Sergi ata

Sergi ata
30 oktyabr 2013
# 10:41

Gənclik dövründə Dostoyevski Tolstoy qarşıdurmasında birmənalı olaraq Dostoyevskinin tərəfdarı idim. Hətta Kamyunun təbirincə desəm bu qarşıdurmada insanın mütləq seçim etməsini düşünürdüm. Seçim etməyən adamlar mənə qorxaq kimi görünürdülər. Dostoyevski tərəfdarı olan yazıçılar mənə ruhən daha yaxın idilər. Zaman keçdikcə mövqeyimdə dəyişiklik etməyə başladığımı hiss etdim.


Xəstəlik, sürgünlər, kəskin sarsıntılar həqiqətə aparan yolu qısaldan amillərdir. Bu amillər yolçunu mənzil başına daha tez çatdırır. Əgər Dostoyevski öz həqiqətinə bu amillərin vasitəsi ilə çatmışdısa Tolstoy öz yolunu çox səbirlə getmişdi. Tolstoy öz həqiqətinə həyat təcrübəsi, mütaliə, zəngin müşahidə vasitəsiylə çatmışdı. Üstəlik müharibədə iştirak etmişdi. Gənclik dövrümdə Roskolnikov mənim ruhuma daha yaxın idi. O, öz problemini baltayla həll etmək istəyirdi. Haqq qazandırmaq mümkün deyil amma izah etmək mümkündü. Zaman keçdikcə Sergi ata Roskolnikovu yavaş-yavaş kənara itələməyə başladı.


Elə insanlar var ki, onlar kamil deyillər amma kütlə onları kamil hesab edir. Həqiqətin ortaya çıxması kamil hesab olunanın vicdanından asılıdır. Əgər o, özünün kamil olmadığını bəyan etməsə kütlə onu kamil kimi tanımaqda davam edəcək. Elə insanlar da var ki, onlar kamildirlər amma heç kimin onların kamil olmasından xəbəri yoxdu. Hətta heç həmin insan özü də kamil olduğunu bilmir. "Sergi ata" əsərini oxuyanlar nə demək istədiyimi anlayacaqlar. Sergi ata kamil hesab olunurdu. Minlərlə insan şəfa tapmaq üçün onun hüzuruna gəlirdilər. Onu bir xilaskar, bir müqəddəs kimi görürdülər. Minlərlə insan xeyir-dua almaq üçün onun qapısı önündə gözləyirdilər. Amma Sergi ata kamil olmadığını bilirdi. Daha belə yaşaya bilmədiyini, günü-gündən daha çox hiss etməyə başlamışdı. O, belə istəmirdi. Həm də adamlar onu bir az tez müqəddəs kimi qəbul etdilər. Görünür insanların hər zaman müqəddəslərə ehtiyacı var. Bir müqəddəs sönən kimi tez başqa müqəddəs yaradırlar. Bəzən seçilən adam bu vəzifəyə hazır olmur. İnsanlar məcburən ona vaxtından əvvəl rütbə verirlər. Bir növ müharibədəki kimi. Rota komandiri vuruldusa yerinə tez kimsə təyin olunmalıdı. Beləcə rütbələr vaxtından əvvəl qalxır. Sergi ata müqəddəs hesab olunandan sonra hətta menyusunda dəyişiklik etməyə məcbur oldu. Çünki adamların qarşısına çıxmağa məcbur idi. Hərəkət edirdi. Enerji sərf edirdi. Daha tutumlu qidalar, yeməklər peyda olmuşdu süfrəsində. Bəli, Sergi ata belə istəmirdi. O, darıxırdı, bezirdi. Bəzən həzz alırdı lakin ola bilsin vicdan, ola bilsin yolu sonra qədər getmək eşqi, bu həzzi sonra qədər duymağa imkan vermirdi. Sadəcə hər şeyi atmağa, yola davam etməyə bir səbəb lazım idi. Ona pənah gətirənlərin bir çoxu doğrudan da şəfa tapdılar. Əlbəttə burda təbii ki, inam əsas rol oynamışdır. Həmçinin deyilmişdir : " Sən mənim yaratdıqlarımı sev, mən sənə o gücü verəcəyəm. "


Bir gün Sergi ata dözmədi. Hər şeyi atıb, çıxdı yola. O, dayısıqızının yanına getdi. Bu sadə bir gediş deyildi. Bu kamil hesab olunanın öz kamilliyindən xəbəri olmayanın hüzuruna gediş idi. Dayısı qızı Sergi atanı əvvəlcə dilənçi hesab etdi. Tanıdıqda isə mat qaldı. O, Tanrının bu lütfunu başa düşməkdə aciz idi. Müqəddəs bir varlıq onun kasıb qapısına gəlmişdi. Bu müqəddəs varlıq Sergi ata ondan soruşurdu: "Necə yaşayırsan, mənə də yaşamağı öyrət... "


Tolstoy üç əsərində öz həqiqətinin bədii həllini verməyi gözəl bacarıb.

1. İvan İliçin ölümü
2. Sergi ata
3. İki qoca


Tolstoy öz həqiqətinin bədii həllini çox incəliklə verirdi. Dostoyevskidə eyni proses çox kobudluqla alınırdı. Ola bilsin ki, buna səbəb onların həyatları arasındakı kəskin fərq idi. Tolstoy öz əsərləri üzərində rahat-rahat işləyə bilirdi. Dostoyevskinin isə belə bir lüksu yox idi.
Qorkinin xatirələrinə inansaq Tolstoy Dostoyevskini yazıçı hesab etmirdi. Leskovu bir yazıçı kimi daha yüksək qiymətləndirirdi. Tolstoy deyirdi: "O, heç rus dilini bilmirdi, başa düşmürəm adamlar onu niyə oxuyurlar. "


Dostoyevskinin arvadının xatirələrində isə Tolstoydan Dostoyevski barədə tamam başqa münasibət görürük. Memuarda yazıldığına görə Tolstoy Dostoyevskini böyük bir yazıçı kimi qiymətləndirib. Bu söhbət Dostoyevskinin arvadı ilə Tolstoy arasında olub. Həyatda isə bu yazıçılar heç vaxt görüşməyiblər. Bir dəfə Dostoyevski Tolstoyu uzaqdan görüb. Səhv etmirəmsə kilsədə. Onda da yaxınlaşmağa utanıb.


Bir çox yazıçılar bu qarşıdurma haqqında fikir bildiriblər. Bu qarşıdurmanı qızışdıran yazıçılardan biri də Norveç yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsundur. Knut Hamsun "Misteriyalar" əsərində Tosltoyun yaradıcılığını kəskin tənqid edir. Tolstoya gülür... Tolstoy haqqında alçaldıcı lətifə yazır. Norveç yazıçısı Dostoyevskini birmənalı olaraq yüksək qiymətləndirirdi. Dünyanın bir çox yazıçıları Dostoyevski və Tolstoy haqqında fikir söyləyiblər, məsələn Heminquey deyirdi: " Başa düşə bilmirəm, necə belə kobud və belə təsirli yazmaq olar. " Doğrudan da Dostoyevskinin dili çox pintidir. Onun dil xətaları xeyli geniş yayılmış və geniş müzakirə olunmuş mövzudur. Dialoq qura bilmir. Hamının əvəzinə özü danışır. O, istəyir ki, adamlar onun istədiyi kimi danışsın. Ağır həyat şərti, borclar, vaxt məhdudiyyəti onun tez-tez texniki səhvlər buraxmasına münbit şərait yaradırdı. O, əsərləri üzərində rahatlıqla işləyə bilmirdi. Bu haqda Dostoyevskinin arvadının xatirələrində geniş yazılıb.


Heminquey kimi səliqəli bir yazıçı üçün bu kobud səhvlər qəbuledilməz idi. Dostoyevski Tolstoy qarşıdurmasında münasibətdə yazıçılar arasında məncə ən müdrik mövqeni alman yazıçısı Tomas Mann göstərib. Tomas Mann deyir: "Bir çox yazıçılar Tolstoyla Dostoyevskini qarşı-qarşıya qoymağı xoşlayırlar. Məncə onları qarşı-qarşıya qoymaq lazım deyil. Tolstoy və Dostoyevski bir yazıçı kimi bir-birilərini tamamlayırlar."/meydan.tv

# 4814 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #