlərini boşaldırlar, başqa heç nə. Bizdə oxucular şairə, yazıçıya “debil”, manyak, satqın gözüylə baxırlar. Bizim oxucular amorf oxuculardı, beyinlərinin bədii özəyi yoxdu, sferası var. Onları hara küyləsən, ora gedəcəklər. Bir vaxtlar Əkrəm Əylislini öpüb gözlərinin üstə qoyan adamlar məlum hadisələrdən sonra həmin öpüşlərini də gözləri qarışıq iyrənc halda “tabut”a qoyub daş-qalaq elədilər.

Bernard Şou Sezar və Kleopatra” pyesində İsgəndəriyyə kitabxanasını “bəşəriyyətin yaddaşı” kimi təqdim edir. Bizdə isə, Axundov kitabxanasına “Azərbaycanın yaddaşı” deməyə heç kəsin vicdanı çatmaz. Çünki, o kitabxanada oxucu yoxdu, imtahana “şpalqalka” düz-qoş eləyən tələbə var. Orda kitab yoxdu, qalın üzlüklərə doldurulmuş vərəqlər var. Vərəq dedim yadıma düşdü. Dünyanın heç bir sivil ölkəsində kitabı cırıb vərəqlərinə peraşki bükmürlər, bizdə edirlər. Çünki biz başla yox, qarınla düşünürük. Biz hələ də elə bilirik Lorka şeirlərini qarnıyla yazıb. Bizdə qəribə və gülməli təzad var. Axudovun “meymun” söhbətini sevənlər hələ də həmin o “meymunu” düşünənlərdi. Bir sözlə, bizdə hal-hazırda həddindən artıq təhlükəli vəziyyətdir. Ən dəhşətlisi isə başqadır. Bizdə nəinki oxucu yazıçını, həm də yazıçı yazıçını alçaltmaq istəyində bulunur. Gənclərin həmişə rəğbət bəslədiyi, sevdiyi, adını hörmətlə çəkdiyi Ramiz Rövşən belə gənc qələm dostlarına QUŞ deyir. O gənclər ki, qonorarının yarısını kirayə evlərə, yarısını apteklərə verib ədəbiyyat yaradırlar. İnanmırsız bir düşünün. Vur-tut 20 imzanı günü sabahdan bütün mətbuatdan yığışdırsaq, siz oxumağa “zırt” da tapa bilməyəcəksiz. O gənclər ki, ölüm-zülüm 2, 3, 5 kitabı çap olunub. Amma, Asif Əfəndiyev 38 il qabaq yazdığı məqalədə Ramiz Rövşəni kifayət qədər ciddi əsaslarla tənqid eləyirdi, quş demirdi. Gənc şair deyirdi, quş demirdi. Halbuki, həmin vaxtlar Ramiz Rövşən “Bir yağışlı nəğmə” adlı 62 səhifəlik şeirlər kitabı çıxan 30 yaşlı gənc şair idi (Düzünə qalsa Ramiz Rövşənin hələ də bir kitabı çıxıb, o da elə həmin cıqqılı şeirlər kitabı). Hansı ki, Asif Atanın tənqidi ən pis halda da təqdir idi. Hansı ki, Asif Əfəndiyev özünü təsdiq etmiş alim idi, filosof idi. Ramiz Rövşən bir yana, hələ Seyran Səxavəti demirəm. Yəni, ümumiyyətlə Seyran Səxavəti demirəm, boş verirəm. Axı İsmayıl Şıxlı, Əkrəm Əylisli, Yusif Səmədoğlu bu münasibəti sizə göstərməyib. Bu kultu hardan mənimsəmisiz, bilmirəm. Ramiz bəyin indi 5 gənc şairi öz publikasına təqdim eləmək vaxtıdı, quş demək vaxtı deyil.

Hamımızın birmənalı ustad hesab elədiyimiz İsa Muğanna gənclərə “Bizdən də yaxşı, peşəkar, dünyaya çıxacaq yazıçılar” deyirdi. Bir onu bilirəm ki, İsa Muğannanın “gələcəyi” quş ola bilməz, mümkün deyil. Bayaq da Namiq Abdullayevdən bica yerə söhbət salmadım. Son günlər bütün yazar dostlarımı Namiq Abdullayev kimi görürəm. Mənə elə gəlir ki, hərəmiz bir az Namiq Abdullayevik. Bu sovxaya qalmış kəpənəyin də pırıltısı bir yandan...

# 4032 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #