Camal Safi

Camal Safi
8 fevral 2013
# 08:00

Türkiyənin gözəl şairlərindən biri, ünlü söz adamı Cemal Safi ilə keçən ilin yazında, Ankarada tanış oldum.

Əslində biz Ankarada keçirilən “Yozqat günləri”nə dəvətliydik. Türkiyəli həmkarlardan o gün başqa bir tədbirin-Cemal Safi ilə şeir dinlətimi olacağını eşidəndə fikrimi dəyişdim.

Məsələ surətlə həll olundu, tədbirin təşkilatçısına zəng elədilər və az keçmiş tədbirin təşkilatçısı olan şair Murat Dumanoğlu otelin foyesində məni gözləyirdi.

Tədbirin başlanmasına hələ vardı. Murat bəy öz şəxsi maşınıyla Cemal Safini iş yerindən götürüb tədbirin keçiriləcəyi yerə aparmalıymış. Beləcə, Cemal Safinin sadəcə şeirlərini dinləmək istərkən, onunla yaxından tanış olmaq imkanı qazandım.

İmtahan

Ofis şəxsi mülkü xatırladan gözəl bir binadı. Qapını üzümüzə gənc, totuq bir qızcığaz acır. Dəvət olunduğumuz otaq başdan-başa kitablarla, Cemal Safinin aldığı ödüllərlə, hədiyyələrlə, rəsmlərlə doludu.

Pəncərənin önündə divan, qarşısında kiçik bir masa, divanla üzbəüz bir kreslo var. Mənə göstərilən yerdə-divanda əyləşib Cemal bəyin yeni çıxmış “Kiyametə kırk kala” adlı kitabını vərəqləməyə başlayıram.

Bir azdan Cemal bəy içəri girir. O yaşlıdı, beli hiss olunacaq qədər bükülüb, əlləri xəfifcə titrəyir. Çox səliqəli və zövqlə geyinib, üzündə yaşına yaraşmayan bir həyat eşqi parıldayır.

Sanki gənc bir adam müvəqqəti olaraq qoca roluna girib. Bəlkə də mənim bu qənaətimə səbəb onun üzünün həddən artıq nurlu olmasıdı. Bəlkə də Tanrı əsl şairlərin üzünə bu ifadəni onları fərqləndirmək üçün verir...

O qədər də gənc sayılmayan Murat bəy şairi görən kimi ayağa qalxır, ehtiramla onun əlindən öpür. Mənim Azərbaycandan gələn bir şair olduğumu, onun şeirlərini çox sevdiyimi, tədbirdə iştirak etmək istəyimi söyləyir.

Onunla öz adətimizə uyğun əl tuturam. Cemal bəy keçib öz yerində-mənimlə üzbəüz kresloda oturur. Nəzakətlə yolçuluğun necə keçdiyini, uçaqla, yoxsa “qara yolla” gəldiyimi, harada yaşadığımı xəbər alır.

Murat bəy harasa çıxır. Ortaya sükut çökür. O üzünü pəncərəyə tutub xəyala dalır, mən onun kitabını vərəqləyirəm. Hərdən fikirli-fikirli, yuxuda danışırmış kimi suallar verir:

- Səhər, hecemi, yazarsın, ağ şiirmi?

- Daha çox heca yazıram, hocam.

- Səncə, hansı daha zor?

Diqqətlə üzünə baxıram, onun üzü sadəcə maraq ifadə edir, özünə şagird seçən ustad marağına bənzər bir şey.

- Mənə qalarsa, güclü bir fikir demək üçün heca daha zor, hocam.

- Ne kadar zor, mesela?

- Cizgidə yürümək qədər, ustad.

Üzünə məmnun bir ifadə yayılır:

- Haklısın.

Otağa ucaboy, incə bir qız daxil olur. Cemal bəyin köməkçisi-Gül Demir. Mənimlə tanış olur. Sonra şəfqətli bir təbəssümlə şairin özünü necə hiss elədiyini soruşub otaqdan çıxır.

Bayaq qapını acan qız çay gətirir. Bizim armudu stəkanlarımızdan da balaca armudu stəkan, kiçik nəlbəki, iki parça qənd, bapbalaca çay qaşığı. Türkiyədə istifadə olunan bu çay dəsgahı həmişə yadıma uşaqlıqdakı oyuncaq qablarımı salır.

Ərkim çatan yerlərdə “Bu nə ya, bununla bizlərdə vodka içirlər” deyə zarafat elədiyimdən, növbəti dəfə mənə çayı böyük stəkanda, qəndi də qənddanda gətirirlər.

Amma indi səsimi çıxarmıram, oyuncağa oxşayan armudu stəkandakı çayımı içməyə başlayıram.

Cemal bəy ədəbiyyatdan, şeirdən, əruzdan, hecadan danışır. Türkiyədə son dövrlər klassik şeirin sıxışdırılmasından, kitab satışının zəifləməsindən gileylənir. Qəfildən yenə suala keçir.

Üzündə ağıllı cavab eşitmək istəyən müəllim ifadəsi.

- Səncə, qafiyə nə kadar önəmli şiir için?

Bu sual yadıma “ədəbi aforizmlər” silsiləsiylə bir vaxtlar çap etdirdiyim, artıq gözümdən düşmüş bir fikrimi salır. Hazırcavab görünmək üçün yox, ona xoş gəlmək üçün də deyil, sadəcə yaxşı cavab eşitmək istəyini təmin etmək üçün həmin cümləni deyirəm:

- Məncə, qafiyə şeirin pasportudur.

Ox hədəfə dəyir. Müsahibimin üzündə təbəssüm oyanır.

- Bravo, Səhər. Peki, bunu nədən ağ şeir yazanlar anlamaz?

Gülüşürük.

Murat bəy içəri girir:

- Ooo. Siz ne çabuk kaynaşmışsınız?

Sonra olduqca ehtiyatla şairə tədbirin vaxtının yaxınlaşdığını söyləyir. Qalxıb otaqdan çıxırıq.

“Muhabbet sokağı numara doksan”...

Yaraşıqlı, dəmir hasarla əhatə olunmuş dördkünc həyətdə dayanmışıq. Cemal Safi, Gül Dəmir, adını bilmədiyim totuq qızcığaz və mən. Murat bəy bir az uzaqda saxladığı maşınını gətirməyə gedib.

Cemal bəy yenə qəfildən sual verir:

- Dinlətidə hansı şiirimi söyləməmi istərdin?

Cavabında onun “Ya evdə yoksan”ından bir parça söyləyirəm:


Elbisem gündelik,pabucum delik,
Haberin olsa da sobayı yaksan.
Yağmur iliğime geçti üstelik,
İçim ürperiyor ,ya evde yoksan .

Qoca şairin üzündə yenə o cocuksu təbəssüm parlayır və başlayır mənə illər öncə yazdığı o şeirin, özü demiş, “öyküsünü anlatmaga”.

“Yağışlı bir gündü, evdəydim. Pəncərədən çölə baxırdım. Yağışın altında təpədən-dırnağa ( o sırım-siklak –deyir. S.Ə) islanmış gənc bir adam dayanmışdı. Bir anlıq göz-gözə gəldik, dünyası alt-üst olmuş kimi bir halı vardı. Üzünü sol tərəfdəki qapıya tutub qapının üstündəki yazını oxudu, sonra yenə mənə baxdı, sonra sağ qapının üstündəki yazını oxudu. Yenə mənə baxdı.

Pərdəni çəkdim. Bir azdan maraq yenə güc gəldi. Yenə pəncərəyə yaxınlaşdım. Adam hələ də qərarsız şəkildə yağışın altında dayanmışdı.

Bir müddət onun sifəti gözlərimin önündən getmədi. Düşündüm ki, bəlkə də sevgilisindən ayrılıb, bəlkə uzaq səfərdən geri dönüb və beləcə həmin şeir yarandı”.

Heyrətlənirəm. Bu şeir o qədər içdən yazılıb ki, mən onun müəllifin öz yaşantısı olduğuna inanmışam. Cemal bəy ürəyimi oxumuş kimi əlavə edir:

“Bir çoxları bunu mənim öz yaşantım olmasına inanır. Bu şeirdə belə bir yer var:

Yanlış mı aklım da kaldı acaba?
Muhabbet sokağı numara doksan...


Bir oxucum uzun illər bu ünvanı axtarmış, əslində mövcud olmayan, uydurma bir ünvanı...”

O da senin gibi “mənə” derdi

Zal ağzına qədər doludu, arxada, qapının ağzında tələbələr ayaq üstdə dayanıblar. Cemal Safi yorulmaq bilmədən oxucuların istədiyi bütün şeirləri söyləyir, onlarla zarafatlaşır, əhvalatlar danışır. Əlində nə bir kitab var, nə bir qeyd.

“Kainatın ulu imperatoru” şerini deyərkən birdən duruxur, bir misranı xatırlaya bilmir, gözüylə ön sırada, məndən azca aralı oturmuş, başı söhbətə qarışan Gül Demiri axtarır. Və elə səhnədən ona səslənir:

- Nerde benim assentim?

Sonra “Git” şerini istəyir oxucular. Şeiri söyləməzdən qabaq duruxur:

- Bu gün ayın birimi, bu şeri yazdığım qadının dogum günü bu gün.

Ön sıralardan kimsə söz atır:

- Hocam, ikizlermiydi?

- Yoksa sen de ikizlermisin? Bürcünüz batsın, kitapsızlar!

Gülüşmə qopur.

Sonra heç gözləmədiyim halda mənə söz verir. “Əzizim” şerini deyirəm. Bir şeir də istəyir. “Azdım ürəyimin küçələrində” şerini söyləyirəm. Şeri deyə-deyə bəzi anlaşılmayacaq sözləri uyğunlaşdırıram.

Tədbirdən sonra üst qata çıxırıq. Üst qatda kitab və rəsm sərgiləri yerləşir. Heyranları Cemal bəylə şəkil çəkdirmək üçün növbəyə düzülüb. İmkan tapıb şəkil çəkdirmək üçün ona yaxınlaşıram.

-Səhər, sizde “azizim” farklı anlamda oylemi?

-Evet, hocam, bizdə bir az fərqli, sizin “canım” kəlməniz kimi.

Yenə xəyala dalır, gözləri yol çəkir elə bil.

- Galiba, benim babam da Azərbaycanlıydı, o da senin gibi “mənə” derdi.

-Galibamı?-deyə çaşqınlıqla soruşuram.

Amma o sualıma cavab vermir, başqa söz deyir:

- Bilirmisin, aslına bakarsın, şiir bize sizden gelmiş...

Heyranları aramıza girib söhbətimizi yarımçıq kəsir. Kitab sərgisinə tərəf gedib bir neçə kitab seçirəm. Üç nəfər gənc bu arada mənə yaxınlaşır:

- Kalbimin sokakları güzeldi, hocam, konlunuze saglik!

“Kalbimin sokakları”. Bu ifadə qulağımda çox şirin səslənir. Kitabıma ad tapıram axır ki...

“Bu artık bunadı”deyən dostlar

İkinci dəfə Cemal bəylə keçən ilin noyabrında “Kapadokya uluslarası şiir şöleni”ndə rastlaşırıq. Daha doğrusu, bu təklifi daha çox Cemal bəyin də orda olacağını bildiyim üçün qəbul edirəm.

Kapadokyaya günorta çatıram. Oteldə heç kim yoxdu, yaxınlıqdakı restorana yeməyə gedib hər kəs. Mən restorana çatanda nahar bitmək üzrədi. Ofisiant məni yeni açılmış bir masaya dəvət edir:

- Bura buyurun, Ankara ekipi de yeni geldi, zaten.

Ankara ekipi köhnə tanışlardı; Cemal Safi, Murat Dumanoğlu və Gül Demir.

Keçib onlarla üzbəüz otururam. Yemək yedikləri üçün başımla salamlaşıram. Beynimdən bir sual keçir: “Məni tanıdımı?”

Gül Demir fikrimi oxumuş kimi ona tərəf əyilir:

- Hocam, tanıdınızmı?

O cavab vermir. Sadəcə həmin nurlu ifadə ilə gülümsünür üzümə:

- Nasılsın, Səhər?

Kapadokyada daha çox ilgi görür Cemal bey. Türkiyənin hər tərəfindən, Orta Asiyadan gəlmiş şairlərdən, yerli əhalidən, jurnalistlərdən, tələbələrdən. Tədbirlərdə, gəzilərdə, yemək fasilələrində hər kəs yaxınlaşıb ehtiramla əlini öpür şairin.

Üç günlük tədbirlərdə saatlarla səhnə alır qocaman şair. Eyni istəklər üzərinə eyni şeirləri dəfələrlə eyni həvəslə, eyni peşəkarlıqla söyləyir.

Oxucularıyla çox səmimidi Cemal Safi. Onlara sevdiyi qadınlardan, gənc ikən tutulduğu “qara sevdadan”, depressiyaya düşməsindən, alkoqolizmə tutulmasından danışır. Hətta yaxın adamlarının, hər cür kömək göstərdiyi dostlarının onun arxasınca “bu artık bunadı”, “aklını itirdi” deməsindən. Sonra isə öz möhtəşəm ifa tərzi ilə zalı silkələyir:

Git iş işten geçmeden, çok geç olmadan vakit,
Günahıma girmeden, katilim olmadan git!


Git de şen şakrak geçen günlerine gün ekle,
Beni kahkahaların sustuğu yerde bekle.


Mademki benli hayat sana kafes kadar dar,
Uzaklaş ellerimden uçabildiğin kadar.

Hadi git, benden sana dilediğince izin,
Öyle bir uzaklaş ki karda kalmasın izin.

Hadi git, ne bir adres, ne bir hatıra bırak,
Zannetme ki, pişmanlık, mutluluk kadar ırak!


Henüz layık değilken tomurcuk kadar aşka,
Sana gül bahçesini kim açar benden başka!

Hercai arılara meyhanedir çiçekler,
Kim bilir şerefinden kaç kadeh içecekler!

Mademki aşk tablosunun takdirinden acizsin,
Git de çağdaş ressamlar modern resimler çizsin.

Ne vedaya gerek var, ne de mektuba hacet,
Git de Allah aşkına bir selama muhtaç et!

Güllere de aşk olsun gene sen kokacaksan!
Fallara da aşk olsun gene sen çıkacaksan!

Kopsun nerden inceyse artık bu bağ, bu düğüm!
Her gece daha berbat, daha vahim gördüğüm.

Korkulu düşlerimi yorumdan kaçırıyorum;
Sırf sana üzülüyor, sırf sana acıyorum!

Git iş işten geçmeden, çok geç olmadan vakit,
Günahıma girmeden, katilim olmadan git! ...

Bəzən bütün zal onu ayaqda alqışlayır. Şairin üzündəki məmnunluq ifadəsini seyr edə-edə öz yaşlı şairlərimizi düşünürəm. Biz nədən onlara qarşı belə sayğılı ola bilmirik. Onların dəyərini vaxtında vermirik, görəsən?!

Kapadokyadan ayrılanda hər kəslə bir-bir vidalaşır Cemal Safi.

Onunla yenə öz adətimizə uyğun əl tuturam. Bəlkə kənardan baxanlar qınayır məni, buna görə. Amma bilirəm ki, o məni anlayır. Mənim onu anladığım kimi...

# 3792 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #