Sabir - Azərbaycan cəmiyyətinin diaqnostiki  

Sabir - Azərbaycan cəmiyyətinin diaqnostiki  
26 yanvar 2018
# 10:10

Şəhriyar del Gerani

İ. Kalvinonun sözü olmasın, deyir: “Fransada Balzakı məktəbdə oxumağa başlayırlar; kitab bazarındakı nəşrlərin sayına baxıb ehtimal etmək olar ki, fransızlar məktəbdən sonra da Balzakı oxumağa davam edirlər. Amma İtaliyada sosial bir sorğu keçirilsə, təəssüf, Balzakın adı son sıralarda olacaq”.

İndi, ey əzize-mənlər, Azərbaycanda Sabiri orta məktəbdə oxuyurlar. Kitab bazarındakı nəşrlərin nüsxəsinə baxsaq, aydın görərik. Gedin istənilən nəşriyyatın basdığı Mirzə Ələkbər Sabir imzalı kitablara baxın – 1000 nüsxə. Keçən həftə “Qanun” nəşriyyatının yarmarkasında görmüşdüm “Hophopnamə”ni. Baxdım, 2012-ci il nəşri, 1000 nüsxə.

Yəni keçən 6 il ərzində Sabiri kitabdan, belə deyək, konseptual olaraq oxumağa cəhd eləyən 1000 oxucu yox hələ də. Kitablar piştaxtada “Bir dövrdə kim, sidqü-səfa qalmayacaqmış, Bilməm belə dövranları neylərdin, İlahi?” – deyə bağırmaqda. Hərçənd, min-min şükür, məmləkətin nüfuzu 2017-nin 1 dekabr statistikasında 9 milyon 822 nəfər.

Elə bu üçcə abzası oxuyan istənilən biriniz elə üçüncü abzasın vergüllərindən birinin dalından çıxıb soruşa bilər: “Alə, nə demək istəyirsən?”

Cavab: Əvvəla, “alə” özünsən, ikincisi, demək istəyirəm ki, açdığınız bütün polemikalar süni və lokaldır. Süni və lokaldırsa, məhəlli və saxtadır demək. Saxtadırsa, o zaman mən bu yazını bakılılar demiş, nöş yazıram? Heç nə, ayın axırı yaxınlaşır, qonorar üçün. Bu da mənim sosial həqiqətim.

Rast, belədir, öz sosial həqiqətimdən çıxış edib deyə bilərəm. Ki, çox təəssüf və təəccüb, Sabir hələ də Azərbaycan cəmiyyətinin son dərəcə dəqiq diaqnostiki kimi qalmaqda.

Azərbaycan insanı kitab oxumur. Heç kim oxumur. Nə oxucu oxuyur, nə jurnalist, nə polis, nə yazıçı, nə məmur, nə də naşir. Aşağı-yuxarı bütün təbəqələrlə ünsiyyətdəyəm. Heç kim oxumur. Ol səbəbdən bu güruhla əl-qətiyyən vəl-əşədənbillah mübahisə etmirəm. Ümumiyyətlə, nadanla mübahisə etməyi heç kimə məsləhət görmürəm. Nədən ki, kənardan baxanda kimin nadan, kimin vaqif olduğu görünmür.

Deyirəm, Azərbaycanda heç kim oxumur. Nə tele-jurnalist, nə radio dicey-micey, nə kitabxanaçı, nə də ay nə bilim nəçi. Amma istənilən şairin, istənilən yazıçının təfəkkür müzakirəsinə qoşulmaq həyasızlığını özündə tapır. Məqsəd də bu: Təki qanqaraçılıq olsun!

Əl-qərəz, qoy hər kəs öz bataqlığında xoşbəxt olsun. Biz keçək qeyri-qurbağaye mövzumuza.

Azərbaycan cəmiyyətinin rifahı yalnız və yalnız Sabirin aktual olmadığı dövrlərdə. Nə yazıq, az qala 150 ildir Sabirin yazdıqları bizim məlum və məşum cəmiyyətin aktual güzgüsü. Xahiş edirəm bu cümlədəki “güzgü” sözünü məxsusən yadınızda saxlayın.

Sabir nə deyirdi?

1. Oxuyun.

2. Mövhumatdan uzaq olun.

3. Azyaşlı qızları ərə verməyin, ilk növbədə təhsil verin.

Əl-əlbət, bu sıralamanı riyaziyyatın bizə verdiyi imkanlardan dolayı uzatmaq mümkün. Di gəl, biz, ədəbiyyatın verdiyi imkanlardan danışırıq.

Yaxşı, bəs, biz nə deyirik? Məsələn, Sabiritənqid tendensiyasının banisi, mərhum yazıçı dostumuz Rafiq Tağı nə deyirdi? Məgər, Rafiq bəy bunlardan savayı nə isə deyirdi mi? Əsla!

Bu yerdə əlahəzrət məntiq demonstrativ pronounsca qulağıma pıçıldayır: Rafiq bəy qarışıq bütün çağdaş maarifçilər Sabiri üzünə ələk kimi tutmalı və cəmiyyətin qarşısına böylə çıxmalı. Nədən ki, Sabir ağrıları hələ də bütün düşüncə adamlarının iliklərində.

Sən nə vaxt bu ağrılardan qurtuldun. Ki, Sabirin bir şair kimi estetik inkarına qalxdın? Sən hələ bir maarifçi kimi Sabirin dediklərini cəmiyyətə eşitdir, aydın bir ortam yarat, daha sonra şair kimi bədii-estetik təyinini verərsən, ey dust. Və nə qərib bir olay – Sabirin, “Harda müsəlman görürəm qorxuram!” nidası bir əsr sonra bıçaq formasında Rafiq bəyə sancılır. Sabir bəy məhz bu xurafatı ötürmüşdü mistik-diaqnostik mətniylə. Görünür bizdən daha yaxşı tanımışdı Azərbaycan cəmiyyətini. Rafiq bəy Sabirin onillər öncə yolumuza tutduğu həmin o aktual güzgüyə baxmalıydı. O güzgünün əks etdirdiyi cəmiyyəti görməliydi. Baxmadı, o güzgünü sındırmağa qalxdı. Və… hamımızı sındırdı öz dəhşətli taleyilə. Rafiq Tağının taleyi aşağı-yuxarı çağdaş ədəbiyyatın taleyi idi. Rafiq bəyə vurulan xurafat bıçağı hamımıza dəydi, hətta Sabirə də. Amma təkcə Rafiq Tağı dünyasını dəyişdi. Ruhumuz şad olsun!

Qəti şəkildə bədiiliyə getmədən publisistik yazıya davam edirəm.

Elə indicə bayaq üçüncü abzasın dalından çıxıb sual verən yoldaş gözlənilməz şəkildə ikinci sualını ünvanladı.

Sual: Klassikləri tənqid etmək olarmı?

Cavab: Sənətə çevrilə bilən hər şey olar!

Axundovun Füzulini inkarı izmə çevrildi. Sözün böyük mənasında ədəbiyyat qazandı. Şimdi Füzuli də yerində, Axundov da. Di gəl, ol mübarək inkar estetikaların savaşı deyildi, bədii-intim münasibətiydi. Həmin münasibətdən dramaturgiya kimi, realizm kimi nəsnələr doğuldu. Bəs Sabiri inkardan nə doğulacaq?

Sabir estetikasıyla hazırkı vaxtda bədii-intim münasibətə girmək qəti şəkildə gərəksiz.

Sabir deyir: Oxu! Sən nə deyəcəksən? Deyəcəksən, Oxuma?

Sabir deyir:

“Ay nənə, bir qırmızı saqqal kişi!
Ağzu dualı, qoca baqqal kişi!
Gah başımı, gah gözümü əlləyir,
Gah budumu, gah dizimi əlləyir,
Gah çənəmi, gah üzümü əlləyir,
Bir para söz də deyir ehmal, kişi,
Ağzı dualı, qoca baqqal kişi!..”

Sən nə deyəcəksən? Deyəcəksən, yox, get pedofil ol?

Tam səmimi deyirəm, şəxsən mən, bir şair kimi, yazıçı kimi Sabir estetikasıyla istər bədii-intim, istərsə də sosial-ictimai inkar münasibətinə girmək müstəvisində impotentəm.

Başqa heç nə…

# 2932 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #